A+    A-

Ata (Yaşar Bünyad)

“Uşaqlarıma səndən yaxşı ata yoxdu demişəm- özüm  buna  inanmasam da …“

 

Səninlə ancaq yuxularımda danışdım. Ürəyimdən keçənləri, demək istədiklərimi yuxularımda uydurduğum həlim, xoşxasiyyət adamla bölüşdüm. Həmişə yanımda olsan da , o qədər uzaq idin ki? Bəzən elə bilirdim bizə qonaq gəlmisən, bir az qalıb gedəcəksən. Amma sən getmirdin. Böyüdükcə , başımda qarmaqarışıq düşüncələrim yeddibaşlı əjdaha kimi vicuduma hakim kəsilirdi; nə istədiyimi özüm də bilmirdim. Bu çaşqınlıq məni atəşində qovurduqca fikirlərim haçalanır, başımda  nələr baş verdiyini anlamırdım. Özümü qərib, yad, atılmış, ən dəhşətlisi o idi ki, ögey hiss edirdim. Ad günlərimdə aldığın bahalı oyuncaqlar belə qəlbimi ovundurmurdu, çünki, məhəllədən keçəndə sənə hürməsin deyə qonşumuz Qrişa dayının itinə atdığın ət parçası kimiydi aldıqların. Bəlkə yox?! Elə deyildisə, niyə ən çox arzulayıb gözlədiyim velosipedi bir gün belə sürmədim? Məncə bu, səni heç maraqlandırmadı da. On iki yaşından velosipedə nifrət etsəm də oğluma ilk böyük hədiyyəm üçtəkərli velosiped oldu… Yaşıdlarım gecə düşənəcən küçə-bacadan yığışmadığı halda mən, tez yatağıma girməyə tələsər, yuxularıma dönər, yuxularımdakı atamla danışmaq, oynamaq.., uşaq olmaq istəyərdim! Mənim buna haqqım vardı. Öz uşaqlığımı yaşamalıydım, vaxtından tez qocalmamaq üçün…
Əslində sən mehriban, gülərüz idin, amma özgələriyçin. İsti qucağından, şaqraq gülüşündən, mehriban baxışından mənə pay vermədin, ata.Qulağım mehriban çağırışına, gözlərim isti baxışına, əllərim əlinin istisinə həsrət qaldı.Axı sən var idin, yanımdaydın, sağ idin?!…
Gündüzlər , o olmayanları- arzularımı dəqiqəbədəqiqə, saatbasaat içimə yığıb yuxularıma daşıyırdım –tamarzı qaldığından qonşu oyuncağını xəlvəti “çırpışdıran” uşaq kimi .
Sənə deyəsi o qədər sözüm , o qədər soruşub öyrənəcəklərim vardıki !..
Yadımdadı, məncə ondördün içindəydim. İlk maşınını almışdın. ”Moskviç”. Qıpqırmızı. Uşaq kimi sevinirdin. Mən də qürur duyurdum.Onda hər adamın maşını olmazdı, ona görə gizlində səninlə fəxr edirdim, yaşıdlarımın yanında forslanırdım da .
Elə də yaxşı maşın sürməzdin. Evdən işə, işdən də evəcən sürməyin vardı. Aman allah, maşını gündə neçə dəfə yuyub-təmizləmək olardı? Əlbət ki, bu zəhlətökən işi mənə tapşırardın. Əvvəllər qürrələnərdim, “atam maşını yumağı tapşırıb” deyə uşaqlardan ayrılar, həvəslə, barmaqlarım ağaranacan paraşoklu suyla maşın yuyardım. Beləcə, hər gün. Bunun müqabilində bircə dəfə də maşında gəzdirmirdin ki, heç olmazsa məhəllə uşaqları baxıb paxıllığımı çəksinlər. Bəlkə elə ona görə mindirmirdin ki, qonşular ağız büzməsinlər, dalınca danışmasınlar? Axı istəsəydin, mənim xətrimə, ömründə balaca maşına minməyən qonşu uşaqlarını da mindirib rayonun mərkəzinə aparıb qaytarardın. ..Bilirsən, uşaqlığında maskviçə belə tamarzı o uşaqların indi altında CİP ləri var , mən isə işə avtobusla gedib gəlirəm…
