A+    A-

Qara buludlar (Rəşid Bərgüşadlı)

İki gündü cəngəlliklərdə sürünməkdən, yarğanlarda iməkləməkdən üz-gözü, dizi-dirsəyi cızıq-sıyrıq olmuşdu. Gün əyilmişdi, bu halətdə qarşıdakı sıldırım yarğanları keçə bilməyəcəkdi. Acından bağırsaqları quruldayırdı. “Sabah rahatca qoşunu qabaqlayaram” – tanıdığı kahaya girdi, yol boyu topladığı şampinyon göbələklərini çuxasının cibindən boşaldıb ocaq qaladı. Qoltuq cibindən yastı şüşəni çıxardı, çəkmə araqdan bir qurtum aldı. Yorulanda içirdi, bu onu özünə qaytarırdı, yorğunluğunu çıxarırdı, insafı özündən qovmağa kömək edirdi. Ağzının pis qoxusunu özü də hiss etdi – “Elə bil öd içmişəm, tərləmiş atın iyini verirəm”. Səliqəsiz saqqalı zəhmli üzünün olan-qalan nurunu da gizlədirdi. Enli çiynindən, əzələli biləyindən güclü adam olduğu aydın sezilirdi. Boynu demək olar ki yox idi – sanki, başı, çiyninin davamıydı. Köhnə çuxası əyninə dar idi, altdan hərbçi köynəyi geymişdi, belə köynəyi zabitlər geyirdi. Müharibənin qıraq-bucağında veyllənsə də qan-qadanın qoxusuna alışmışdı – eynən döyüşçü kimi zirək, qorxmaz və iradəliydi. “Məndən yaxşı döyüşçü olardı” – o buna əmin idi və bir-birinə girmiş qoşunu kefikök  izləyəndə hərdən dilinə də gətirirdi.

Müharibənin bir qorxunc eybəcərliyi də ondadır ki, ölənləri vaxt itirmədən qarət edirlər. Döyüşün dinən vaxtı Günəşin çılpaq cəsədləri işıqlandırması adi mənzərədir. Çoxu elə bilir ki, bunu edən qalib ordunun əsgərləridir. Amma yox, belə deyil – gündüzkü qəhrəmanlar gecə goreşən, xortdan ola bilməzlər. Bunu edənlər ordunun arxasınca yorulmadan quyruq kimi sürünən, əsgər paltarı geymiş qarətçilərdir. Hətta bunlardan bəziləri at arabalarında ailəvi olaraq kaftar sürüsü kimi ordunun həndəvərində veyllənir. O da müharibədən dolanırdı, qoşunun dalınca sürünən qara kölgəydi o da. Qoşun irəlilədikcə ölənləri soyub-talayır, qəniməti dəyər-dəyməzinə satırdı. Çox vaxt elə qabaqdakı döyüşçülərə satırdı. Onun kimilər bəzən bələdçilik etdikləri əsgəri də yuxuya verib üst-başını oğurlayırdılar. O isə başqalarından azca insaflıydı. Deyək ki.., can verən yaralını qarət etməzdi – “Heç olmazsa belədə günahım az olur” – bundan təsəlli tapırdı. Onun əsgər geyim-gecimiylə işi yox idi, ancaq ciblərinə, üst-başlarına baxırdı. Geridə qalanlar isə meyidləri tamam soyundururdu – “Hələ içlərində meyidlərlə iyrənc əlaqəyə girən bir çolaq da var deyirlər”. Bir dəfə bir əsgərin ciblərini yoxlayanda görmüşdü ki, o, hələ sağdır və ayağının biri dizdən aşağı dəridən sallanıb qalıb. Onunla oturub son dəqiqələrini bölüşmüşdü, ona xeyli toxtaqlıq vermişdi. Əsgər ondan xahiş etmişdi ki, onun ayağını kəsib dəfn etsin. Onun arzusunu dinməzcə yerinə yetirmişdi. Axşamçağı əsgərin huşu özünə qayıdanda az qala sevincək ona demişdi ki, onun ayağı axirətdən onu çağırır. O zaman axirət barədə düşünməyə cəhd eləmişdi, amma, – “Boş cəfəngiyyatdır!” – deyib əlini yelləmişdi. Gecə qızdırma içində öləndən sonra isə əsgərin nişan üzüyünü barmağından çıxarıb heybəsinə atmışdı.

