A+    A-

Gecikmiş etiraf (Rəhim Əliyev)

Azad onun səsini eşidən kimi tanıdı, o saat yadına iki il əvvəlki zəng düşdü. Onda Şəfəqin zənginə təəccüblənmişdi: institutu səkkiz ildi qurtarmışdılar və bu vaxtda qızı bircə dəfə də görməmişdi. Hərdən yoldaşları, Zakir onu gördüyünü deyirdi. Şəfəqin işlədiyi texnikum Zakirin yaşadığı məhəlləyə yaxın idi. Həmişə də deyərdi Şəfəqi gördüm. Hələ ərə getməyib. Azadın qız haqda bildiyi bundan ibarət idi, bir də Zakirdən balaca şübhələnmişdi.

İki il qabaqkı zəngdə də Azad qızın səsini tanımışdı: elə tələbə vaxtdakı təki yorğun, bədbin. Amma Şəfəq Azadın kafedraya keçməsini təbrik edib işlərini, ailəsini soruşmuşdu. Azad demişdi ki, arvadı muzeydə işləyir, bir qızları var, hətta arvadının özündən iki yaş böyük olduğunu da özünə istehza kimi demişdi, yəni tələbəlikdəki kimiyəm, dəyişib eləməmişəm. Zarafatyana Şəfəqin ərə getməməyindən danışmışdılar. Axırda dediyi sözlər onun yadında dəqiq qalmışdı:

– İslamnan, İsrafilnən, Xələfnən görüşmüşəm, – bunlar qrup yoldaşlarının adları idi, – indi səni görmək istəyirəm.

«Səni görmək istəyirəm» ifadəsi nədənsə Azada qəribə və onun tanıdığı Şəfəqə oxşamayan söz kimi görünmüşdü. Onda qızla görüşməyə həvəs hiss etmədiyinə görə fikirləşmədən, tələsik demişdi:

– Yaxşı, sabahda, o biri gündə zəng vuraram, görüşərik.

Azad qızın nömrəsini kitabçaya yazmışdı, amma hərdən qızla telefon söhbətini xatırlasa da, bu iki ildə Şəfəqə zəng vurmamışdı. Amma ürəyinə heç bir başqa fikir də gəlmirdi, çünki Şəfəqi yaxşı tanıyırdı. Qız arıq, qaradinməzdi, üzündəki ürkək ifadədə bir az da qorxu vardı. Adamlara elə bil çəkinə-çəkinə baxırdı, nəzərini heç nəyin üstündə saxlaya bilmirdi. Azad bir də ona görə başqa fikrə düşmürdü ki, onların elə tələbəlikdən münasibətləri yox idi, beş ildə dörd-beş kəlmə kəsmişdilər.

Azadın atası institutda məşhur fəlsəfə müəllimiydi. Özü isə boy-buxunlu olsa da, üzü sızaqlı, gözləri ifadəsiz, burnu da uzun idi, bir az yaltaqlığı da vardı. Azadın özünə tələbəlikdə elə gəlirdi ki, Şəfəqin ondan xoşu gəlmir, ona görə də qızlar arasında ona fərq qoyur, onunla danışmağa maraq göstərmirdi. Şəfəq həmişə lap arxada oturardı, rus dilində qalın romanlar oxuyardı və hərdən təmiz rusca danışardı.

Şəfəqin bu axırınkı zəngində Azad onun səsini tanıyan kimi elə bil hər şeyi başa düşdü. Qızın səsi ona bir az da bədbin göründü, dedi:

– İstəyirsən elə bu gün görüşək.

– Yox. Gərək bir gün əvvəl biləm ki, özümü hazırlayam.

Təzədən vədələşdilər ki, Azad münasib bildiyi vaxt bir gün əvvəl zəng vursun, sonra görüşsünlər. Amma dəstəyi qoyandan sonra Azadın fikri dəyişdi. Qızın bu gün görüşmək istəməməyi ona yersiz ərköyünlük kimi göründü, ona zəng vurmağa marağı lap azaldı.

Üç həftə sonra kafedrada tək, işsiz olmağından istifadə edib qıza zəng vurdu, dedi:

– Sən bir gün demişdin, mən iki gün qabaq zəng vurmuşam, hazırlaşmaq üçün iki gün vaxtın olacaq. – Cümə günü Azadın cəmi iki saat seminarı vardı, sonra boş idi.

Bitirdikləri neft və kimya institutunun qabağında görüşdülər. Azad qızı tələbəlikdən sonra ilk dəfə görürdü. Üz-gözü boyaqlı idi, elə bil gözləri böyümüşdü. Paltarı dizindən xeyli aşağı idi, xeyli kökəlmişdi, daha arıq demək olmazdı ona. Salamlaşıb dəniz qırağına sarı getdilər.