Yadımdadı, bir gün anama dedin ki, bazar günü Bakıya gedəcəm, işim var, uşağı da hazırla, özümlə aparacam.İnsafən, əlinlə saçımı sığallayıb “qoy uşağın gözü-könlü açılsın” da dedin. Elə istəyirdim ki, başımı hər gün sığallayasan, saçlarımı qarışdırıb soruşasan :- Oğlum, necəsən? Onda hiss etdim ki, sən demə , başım ovucuna sığırmış -yuxularımda gördüyüm kimi…
Bütün gecəni yatmadım. İlk dəfə Bakıya gedəcəkdim, özü də, atamla! İnana bilmirdim! Bacılarım məndən də çox sevinirdi.Anam təzə paltarlarımı ütüləyib yatağımın yanındakı kamodun üstünə düzmüşdü. Mən səhərin açılacağını gözləyə-gözləyə , xəyalən , azı yüz dəfə o paltarları geyinib çıxarmışdım. Görmədiyim dəniz, nəhəng şəhər , orda hündür binalarda, bir- birinin üstündə yaşayan insanlar barədə mincür nağıllar uydurur, özümü sehirli bir dünyada təsəvvür edirdim. O nağılın içindəki atam da başqaydı, sehirliydi…
Demə gözləməkdən pis heç nə yox imiş! …Səhərin tez açılması üçün min kərə allaha yalvarırdım…
Anam Moskviçimizin arxasınca su atıb bizi yola salandan düz Biləcəri deyilən yerəcən sən, bir kəlmə də danışmadın. Mən dil boğaza qoymurdun, min sual verir, amma cavab almırdım. Əslində heç cavab gözləmirdim, axı mən havayla danışmağa öyrəşmişdim…
Yol çox yorucu olsa da , sevindiyimdən yarıaçıq pəncərədən uzanıb gedən bozluğa tamaşa edir, arada yerimdəcə qıvrılıb maşını necə həvəslə idarə etdiyinə baxır, yuxularım gerçək olubmuş kimi, az qala atılıb sənin boynuna minmək, iri əllərindən bərk-bərk yapışıb sükanı birgə idarə etmək istəyirdim. O vaxtlar bu, ən böyük arzum idi ! Amma sənin zəhmli baxışın yuxumu çilik-çilik eləmişdi…
Səmaya qara tüstü buraxıb fit verən qatarın sonuncu vaqonu gözdən itənəcən baxdığıma görə maşını yolun kənarında saxlamışdın. Mən əsl qatarı, parıltısı göz qamaşdıran relsləri uzandıqca uzanan dəmir yolunu ilk dəfə görürdüm axı.
“Bu yollarla bütün dünyanı dolanmaq olar”-dedin. İndi də aydınlaşdıra bilmirəm, bunu mənəmi deyirdin, yoxsa öz-özünlə danışırdın…Bunu elə dedin ki, sanki mənim yanımda yox, o qatarın içində olmadığına təəssüflənirdin.Bəlkə səni haralarsa özünə çəkirdi?..
“Nazirlik” dediyin binaya çatanacan yolu iki dəfə qırmızı işıqda keçdin. Şəhərdə maşını yaxşı sürə bilmirdin. Birincidə, “bəxtimiz gətirdi” desən də, ikinci dəfə milis saxladı, nəsə yazmaq istəyəndə cibinə pul qoydun, müəllim, diqqətli olun, deyib buraxdı. Maşını hündür binanın tinində saxlayıb mənə heç nə demədən uzaqlaşdın. Geniş yolda şütüyən avtomobilləri, tranvayları,harasa tələsən adamları, hündür-hündür evləri darısqal maşının içində qəfəsdəki quş kimi seyr etməkdən başqa əlacım yox idi: qapıları kilidləmişdin. Guya açıq olsaydı, cürət edib maşından çıxacaqdım? Birdə, məni bağlı salonda saxlayacaqdınsa niyə yanına salıb gətirmişdin?
