Əli əsdi, ya fikri dağıldı, nə oldusa, yenə çayla dolu fincan apardığı yerdə əlindən sürüşüb ağzı üstə döşəməyə dəydi. Fincanla bir, ürəyi də döşəmənin işıltılı üzünə dəyib çilik-çilik oldu…
Dağılan yenə şirin çay idi.
Dəhlizin o biri başında anasının əsəbilikdən əyilmiş üzü göründü.
Anasının üzü əsəbiləşəndə elə vahiməli olurdu, adamın az qalırdı bağrı yarıla.
Anası bu vahiməli üzüylə günaşırı yuxusuna da girirdi. Həmin o əcaib üzüylə – gözlərini ağarda-ağarda, dəmir addımlarla tufan kimi üstünə yeriyirdi. Onda anasının nəhəng kölgəsindən elə bil gecə düşürdü, hər yana qatı zülmət çökürdü… və o, bu kölgənin zülmət qaranlığında təmtək qalırdı… dəhşətdən, vahimədən bağrı yarıla-yarıla yığılıb-yığılıb, bapbalaca su damlasına dönürdü. Onda anası yekə, ağır ayaqlarıyla onun üstündən keçib gedirdi. Onu tapdayıb, əzib, döşəməyə yaxıb gedirdi… O da döşəməyə yayılan minlərlə su zərrəsiylə heysiz-heysiz kimlərisə köməyə çağırırdı…
Nənəsi üçün ürəyi gizildədi… başını sinəsinə qısıb, yumaq kimi yığılıb, nənəsinin qarnında gizlənməyi gəldi. Fikirləşdi ki, ora girə bilsəydi, daha çıxmazdı. Elə oradaca oturub qalardı, dərsini də orda oxuyardı, orda da yazardı, yatıb-durardı… Nənəsinin qarnı okean kimi nəhəng və dərin idi. Orda istəsəydi, lap velosiped də sürərdi.
…Anası hələ də dəhlizin o biri başından ona baxırdı. Baxdıqca, dişləri bir-birinə sıxılır, yumruqları düyünlənirdi, saçları pırpızlanıb yuxarı dartılırdı…
…Fincanın qırıqlarını ətəyinə yığdıqca iti şüşə qırıqları ətinə keçib barmaqlarının ucunu qanatdı.
Anası bir müddət ağır-ağır nəfəs ala-ala uzaqdan ona baxdı – baxdı və deyəsən, qəzəblənib üstünə qışqırmağa özündə güc tapmadı.
Anası olsun ki, yorulmuşdu… yoxsa, hirsini barmaqlarının qanı soyutmuşdu?..
– Əlin bişib?..
Anasının səsi həmişəki kimi quru və sərt idi.
…Titrəyib ayağa qalxdı, qırıqlar ətəyində, ehmal addımlarla mətbəxə getdi. Yeridikcə, arxadan kürəyinə oxlanan neştərli baxışları hiss etdi.
Anası bu oxlardan ona öz otağından da atırdı. Qara makinasını ikiəlli əsəbi-əsəbi döyəcləyə-döyəcləyə divarın o biri üzündən güllələyirdi onu.
Anası bir də beləcə yuxuda güllələyirdi onu.
Yuxuda anası həmin o qara makinasına minib tank kimi guruldaya-guruldaya üstünə yeriyirdi… makinanın düymələrini basıb onun bədənini güllələrlə doldururdu, aşsüzən kimi deşib tökürdü… O, yerə yıxılıb ölürdü. Amma aradabir başını yerdən qaldırıb can verə-verə yaralı bədəninə baxırdı və ətinə dolanın, sən demə, güllə yox, makinanın özü kimi qapqara hərflər olduğunu görürdü… bədəni başdan-başa qapqara çap hərfləriylə dolurdu və o, ürəyi əsə-əsə hərflərlə dolu, yaralı bədənini sürüyüb, anasının əlindən qaçırır haralardasa gizlədirdi… Sonra bir də baxıb görürdü, bayaqdan bəri içinə girib gizləndiyi, sən demə, iri “Ü” hərfi imiş…
..Ətəyindəki şüşə qırıqlarını zibil qutusuna çırpdı, qulağı dəhlizdə üst-başını təmizlədi, paltarına ilişən nöqtə boyda şüşə qırıntıları bircə-bircə hövsələ ilə ovcuna toplayıb əlüzyuyana tökdü.
