A+    A-

Nə üçün (Reyhan Yusifqızı)

Onlar Içərişəhər meyrosuna tərəf gedirdilər. İti addımlarla gəzməyə alışmış Rəna oğlunun əlindən tutmuşdu, onu az qala darta-darta ardınca aparırdı. Bir an o dönüb oğluna baxaraq gülümsədi:

  • Şamxal, yəni məktəbdə o qədər yorulmusan ki, indi ayağını sürüyə-sürüyə

gedirsən?

Mızıltı eşidildi.

Içərişəhər metrosunun qarşısına çatanda qəflətən Şamxal dartınıb anasının

əlindən çıxdı və üzüaşağı, parka tərəf qaçmağa başladı.

Rəna özünü itirdi. Oğlu heç vaxt belə şey eləməmişdi. Nə istəyirdi? Hara qaçırdı?

O, qeyri-ixtiyari uşağın ardınca götürüldü. Çantasını yelləyə-yelləyə qaçır, “Şamxal!” qışqırırdı. Dikdaban ayaqqabıları sürətlə qaçmağa mane olduğundan Rəna onları çıxarıb əlinə aldı.

Oğlunu parkın girəcəyində haqladı. Pencəyindən tutub özünə tərəf çevirdi.

Onlar qarşı-qarşıya dayandılar. Hər ikisi tövşüyürdü.

  • Bu nə deməkdir?! Başa sal görüm…

Yoldan ötənlər çevrilib onlara baxırdılar. Qulaqlarına qədər qızarmış Şamxal

başını sallayıb anasının yalın ayaqlarına nəzər saldı.

  • Ayaqqabılarını geyin!…

Rəna bir az özünə gəlmişdi. Ayaqqabılarını yerə qoyub geyindi.

  • Hə, de görüm niyə bu oyunu çıxardın?
  • İstəmirəm…
  • Nəyi istəmirsən?
  • Metroya istəmirəm!

Rəna duruxdu.

  • Niyə? Hər gün evə metro ilə gedirik. Bu gün niyə istəmirsən?
  • … .
  • Yoxsa qorxursan? Nə eşitmisən metrodan?
  • Qorxmuram! Metroya minməyəcəm! İstəmirəm!

Rəna udqundu. Səsinə yumşaqlıq verməyə çalışaraq uşağı qılıqladı:

  • Bəs evimizə getməyək? Burda qalaq?
  • Gedək, amma metro ilə yox. – Şamxal bir az aralıda dayanlb müştəri gözləyən

bənövşəyi taksiləri göstərdi. – Taksi ilə gedək!

Rənanın çantasında cəmi 8 manat pul vardı. “Taksi ilə getsək, 6, ya 7 manat yazacaq, – ani olaraq düşündü, – bazarlığa pul qalmır”.

  • Bu da təzə çıxıb? Metrodan evimizin lap yanında çıxırıq, taksiyə niyə pul

verək ki?

  • Bizim maşınımız niyə yoxdur?
  • Nə?
  • Onlar mənə gülürlər! Metro ilə gedirik deyə, məni lağa qoyurlar!
  • Kim?…
  • Turqut, Nurlan! Hamı!

Göz yaşları uşağın yanağından aşağı süzüldü. O, burnunu çəkib səssizcə ağladı.

Yumruqları ilə gözünü silir, hıçqırırdı.

Rəna donub qalmışdı. Nə edəcəyini, nə deyəcəyini bilmirdi. Vaxtında uşağı evlərinin yaxınlığındakı məktəbə qoymaq istəmişdi. Əri isə şəhər mərkəzindəki məktəbləri daha səviyyəli hesab edib öz bildiyini eləmişdi. Maaşa baxan ailənin sürücü tutmağa imkanı yox idi, məktəbin tələblərini çətinliklə qarşılayırdılar. Evdə dəfələrlə söz-söhbət olmuş, Rəna ərini məzəmmət etmişdi.

“ –  Arxasında dura bilməyəcəkdinsə, niyə bizi dağa-daşa salırdın?

  • İkimiz də işləyirik, yəni bir uşağı istədiyimiz məktəbdə oxuda bilməyəcəyik?
  • Görmürsən, çatmır!
  • Bütün maaşımı evə gətirirəm, daha oğurluq etməyəcəm ki!
  • Bəs başqaları necə çatdırır?
  • Bilmirəm! Hərə özünə cavabdehdir! ”

Rəna boğazına yığılan qəhəri boğub hirsini elə oğlunun üstünə tökdü:

  • Şamxal! Sən indi hər uşağın sözü ilə belə oyun çıxarıb ağlayacaqsan?! Yekə

oğlansan! Demişəm, hər sözə fikir vermə!

  • …Saatım da yoxdur, ayfonum da! Mən yaxşı oxuyuram, amma almırsız…

Rənanın içində sanki bir şey qırıldı. Oğlunun başını qucaqlayıb köksünə sıxdı.

  • Onların başı bahalı oyuncaqlara qarışıb, dərsə yox. Onların hamısından yaxşı

oxuyursan, sən onlara lağ eləməlisən, onlar sənə yox!

…Onlar bənövşəyi taksidə yanyana oturmuşdular. Şamxal ötüb keçən rəngarəng vitrinlərə baxır, sevinirdi.

  • Ana, hər gün evə taksi ilə gedəcəyik?

Rənanın gözünə hər şey qara rəngdə görünürdü. “Günü sabah uşağı evimizin

yanındakı məktəbə keçirəcəm. Bizə ora uyğundur”, – qərar vermişdi. Bu an o hər şeyə, hər kəsə – ərinə də, bu cəmiyyətə də, bu şəhərə də  nifrət edirdi. “Bu əskikliyi bizə necə rəva gördün?” – ürəyində ərini yamanladı…

Şamxal diqqətlə anasına baxdı. Ona qısılıb əlini sığalladı.

  • Sabah yenə metro ilə gedərik. Sevinc də metroya minir.

Qucaqlaşdılar. Rənanın göz yaşları durmaq bilmir, hey axır, axırdı…