Döyüşün qızğın vaxtında əsgərlərdə onları cəzalandırmağa vaxt və həvəs olmurdu. Amma ələ keçəndə adamı xəncərdən keçirirdilər. Bir dəfə az qalmışdı canından olsun, amma ordunun döyüş bayrağını qoşuna çatdırmaq adıyla salamat qalmaq o yana dursun, hələ ağlayıb-sıtqıyıb zabitdən az da olsa ənam qoparmışdı. Sonra da qayıdıb güllələnən məsləkdaşlarının cəsədlərindən xeyli pul, daş-qaş toplamışdı.

Geriyə çəkilən qoşunu görməyə gözü yox idi, – “Qoşun ya tamam məhv olar, ya da düşməni məhv edər!” – buğlanan qanlar, insan cəsədləriylə doldurulmuş çalalar, anaların göz yaşı onun inamı qarşısında boş əfsanəydi. Qələbə və məğlubiyyət – bunlar da  onun üçün boş və mənasız boşboğazlıq idi, – “Təki qənimət bol olsun!” – onu maraqlandıran təkcə bu idi. Karlı qənimət əldə edəndə onu yağmaçılardan qorumaq üçün günlərlə ac, yuxusuz qala bilirdi, ta ki, yığdıqlarını xırıd edənədək boqazından loxma keçməzdi və bu arada zərrə də olsa gücü azalmazdı. Keçmişdəki qanlı müharibələrə dair məlumatları həvəslə öyrənirdi.  Ən çox Vaterlo döyüşünə həsəd aparırdı, – Müharibə də müharibədir ha.., yüz qırx dörd min nəfərdən altmış min ölü… Kaş ki, Napoleonun, İskəndərin, Sezarın dövründə yaşayaydım…  – deyirdi.

Göbələkləri ocaqda yarıçiy bişirib yedi, araqdan iki qurtum da içdi, əllərini başının arxasında çataqlayıb uzandı – “Hava işıqlanmamış yola çıxaram, sübhədək qoşuna çatmalıyam”. Qoltuğunun qoxusu buğlanırdı. Alaçıqda qoyub gəldiyi arvad-uşağını, qoca anasını düşündü. Hər dəfə səfərdən qayıdanda arvadı bir həftə istəmirdi ki əri ona yaxın dursun. Arvadının gözüylə özünə baxanda öz idbarlığıyla razılaşırdı. Arvadı vırt-vırt qadın olsa da ondan it kimi qorxurdu. O isə arvadını çox istəyirdi, – “Dünyanı gəzsəm, sənin kimi qayğıkeş qadın tapammaram” – üzünə deyirdi. Amma arada içib beyni çönəndə sabah ayılıb görürdü ki, dünən yazığın gözünün altını göyərdib, kürəyini qançır-qançır eliyib. Ölümcül qarətdən evə qayıdanda çul düşürdü, iki gün sərasər daş kimi yatırdı. Elə arvadını son iki uşağa boylu buraxanda da onun yatağına heç ağzını belə açmadan girmişdi. Arvadı ondan iki şeyə görə ayrı yatırdı –  ərinin ağzı pis iylənirdi, ikinci də gecələr dəli kimi sayıqlayıb bağırırdı.  Bir ara az qalmışdı ki, arvadının təhrikiylə döyüşçü kimi orduya yazılsın, amma köhnə həsir kresloda yellənə-yellənə, – “Dəlisov igidlik ağıllı adam işi deyil!” – fikrindən vaz keçmişdi. – Gecələr kişilənib, gündüzlər xəncər yarasından büzüşən adam bədbəxtdir,  gülməli cəsarətdir – arvadına başa salmışdı. – Amma yaxşı qazanc götürmək üçün vaizlik yaxşı sənətdir – buna həvəsi vardı, anası da bu işə razıydı. Həm də yaralı əsgərlərin çoxu son nəfəsində ondan onun üçün dua oxumasını istəyirdilər. Ona da arvadı razı olmadı, – İnsanlar bir-birinə kömək etmək barədə moizələrə sakitcə qulaq asır və susur. Yalanla adamların beynini doldurmaq kişi işi deyil. Sənin kimi qaradinməz adama vaizlik heç yaraşmır – arvadının bu fikriylə razılaşırdı ki, o, moizəylə insanların ruhunu tərpədə biləcək adam deyildi.  – Həm də, nədənsə qatı dindarlar həmişə küfrlə danışan olurlar. Heç indiyədək keşişin, mollanın öldüyünü görməmişəm – dindar qaynatasına işarə edib arvadını cırnadırdı. Arvadı isə ona, – Xudpəsənd donuz! – deyəndə zarafatla ətli əndamına sillə ilişdirmişdi.

