A+    A-

HA-HA-HA və HE-HE-HE!!!

Cəlaləddin Rumi deyir di ki: “insanın necə gülməyindən onun tərbiyyəsini, nəyə gülməyindən isə səviyyəsini anlaya bilərsən”.

Demək ki, gülmək məsələsi diqqət yetirməli olduğumuz məsələlərdən olmalıdır. Mən də diqqət yetirdim və qəribə şeylər kəşf elədim.

Bu gün kim necə gülür? Kim necə gülmək istəyir amma hələ gülə bilmir? Kim kimdən sonra, kim də kimdən əvvəl gülür və gülməlidir də?

Deməli belə. Gülərkən əlifbadakı hansı hərflərin tələffüz olunması insanın maddi vəziyyətindən və tutduğu vəzifənin yüksəkliyindən xəbər verir. Məsələn: ən varlı və vəzifəli adamlar “A” hərfindən istifadə edirlər. Yəni HA-HA-HA şəklində gülürlər. Əgər onların yanında vəzifəcə aşağı olan biri varsa, onun ən cəsarətli gülüşü “E” hərfi ilə olacaq. Yəni HE-HE-HE şəklində. Lakin eyni adam rəisinin yanında deyil, öz tabeçiliyində olanların yanında olanda isə ürəklə “A” hərfli gülüşdən istifadə edir və digərlərinin hansı hərflə güldüklərinə diqqətlə fikir verir. Bundan o, kimin onun yerində gözü olduğunu anlaya bilər.

 

Əlbətdə ki, “E” hərfi ilə gülən adam bir gün hamının yanında ürəkdən “A” hərfi ilə gülmək arzusu ilə alışıb-yanır. Lakin bu “xöşbəxtlik” hamıya nəsib olmadığı üçün hələlik “E” ilə kifayətlənir.

Bir də var “İ” hərfi ilə gülənlər. Bunlar rəislərinin patronunun yanında gülməyə cəsarət edənlərdir ki, onların da cəsarəti yalnız Hİ-Hİ-Hİ şəklində ortaya çıxır. Ən qəribəsi də odur ki, bu ardıcıllıq heç vaxt pozulmur. Yəni istər başdan, istər ortadan və istərsə də axırdan bir hərf düşərsə avtomatik olaraq o boşluq doldurulur və nəticədə HA-HA-HA, HE-HE-HE, Hİ-Hİ-Hİ ardıcıllığı qorunub saxlanılır.

Hə, bir də var “O” hərfi ilə gülənlər. Bu “O” hərfi ilə gülənlər ən aşağıdakı pillədə olanlar olsa da bunlar hamıya və hər şeyə gülürlər. Ən ürəkdən isə öz siniflərindən olanlarla birgə rəislərinin dalınca HO-HO-HO şəklində gülməkləri olur. Onlar nadir hallarda hərif dəyişdirirlər. Çünki özlərindən yuxarıda olanlarla bir yerdə olmaqdan qaçırlar. Lap olmaq istəsələr belə artıq HA-HA-HA, HE-HE-HE və Hİ-Hİ-Hİ gülüşlərindən sonra HO-HO-HO-nun heç yeri yoxdur deyə, susurlar. Amma onlara bir gün HA-HA-HA ilə gülmək nəsib olarsa, bu başqa bir HA-HA-HA olacaq yəni. Elə bir güləcəklər ki, özlərindən sonrakılar ən az iki hərf aşağıdan gülməli olacaqlar. Həm də uzun illərin vərdişi olduğu üçün “O” hərfini tərgitmək çətin olur. Ona görə də onu bir yerə dürtmək lazımdı deyə OHA-OHA-OHA kimi bir gülüş alınır (hamınızdan üzr istəyirəm, OHA ilə gülənlərdən başqa).

Biz sadə ölümlü dünyalılar isə bu mənzərəyə baxıb eləcə gülümsəyirik. Yəni bizim gülüşümüzdə said səslər yoxdur. Bax belə.

Dostum Azər Qismət demiş: “Gülümsəyin cənablar, gülümsəyin!!!”

 

P.S. HA-HA-HA və HE-HE-HE ideyasını Qoqoldan oğurlamışam. Özünün xəbəri olmadığı üçün bir sıxıntı yoxdur. HA-HA-HA…

Rx.

20 May 2016, Bakı.