İki gombul qadın və bir kişiylə qayıtdın.Qadınlar , “ах ты, какой хoроший мальчик!” deyib, arxada əyləşdilər. Bir az arığı iki oturacağın arasından başımı özünə tərəf dartıb qıpqırmızı pamadalı dodağıyla yanağımdan öpdü.Sonra da yaylığıyla yanağımı sürtüşdürdü, elə bil yazı taxtasındakı təbaşiri silir. Adımı soruşdu. Bilmirəm, adımı dedim, ya yox, onu dəqiq bilirəm ki, o xalalardan heç xoşum gəlmədi. Salona kəskin ətir iyi dolmuşdu. Anamı ətir vurmağa qoymazdın. Yadımdadı, xalamqızının toyuna gedəndə ətirləndiyinə görə üstünə elə qışqırmışdın ki, yazıq anam qorxusundan evə dönüb yuyunmuş, paltarını dəyişmişdi…Kişiyə nəsə verdin, o da uzaqlaşdı.On dəqiqədən sonra “Çinar” restoranının qarşısında saxlayıb arxa qapıları açdın, qadınların qolundan tutub düşməyə kömək etdin, gülərək , rusca nəsə dedin, onlar da gülüşdü, söyüdlükdə masa sifariş verdin, oturduz. Bunları maşından izləyirdim, çünki məni unutmuşdun. Yaxşı ki, qadınların bəstəboylusu məni göstərdi, heç yaxın da gəlmədin, əl edib çağırdın.Balıq kababı sifariş etmişdilər. Konyak da. Qəribə o idi ki, “nazirlikdə işləyirlər” dediyin , tanımadığım bu qadınlarla çox yaxın idin. Söhbətinizdən bir şey anlamasam da, anamla  belə danışdığını heç vaxt görməmişdim. Utandığımdan pörtdüm, başımı aşağa salıb gözlərimi qıçlarımın arasından masanın altına zillədim. Sənin, o yad qadınların qəhqəhələri başımda çatlayırdı.
Qadınlar konyak içirdi. Mənə limonad süzsən də boğazımdan keçmirdi. Bir tikə balığı da güclə yedim. Siz elə iştahayla yeyirdiz ki!
Hesabı verib duranda evimizə qayıdacağımızı düşündüm. Sən isə, mikrorayonda beşmərtəbəli evin qənşərində saxladın. Qadınlar düşən kimi , “ beş-on dəqiqə gözlə, qayıdıram, darıxıb eləmə haa” dedin, sanki qaçacağammış kimi qapıları qıfıllayıb onların dalınca getdin. Sən ,on dəqiqəyə yox, bir saata , bəlkə, iki saata qayıtdın. Mən tualetə getmək istəyirdim. Bir ara qovrula-qovrula dözdüm.Moskviçin dəmir məngənəsində əsir olmuş uşağın belə ağrıya tab gətirməyi mümkün deyildi ;islanmış şalvarımdan süzülən sidiyimdən balaca gölməçə yarananda rahatlandım. Döyməsən də, danlağından qorxub onu nəyləsə qurutmaq istəyirdim ki, sən gəldin.Qapını açıb oturanda mən, balaca əllərimlə “cinayətimi” gizlətməyə çalışdım.Hələ soyumamış sidiyin iyini hiss edəndə əsəbiləşdin, elə əsəbiləşdin ki, sanki mənə yazığın gəlmək əvəzinə , “ay fərsiz oğul, beşcə dəqiqə dözə bilməzdin?!” -qışqırdın. “Beş dəqiqə yox, iki saat dözdüm”- deyə bilmədim. Ağladım. Məni ayağının altına salıb təpikləsəydin , ondan yaxşıydı!..
Hava qaralanda evimizə çatdıq. Səninlə  ilk , məncə, həm də son səyahətim (buna səyahət demək olardısa) beləcə başa çatdı. “Qoy uşağın gözü-könlü açılsın” adıyla məni sandıqtulası kimi yanına salıb şəhərə aparmağına hələ də ad verə bilmirəm… Anama, bacılarıma, qonşu uşaqlarına görmədiyim dənizdən, böyük prospektlərdən, gül-çiçəkli parklardan üyüdüb-tökürdüm, əsl gördüklərimi dilimə gətirə bilmirdim. Əlbəttə sən hədə-qorxu gələrək məni qorxuda bilərdin, kişinin yanında baş kəsəllər-flan deyə bilərdin, amma yox, sən dinmirdin, heç nə olmamış kimi , qəddarcasına susmuşdun. Yəqin ki, mən axmağın da susacağıma əmin olduğundan…