…Öz xorultusuna yerindən dik atıldı. Qoltuğundan axan tərin böyürlərindən üzüaşağı  necə diyirəndiyini hiss edirdi. Yuxuda görürdü ki, şeytan onun belinə minib dördnala çapır, durmadan buruntağını dartıb kələyini kəsir. Döyüşdən fərari kimi qaçırdı, amma o sevinirdi, çünki onu arxadan gülləborana tutmuşdular və güllələr şeytanı dəlik-deşik etmişdi – “Son nəfəsində şeytana papış tikməyin özü də bir işdir…” – şeytanın bayaqkı halına dodağı qaçdı.

– Əclaflar məndən qabağa düşəcəklər. Bircə ölüləri tez toplayıb basdırmayaydılar… – qəməsini qınına taxdı – işi ölülərlə olsa da hələ indiyədək kimisə öldürməmişdi, amma qəməsini hər ehtimala qarşı həmişə özüylə götürərdi. “Görəsən qoşun çoxmu irəliləyib?” –  İlahi, özün mənə kömək elə, məni əliboş qoyma – kahadan çıxıb təzədən dolanbac cığırı aldı əlinə.

Gün üfüqü qızardanda addımlarını yeyinlətdi, indi az qala qaçırdı, – “Köstəbəklər cəsədləri soyundurmamış çatmalıyam”.  Gün təzəcə özünü göstərmişdi ki, at nalının səsinə cəld özünü verdi yoğun vələs ağacının arxasına – “Yəqin fəraridir. Bəlkə də qarətçilərin dalına düşüb…” – gözünün yanıyla səs gələn səmtə baxdı. Yəhər-yüyəni qarnının altına əyilmiş atın üstündə kimsə yox idi. Ehmalca özünü ata göstərib –  “tufş-tufş…” – onu sakitləşdirməyə çalışdı. Heyvan qorxsa da deyəsən onun kimi birinə ehtiyacı vardı – sakitcə fınxırıb tutduruq verdi. Uslufca ata yaxınlaşdı, xaltasından yapışdı. At yenə fınxırdı, amma ona tabe oldu, – “Atlara bir sahib lazımdır. Onu kimin mindiyinin heç bir dəxli yoxdur, yetər ki, otunu-suyunu vaxtında versinlər və bir az insaflı davransınlar”. Atın yalını sığalladı, – “İlk qənimətim uğurlu oldu. Nə qədər istəsəm heybəmə qənimət toplaya bilərəm indi”.