Əvvəlcə söhbətləri tutmurdu. Şəfəq həyəcanlı idi, qorxurdu ki, boğazı quruyar, Azad onun həyəcanını hiss eləyər. Ona görə qırıq-qırıq danışır, qısa, ümumi suallar verirdi. Azad da ümumi sözlərlə cavablar verir, iş-gücünü soruşurdu. Sonra Azad niyə ərə getmədiyini xəbər aldı. Qız gülümsündü, başını qaldırdı, onda Azad özü öz sualına cavab verməyə başladı:

– Gözləyirsən ürəyinə yatsın, sevəsən? Ay sevdin a, – Azad ciddi söhbətə zarafat qatmağa başladı. – Səndən sevən olar, sən axı eqoistsən.

Burada qız başını qaldırıb təəccüblə oğlanın üzünə baxdı.

– Bu işdə seçmək, ən yaxşısını gözləmək elə eqoizmin ən böyüyüdü. Kim məhəbbətdə çox bilmişlik, başqalarından diribaşlıq edir, ağıllı tərpənmək istəyirsə, o həmişə məğlub olub, səhvə yol verir. Burada mümkün qədər ürəyə qulaq asmaq lazımdır, çünki məhəbbətdə ağılla, məntiqlə izah olunan heç nə yoxdur. Özlərindən pis, aşağı oğlanlara gedən qızlar ən yaxşılarıdır.

– Niyə?

– Ona görə ki, onlarda eqoizm yoxdur, bəlkə azdır.

– Bilirsən, mən axı bacarmıram. Bunları mənə çox deyiblər, amma mən bacarmıram. Neçə dəfə istəmişəm, özümə söz vermişəm, amma dözə bilməmişəm.

Şəfəq oturmaq təklif elədi. Oturan kimi də sual verdi:

– Gülarə xanıma demisən görüşməyimizi?

– Yox, deməmişəm, – Azad diksinən kimi oldu, – axı, nə mənası var, artıq söz-söhbətdi, bizim müsəlman arvadlarımız hələ bu səmimiyyət üçün yetişməyiblər. Elə sən də yetişməyibsən, incimə. Məsələn, bu on ildə sən heç olmasa ildə iki-üç dəfə zəng vura bilərdin, deməli, səmimiyyətin çatmayıb.

– Elə tələbəlikdəki kimi qalmısan, ürəyin bərkdi.

– Mənə elə gəlir ki, həyatda yox, xəyalında qurduğun bir aləmlə yaşayırsan, tələbəlikdən bu hiss olunurdu. Həyat dərə-təpədi, onun kobud, mənasız səhifəsindən sora ürək qızdıran bir şeyə rast gəlirsən. Nə qədər ki, məğlub və məyus olmaqdan qorxursan, deməli, yaxşı bir şey görməkdən gözünü çək, həyat belədi, hər şeyin bahasını alır bizdən – bəlkə də onun mənası elə bundadır.

– Mən bacarmıram, neyniyim axı, – Şəfəq az danışırdı, – qızlardan biri mənə dedi ki, bu səndə xəstəlikdi. Gedib ağladım…

– Ağlamalı bir şey yoxdu, bu xəstəlikdən hamımızda bir az var. Hamımızın içində təbii bir proqram var, bu proqramdan kənara çıxmaq olmur, qabıq kimidi. İstəyirsən, amma eləyə bilmirsən.

– Mən elə sən deyən kimiyəm, özüm-özümü dustaq eləmişəm. Hiss eləyirəm, amma bunu başa düşməyimin heç bir xeyri yoxdur, heç nə dəyişməyəcək, bunu fikirləşəndə qorxu məni bürüyür.

– Yaxşı eləyirsən, qorx, təklikdən qorxulu heç nə yoxdur. İllər keçdikcə bu qorxu daha dəhşətli olacaq. Bircə çarə var: gözünü yum, ərə get, qorxma, elə də dəhşətli şey olmayacaq. Bir-iki aydan sonra ərinlə mehriban qonşu kimi yaşayacaqsız. Uşaq olandan sonra isə hər şey yaddan çıxacaq. Olacaqsan ipəkqurdu…

– İpəkqurdu nədi, axı?

– İpək topasını düzəldib ölür. Biz də uşaqlarımızı böyüdüb öləcəyik. Bir də, arvadların çoxu ərlərinə nifrət edir, ərlərin də çoxu arvadlarına. Bilirsən niyə? Hamı elə bilir ki, həyatının gənclik xəyallarındakı kimi olmamağının günahı ərdə, ya da arvaddadır. Əslində isə həyatda bundan çətin bir sual yoxdur.