Düzdü, bazar günləri idarələrin  işləmədiyini , qarşısında dayandığımız binanın  da heç nazirliyin binası olmadığını, gombul xalalarla yeyib –içib sonra hara, niyə getdiyini yetkinlik yaşıma çatanda anlasam da, ara-sıra “iş” adıyla evdən çıxanda , heç də anamdan gözəl olmayan o qadınlar gözlərimin qarşısında dururdular və mənim anama yazığım gəlir, sənə nifrət edirdim…

 

…O səhər sənin səsinə  oyanmışdım. Son vaxtlar yaman əsəbiydin. Hər yerdə bir səhmansızlıq, hər sözdə bir qələt axtarırdın. Anamın “qurban olum”u  , həmişə “bəh-bəh”lə yediyin bişirdikləri də boğazından keçmirdi. Amma o səhərki bağırtın başqaydı, əvvəlkilərdən fərqliydi, qəfil açılmış güllə kimi evin divarlarında çartlamışdı.Özümdən ixtiyarsız yorğanı başıma çəkmişdim. Səsinin kəsilməyilə küçə qapısının çırpılması bir oldu. Sonra…qırıq-qırıq, boğuq  hıçqırtı…Sonra hönkürtü… Və birdən ,  evimizi silkələyən  nalə!..Yerimdən qalxıb səsə cumdum.Bayaqdan bizi oyatmasın deyə ağrısını içində boğa-boğa təngişən anam elə qiyyə çəkirdi ki!…

Onda başa düşdük ki, getmisən. Həmişəlik…

 

***
İndi mən də atayam, ata! Çox böyümüşəm.Yaşımdan da çox…
Beş yaşlı oğlumla bulvarda gəzirdik. O, yoruldum deyib boynuma minməyini istədi. Əvvəlcə onu qollarımın arasına alıb dövrə vurdum, sonra boynuma mindirib toppuş ayaqlarını sinəmə sıxdım.O , boynumu elə qucaqlamışdı ki! Bulvardan çıxıb Funikulyora sarı gedirdik. Birdən ,çiynimdə, sinəmdə qəribə istilik hiss edib dayandım. Oğlumu boynumdan düşürdüm.Uşaq , şalvarını islatdığını hiss etdiyindən yazıq-yazıq sifətimə baxırdı. Üzünə baxdım ; pörtüb , turp kimi qızarmışdı. Heç nə olmayıbmış kimi bağrıma basmasaydım , yəqin ki zar-zar ağlayacaqdı .Onu sakitləşdirməyə başladım.
-Oğul bala, qorxma, hər şey yaxşıdı,-dedim.-Bilirsən… gəl sənə bir sirr açım…Açım?- O ,başını yellədi ki, “hə”. Ətrafa göz gəzdirdim ki, bizi eşitməsinlər, sanki dövlət sirrini faş edirdim . -Qulaq as, amma bu , ikimizin arasında qalmalıdı haa, bildin? Hə, mən də uşaq vaxtı … şalvarımı islatmışdım axı,- özü də atamın maşınında.- Bunu yavaşcadan, lap pıçıltıyla, ağzımı qulağına yaxınlaşdıraraq dedim.- Həm şalvarımı, həm də təptəzəcə maşınını batırmışdım !.. İnanırsan?.. Onda…atamın heç vecinə də gəlmədi…İnanırsan, heç barmağıyla da mənə toxunmadı…başqası olsaydı, təpikləyərdi, düz də edərdi, hə?.. O isə məni öpdü, “boş ver, kişinin başına iş gələr” dedi…İnanırsan?! Lap belə dedi…mənim atam…
Oğlum payız buludu kimi dolub durmuşdu. Deyəsən tərəddüd edir, danışdıqlarıma inanmaq istəmirdi . Barmağımın ucuyla gözlərində donub qalmış yaş giləsini sildim. Ona baxır, öz uşaqlığımı xatırlayırdım. Qəhərimi uda-uda uydurduğum bu yalan özümə əzab, ona təsəlli vermişdi. Mən ilk dəfə ata olmağımla fəxarət duydum. Əsas oydu ki, o, yalanıma inanmışdı və oğlum gülümsəyirdi.
Toppuş barmaqlarını sifətimdə gəzdirdi, boynuma sarıldı, güclə eşidiləcək pıçıltıyla : -Səni çox istəyirəm, atacan,-dedi.
Söz tapıb deyə bilmədim. Sadəcə gülümsədim. O da. İndi ikimiz də xoşbəxt idik!