Bir az dincini alıb atı geriyə səyirtdi. Qarşıdakı dağın arxasında döyüş topları qəfil gurladı. Ayğır gözləyən madyan kimi həyəcandan gözü dörd oldu – “Topçu üçün adam öldürmək daha rahatdır – o ancaq fitili yandırır və qalanı öz-özünə baş verir. Amma nizəylə, qılıncla adam öldürmək zülmdür” – beyni indi daha sürətlə işləyirdi və atı daha bərk dəhmərlədi. Bir azdan qarşıdan qəfil dovşan çıxdı, sanki atı görmürdü – düz onun üstünə götürülmüşdü, – “Zavallı, gör necə devikib, elə bilir ki, bu boyda ordu onu ovlayır. Bəlkə də yuvası, balaları qoşunun ayaqları altında qalıb məhv olub”… Atın taladan gələn şaqqıltıya devikməsinə diqqəti yayındı. Böyürtkənlikdən zarıltı gəlirdi. Atı ağaca bağladı, səs gələn tərəfə cumdu. Onun atının sahibi idi. At döyüşçünü xeyli sürümüşdü, – “Ayağı üzəngidə ilişibmiş”…  – yaralını tapdı. Onun sinəsinə ağac budağı pərçimlənmişdi. Öz ciyərlərinin qanını içən yaralı yerdə xırıldayırdı. Sarı saçı, işıqlı üzü vardı. Ağrılar ona əzab verir, onun döyüşçü qürurunu alçaldır, ölümünü ləngidirdi. Yaralı gözlərini bərəldib ondan imdad istəyirdi. “Dua istəyir” – yazığı gəldi əsgərə. Dua bilmədiyinə üzüldü, –  “Dua ölüm yükünü azaldır, təskinlik gətirir, kaş ki bir-iki dua biləydim!” – onun gücənən sifətinə əyildi. O isə qanı ağzında lopalayıb tüpürmək istəyirdi. Tüpürcək onun son sözüyüdü – dünyaya deyəcəyi son sözü… Yaralının sinəsindən qırıq budağı dartıb çıxardı. Döyüşçünün xırıltısı bir andaca gücləndi və elə bil bir qurtum sərin su kimi son nəfəsini uddu. – “Kaş o dünya yalan olmayaydı, ömrlərinin qalanını orda davam edəydilər”. Meyidin üst-başını axtardı. Bir azca pul, bir də əsgərin cavan bir qızla yanaşı şəklini tapdı. Şəkildəki oğlana, bir də meyidə baxdı, – “Əlbisəsiz daha yaraşıqlıdır. Bu da yəqin sevgilisidir, ya da arvadı…” – meyidin gözlərini qapadı, – “Gör necə qüssəlidir – lap günah hissi ilə yaşayan insan kimi”… İlk qəniməti cibinə, şəkli isə meyidin sinəsinə qoyub durdu. Bütün döyüşçülər kimi bu cansız döyüşçünün də sifətində eyni sual donub qalmışdı,  – “Bayaq mən sağ idim axı”…

…Yalı aşanda çöldə qara bulud kimi bir-birinə girmiş qoşunun qaldırdığı tozanağı gördü, atını yavaşıdıb daldaya çəkdi. Tozanaqdan geridə yerə sərilmiş qara ləkələr idi onun hədəfi. Vuruşanların söyüşü tonqaldan sıçrayan köz kimi ətrafa səpələnirdi. Gün qalxmışdı. Bumbuz meyidləri yuxarıdan günəş qızdırırdı, yerdən isə torpağın nəfəsi. “İstidə müharibə daha acınacaqlı olur, qarda-şaxtada adama elə gəlir ki, müharibə uşaq oyunudur” –  atı cidarladı, özünü iri qayanın tutqun kölgəsinə verdi, – “Burda məni kimsə görə bilməz”. Qoltuğundakı şüşəni götürüb başına çəkdi,  – Bu dağlarda qəhrəmancasına həlak olanların şərəfinə içirəm – şüşəni sonunadək boşaldıb biləyilə ağzını sildi.  – Gör bir necə nərə çəkirlər, anaları görsə, doğma balasını tanımaz. Heyif sizin kimi igidlərə. Ananızın əziyyətinə heyif, sizi böyüdənə qədər nə əziyyətlər çəkib…