– Ər-arvadların çoxu bir-birinə nifrət edə bilməz. O qədər mehriban ailələr var ki, görünür, sən deyən kimi olanları da var, amma o qədər yox.

– Bəlkə də mən deyən qədər deyil, amma ailə xoşbəxtlik səltənəti də deyil. Həyatda ailəsizlikdən yaranan boşluğu heç nə ilə doldurmaq olmur. Bu elə bir uçurumdur ki, hamı özünü ora atır, sonra çıxa bilmir. Amma ora atılmayanın da bağrı çatlayır, nigarançılıqdan ölür, bilmək istəyir ki, hamı o uçuruma könüllü atılmaqla nə tapır. Ailədən hamı eyni şeylər gözləyir, amma bu eyni şeylər hərədə bir cürdür.

– Bunları mənə deyiblər, çox deyiblər, hamısını bilirəm. Sən mənə öz qızından danış.

Söhbət dəyişdi. Hər ikisi eyni simə vururdular. Azad ağızucu qızının dəcəlliyindən, qəribə sözlərindən danışdı. Sonra susdular, Azad saata baxdı, Şəfəq qalxdı.

Taksiyə minib yeddinci mikrorayona gəldilər. Maşında susurdular, Şəfəq fikirləşirdi ki, gərək Azadın onu ötürməyinə razı olmayaydı, onsuz da söhbətləri tutmurdu. Qız maşını evlərindən xeyli aralı saxlatdı, düşdülər. Şəfəq sükutu kədərli bir sözlə qırdı:

– Hiss eləyirsən, evə getmək istəmirəm, – onlar yanaşı addımlayırdılar, hava sakit, küləksizdi, ətrafdakı bütün evlərin işığı yanırdı.

– Sən deyirdin ki, başına nə isə gəlib, – Azad qızdan evə getmək istəməyinin səbəbini soruşmadı, istədi ki, özü danışsın.

– Başıma bəyəm bir iş gəlib, yox, çox iş gəlib başıma, danışsam başın ağrıyar.

– Danış, mənim üçün maraqlıdı, hər şeyi bilmək istəyirəm.

Şəfəq evə getmək istəməməyini izah elədi. On bir yaşında olanda anası ölüb, atası evlənib, iki bacısı var. Ögey anası ilə münasibətləri yaxşı deyil. Azad bunları eşidib dedi:

– Aydın məsələdi, o biri qızlar da iyirmi yaşına çatıblar, arvad gözləyir ki, gedəsən, sən də süpürgə olub qalmısan evdə. Sən tezliklə oradan çıxmalısan.

– Necə çıxım, heç cür çıxa bilmirəm. – Qızın səsi tamam yumşalıb kövrəkləşmişdi.

– İnstitutdan sonra güclə evdən bir oğlana nişanladılar, atası böyük bir univermağın direktoru idi. Yayda heç kəsə demədən, təyinat yerinə, rayonu getdim. Hamı elə bilmişdi ki, qoşulub qaçmışam.

Sonra Şəfəq dedi ki, işlərindəki bir qadın onu arxitektor oğlanla tanış edib, bir neçə dəfə görüşüblər, amma heç nə çıxmayıb.

– Yazığın özünə dedim ki, heç nə çıxmır, dəli olmuşdu. Heç nə baş düşmədi. Heç kimə ürəyim qızmırdı, onlarla görüşən kimi sən gəlib dururdun gözümün qabağında. Mən bu neçə illəri ancaq səni istəmişəm. Gör neçə ildi, on il də sevmək olar?!

Şəfəq deyəsən öz məhəbbətinə heyrətlənməyə başlayırdı. Azad susur, qulaq asırdı. Şəfəq birdən atasından danışmağa başladı:

– Atam deyir ki, sən ərə getsən mən yüz il yaşayaram. Mən də deyirəm ki, günah özündədi, onda məni döyüb içimdəki hisslərin hamısını öldürdün. Bilirsən, birinci kursda oxuyanda götürüb gündəliyimi oxumuşdu, məni o qədər döydü ki, bir həftə dərslərə gələ bilmədim, üz-gözüm gömgöy olmuşdu. Təsəvvür edirsən, atam məni heç döyməmişdi, sonra da döyməyib. Amma o bircə dəfəylə içimdə nə isə qırılıb.

