A+    A-

Kimə? (Şəhla Nihan)

Telefon dəstəyini yerinə qoydu. Lazımı tapşırığı almışdı. Təlaş içindəydimi? Yox, əlbəttə ki, yox. Bu onun işiydi. Çörəyi bundan çıxırdı. Saata baxdı. Hələ vaxt var idi. Qonşu otağa keçdi. Kofe onu kiçicik jurnal masasının üstündə gözləyirdi. Girdə şüşə masanın altındakı ləmədən 1-2 qəzet çıxardıb kresloya çökdü və başlıqları gözdən keçirməyə başladı. O, həmişə ətrafında baş verənlərdən xəbərdar olurdu və bəzi hadisələrin tam göbəyində idi, cərəyan edənlər onun bilavasitə  iştirakı ilə olurdu.

Otaq böyük deyildi. Üzbəüz divardakı qapı açıq idi. Tül qardin küləyin kaprizinə boyun əyib yellənirdi, içəri səhər mehini ötürürdü. O xoşlayırdı sakitliyi və tənhalığı. Daim tək olardı və heç bir zaman darıxdırmazdı onu təkliyi.  Oxuyub bitirdi, qəzetləri yerinə qaytardı, açıq qapıdan yarımgirdə eyvana baxdı, onun səhəngi xatırladan barokko üslubunda işlənmiş məhəccərlərinə, ordan da bağçada ucu görünən ağaclara. Sonra saata nəzər saldı. Hə, vaxtdır. Durub yataq otağına keçdi, komodun siyirməsini çəkdi, kiçik bir qutu çıxartdı, açdı, diqqətlə baxdı, baxdı, içindəki medalyonu götürüb dodaqlarına sıxdı. Çənəsini əlinə dayayıb oturmuş bir qadın baxırdı ona, hiss olunurdu ki, köhnədir əks. Qadın da köhnəsayağı gözəl idi, o vaxtın dəbi ilə daranmış saçları, ağ manjetli və yaxalıqlı boz paltarı. Anası idi, cavanlığı..

Ona sentimental adam demək olmazdı, qəddar da deyilməzdi, quru da…. sadəcə, hamı kimi deyildi, təfsirolunmaz qəribəliyi vardı, məhz qəribə idi. Son dərəcə həssas bir minimalist idi. Kirayələdiyi bütün mənzillərdə özünü minimum sayda avadanlıq və mebellə əhatə edərdi, ən lazımlı şeylərlə. Görk xatirinə nəsə saxlamazdı ətrafında.  Praktik əhəmiyyəti olmayan, yalnız interyer tamlıgını qorumağa və göz oxşamağa xidmət edən hər bir əşya dəyərindən asılı olmadan ləğv onunardı ya bir otağa qablaşdırılıb qapısı bağlanardı. Yalnız minimum!  “Bər-bəzək qadınlara məxsusdu” deyə düşünərdi. Ümumiyyətlə, təbiətində daban-dabana zidd o qədər keyfiyyət cəmlənmişdi ki,…. bütün bunlar onu təkraredilməz, son dərəcə maraqlı edirdi. Ən əsası onun davranış və addımları heç bir proqnoza oturmurdu. Xarakterindəki ötkəmlik hərəkətlərində, kommunikasion manerasında, hətta sərt üz cizgilərində də  əksini tapmışdı. Hərəkətləri son dərəcə qıvraq, çevik və qətiyyətli idi. Ona həvalə olunan tapşırığı qısa sürədə tam mükəməl başa vururdu.Gördüyü işlərdə monitorinqə ehtiyac duyulmurdu.

Medalyonu yerinə qoyub, ikinci siyirməni çəkdi. Iri bir qutu vardı burda. Açıb, pnevmotik odlu silahı çıxartdı, özü ilə aparacaqdı onu.

Tələsmək lazım idi. Siqaretini dolabçanın üstündən götürüb pillələrlə birinci mərtəbəyə endi. Mərmər döşənmiş holldan keçəndə dörd tərəfə açılan divar boyu iri pəncərələrdən düşən gur işıq seli gözlərinə vurdu.Sürətli addımlarla tərk etdi buranı. Heç bir yerdə uzun müddət qərar tutmurdu. Olmazdı, işinin xarakteri belə idi. Bu gözəl bağçalı ikimərtəbəli monumental villanı da yaxın günlərdə qoyub gedəsi idi.

Tramvaya mindi. Gedəcəyi ünvan uzaqda idi, şəhərdənkənar köhnə bir qəsəbədə. Tramvayda adam az idi. Oturub gözlərini yumdu. Heç bir şey haqda düşünmürdü. Ümumiyyətlə, fikirləri öldürməyi bacarırdı, beynində tam səssizlik yaratmağı. Hər dəfə “işə” gedəndə belə edirdi.

Tramvaydan düşdü, qəsəbəyə gedən avtobusa oturdu. Yol boyu ətrafı diqqətlə izlədi pəncərədən. Nəhayət, gəlib çatdı, qalan yolu ayaqla gedəsiydi, qəsəbənin sonuna qədər. Evlərin arası ilə gedirdi yeyin addımlarla. Köhnə, cındır, yoluq məhəllələr və evlərdən gələn spesifik qoxuya  məhəl qoymadan gedirdi.

Budur, axtardığı birmərtəbə ev. Sakinlər çoxdan tərk etmişdi buranı, digər evlərdən uzaqda və xəfə yer idi bura. Ətrafında heç bir market, köşk, dayanacaq filan yox idi. Arxasında çöllük başlayırdı, çöllükdən o yana qəsəbə qəbiristanlığı.

Həyəti keçıb, giriş qapısına yönəldi. Bir neçə gün qabaq bura kəşfiyyat məqsədilə gələndə linglə sındırmışdı cəftəni. Sındırıb qapını yüngülcə çəkmişdi. İndi İtələyib qapını açanda yuxarıdan üstünə toz-torpaq, hörümçək torları ilə hörülmüş kiçicik daş parçaları töküldü, eynən o dəfəki  kimi. Etinasız şəkildə üst-başını çırpıb içəri keçdi. Burda sıx toz sütunu durmaqda idi. Qaranlıq və toz onu qovmağa çalışdı, burnu gicişdi. Fikir vermədi. Otaqları gəzib baxdı. Hər şey ideal idi. Birinci dəfə deyildi bu çür atılmış yerlərə gəlməyi və hər dəfə buralardan qalib kimi qayıdardı. Siqaretini yandırıb gəzişdi, saatına baxdı, yarımçıq siqareti söndürüb, yenidən qutuya qoydu, yerə ata bilməzdi. Telefonu çıxarıb, nömrəni yığdı. Gözləməyə başladı. Cavab gəlmədi. Üzündə bir tük belə tərpənmədi. İkinci dəfə yığdı. Ürəyində əmr etdi:”Cavab ver!”

Evdə təkəm. Yazı-pozuyla məşğulam. Telefonuma zəng gəlir. Birinci dəfə əlim çatmır, məndən uzaqdır telefon, çantamın cibində. İkinci zəngdə dururam, çantamı açıram, telefonu tapıram.

– Bəli, eşidirəm.