Qoşunun bir tərəfi geri çəkilirdi, – “Qaralar indi meydandan qaçacaq” – tezliklə qanlı yaxalıqları qurcalamaq, cibləri eşələmək üçün əlləri gicişir, yerində qurcuxurdu. Arxada qalmış yaralıların zarıltısını, iniltisini aydınca eşidirdi. – “Görəsən neçə igid bu gecə ayın çıxmağını görməyəcək?”…  – araq onun ruhunu qıcıqlandırırdı, ürəyi yumşalırdı, yerdə sərili qalmış döyüşçülərə, yaralılara rəhmi gəldi.  İşi riskli və qazanclı olsa da, nə qədər təmkinli görünsə də hərdən yuxuda hamının gözü qarşısında özünü meyid soyan görəndə yuxudan dik atılırdı, gün boyu özünə gələ bilmirdi. Günahı qovmaq üçün bacardığı qədər içirdi, araq isə hərdən tərsinə işləyirdi. Mərhum atası onu dinə qarşı nifrətlə böyütmüşdü. Amma anasının gözlərindəki tanrı qorxusu hərdən ona da sirayət edirdi. Tanrıya sarı boynunu uzadanda atasının nifrəti onun qabağını kəsirdi. Sadəcə istəyirdi ki, tanrı ona azacıq təskinlik versin. Can verən adamın gözlərinə baxmaq onu çox üşüdürdü – “Bir gün o əzabı özüm də yaşayacağam. Tanrının mənim dualarıma ehtiyacı olmasa da nəzakət xatirinə dindar olmağa dəyərdi – ən azından, tanrı çox ədalətlidir” –  tanrı onun inamsız qəlbində bir xeyli gözlədi, gözlədi, sonra bezdi və  getdi.

Atın fınxırtısına çöndü. Zavallı heyvan yenidən döyüşə atılmaqdan qorxurdu. – Qorxma, sən bir daha xəncər-nizə yarası almayacaqsan. Müharibə şərin zəfəridir, imkan vermərəm ki, şərin günahsız qurbanı olasan – atın yalını sığalladı. Altı tuluqlamış gözünün şişini sıxdı. – “Zalım durduqca, zülm də var, müharibənin ömrü zalımın ömründən də uzundur” – hücuma keçən əsgərlərin sevincinə boylandı. – Hə, başlandı! – ağlar qaraları qovmağa başlamışdı.

– Müharibə vəhşiliyinin  kölgəsində mənim günahım heç nədir! Tanrı məni istədiyi üçün yaradıb və istədiyi vaxtda ölürəcəkdir! Mən ki gicbəsər adam kimi həyatımı qadağalara sarılaraq zəhərləmirəm ki. Ölüləri basdırmıram – bu mənim haqqım da deyil. Soyuram – bax bunda azca günahabənzər bir şey varsa, bu da taleyin işidir, günahlar rəfində ən adi günahdır. Bir halda ki, ailəmdən başqa kimsənin mənə ehtiyacı yoxdur, onda ancaq ailəm üçün yaşamağın nəyi pisdir, qoy hərə öz qeydinə qalsın. Bundan dinc allah bəndəsi necə olar? Şəri boğub onunla birlikdə ölməyin nə mənası var? – yəhər-yüyəni bərkidib atın üstünə tullandı. Göydə tanrını axtardı. Amma, leşsökən kələzlərdən başqa heç nə gözə dəymirdi. – Hə, mənim şəriklərim, gəlin. Əti sizin, qır-qızılları da mənim. Mən də sizin kimi günahsız müqəssirəm!  – atını qaçan-qovan qoşunun arxasınca səyirtdi – elə bil, qoşun ondan qorxub qaçırdı. Allah bilir, hansısa amal uğrunda canından olmuş meyidlər onu gözləyirdi…