Onlar yeddinci mikrorayonun girəcəyindəki işıqlı küçədə var-gəl edirdilər. Azad hiss edirdi ki, vaxtdır, evə getmək lazımdır. Şəfəq də bunu duyur, tez-tez soruşurdu: «Tələsmirsən?». O da deyirdi ki, yox, tələsmir. Qız birdən iki il əvvəlki telefon söhbətindən danışmağa başladı:

– Onda mən zəng vuranda iki gün sonra ad günüm olacaqdı. Sənlə danışdıq ki, sabahda-birisigündə zəng vurram, görüşərik. Nə qədər gözlədim, zəng vurmadın. Bunu sənə heç vaxt bağışlamaram. O vaxt vəziyyətim dəhşətli idi, hər nə desən ola bilərdi. Belə yalançılığı, diqqətsiziyi mən kimdən desən gözləyərdim, amma bircə səndən yox. Onda sənə olan inamım da, məhəbbətim də öldü. Sənin üstündə özünmü axmaq bir işə salmışam.

– Nə iş?

– Heç deyiləsi deyil. Yanvarda ayağım sınmışdı. Bir həftə xəstəxanada qaldım. Cavan bir cərrah maraqlanmağa, evə zəng eləməyə başladı. Başladıq görüşməyə. Arvadı var, bu yaxınlarda qızı olub. Arvadı ilə yola getmir, boşamaq istəyir.

Azad istədi desin ki, boşamaq boş söhbətdi, boşamaq istəyən heç nə demədən, müzakirəyə qoymadan boşayar, görünür, məsələ başqa cürdür. Amma yumşaq dedi:

– Boşamaq, başqa qadına görə boşamaq səfeh işdi. Heç nəyi həll eləmir. Qadın kişinin arvadı olandan sonra öz ərinə qarşı bütün başqa qadınlar kimi olur. Bir gün əgər o həkimin arvadı olsan, sən də onun boşadığı arvadına oxşayacaqsan…

– Niyə? Mən oxşamaram, istəsəm də oxşamaram. Sən bu barədə çox ürəkli danışırsan, amma mənə elə gəlir ki, bu işi yaxşı duymursan. Qadın başdan-ayağa emosiyadır.

– Ailə isə balaca təsərrüfatdır. Bu təsərrüfatın öhdəsindən gəlmək üçün öküz kimi sağlam olmaq lazımdır. Amma öhdəsindən gələ-gələ bütün dünyanı yaddan çıxarırsan. Adam hərdən ayılır, özü də çox yox, yarım, bir saatlığa, elə bil ki, günlər yuxuda keçir, özümüzdən xəbərimiz olmur, – Azad burada dayanıb gülümsündü, əlavə etdi. – Amma ərə getmək lazımdır, bunsuz qadının özünütəsdiqi yoxdur, belədi də, həyat ziddiyyətlərdən yaranıb.

– Uşağı olanlara elə paxıllığım tutur…

– Darıxma, səninki də olacaq, hələ gecə səhərədək səni yatmağa qoymayanda qəzəbdən onu didib öldürmək istəyəcəksən.

Şəfəq susdu, cavab vermədi. O, başını aşağı salmışdı, həmin qaradinməz, danışmağa hövsələsi gəlməyən Şəfəq olmuşdu. Azad onun üzünə baxa bilmirdi, nəzərlərinin toqquşmağından qorxurdu, özünü qızın qarşısında bir az günahkar hiss edirdi.

– Sənin axırıncı zənginəcən mənim heç ağlıma gəlməzdi ki, səndə mənə qarşı rəğbət var. Tələbəlikdə isə, indi də yadımdadı, mənə elə gəlirdi ki, məndən xoşun gəlmir, deyəsən o vaxt mənə qarşı laqeyd olduğunu da hiss etdirməyə çalışırdın. Mən bunu duyurdum, ona görə özümü elə aparırdım ki, guya səni heç görmürəm.

– Ən çox imtahan vaxtı darıxırdım sənin üçün, – Şəfəq bir qədər susandan sonra dilləndi. – Sən də həmişə gec gəlirdin, hər şey işıqlanırdı…

Onlar ayrılanda Şəfəq bu görüşə nə üçün gəldiyini anlatmağa çalışdı.

– Zəng elədim ki, bunların hamısını deyim sənə. Daha heç vaxt görüşməyəcəyik, hər şey keçdi, getdi, qurtardı… Su kəsilməsə, gedib yaxşı-yaxşı çiməcəyəm…

– Nə vaxt istəsən zəng vur, burda nə var ki…

Şəfəq dönüb tələsik addımlarla binaların arasına sarı getdi. Azada elə gəldi ki, qız qaçır. Başa düşdü ki, Şəfəq daha zəng vurmayacaq. Heç vaxt zəng vurmayacaq. Amma ətrindən nəsə onun burnunda qalmışdı.