…Anası hələ də dəhlizdəydi, əsəbi nəfəsi dəhliz boyu ilan kimi qıvrılıb zəhərli dalğalarla mətbəxə axırdı…
Anasını bir dəfə lap dəhşətli görmüşdü yuxuda. Yuxu ondan başlamışdı ki, o, barmaqlarının ucunda anasının otağına daxil olmuşdu, ehmal addımlarla arxadan ona yaxınlaşmışdı. Yuxuda anası üzü pəncərəyə, arxası qapıya oturduğundan, onun gəlişini hiss eləməmişdi. O, keçib anasıyla üzbəüz dayanmışdısa da, anası onu görməmişdi – əlləri dizlərinin üstə, gözləri pəncərədən uzaqlara zilləndiyi yerdə oturub qalmışdı. O:
– Ana! – deyib onu çağırmışdısa da, anası ona məhəl qoymamışdı. Onda o, əlini uzadıb anasının çiyninə toxundurmuşdu və anası içiboş müqəvva kimi laxlayıb böyrü üstə döşəməyə yıxılıb, onun başsız kuklası kimi uzun-uzadı mələmişdi… Onda qorxudan bağrı yarıla-yarıla, ağlaya-ağlaya, özünü anasının üstünə atmışdı, qolundan yapışıb onu yerdən qaldırmaq istəyəndə anasının qolu çıxmışdı… başı yerindən qopub otaq boyu dığırlanmışdı… O, anasının qol-qıçını qucağına yığıb öz otağına aparmışdı, orda qorxudan nəfəsi kəsilə-kəsilə, əl-ayağı keyiyə-keyiyə ha əlləşib-vuruşub qol-qıçı yerinə taxmağa çalışmışdısa da, heç nə alınmamışdı…
…Anasının qapısı çırpıldı və çox keçmədi ki, makinanın əsəbi çıqqıltıları evi başına götürdü.
İçini çəkib kətilə oturdu və fikirləşdi ki, anası bu qədər nə yazır axı?!.
Bir dəfə bunu öyrənməkdən ötrü oğurlanıb anasının otağına da girmişdi, üst-üstə qalaqlanan kağızları ələk-vələk eləyib yazdıqlarını oxumuşdu. Amma heç nə başa düşməmişdi.
Anası nə isə sərçələrdən yazırdı…
Fikirləşdi ki, bəlkə anası sərçələri sevirdi?!. Ya, bəlkə, anası özü sərçəydi, buna görə onu sevmirdi?!. Ya, bəlkə, əksinə, onu, sərçə olmadığına görə sevmirdi?!.. Yoxsa, anası sevirdi onu?!.
Hə, hərdən elə bil sevirdi. Bu, əsasən, o xəstələnəndə olurdu. Ələlxüsus qızdırması qalxanda. Onda anası, bir müddətə də olsa, makinasına sarı getmirdi, onun üstünə qışqırmırdı, evin ortasıyla dəli kimi vurnuxmurdu. Onda anası fikirli gözlərini bir nöqtəyə zilləyib çarpayısına otururdu. Mehriban gözlərini üzünə zilləyib susurdu, aradabir soyuq dodaqlarını alnına toxundurub istiliyini yoxlayırdı, sonra yorğun halda harasa uzaqlara zillənirdi. Anası dodaqlarını onun alnına toxunduranda da o dodaqlardan heç bir hərarət duyulmurdu. Anası həmin o soyuq dodaqlarıyla eynən beləcə, dəmir ütünün qızmağını da yoxlayırdı, zivədən yığdığı pal-paltarın nəmliyini də.
Fikirləşdi ki, ölsəydi, anası sevərdi onu.
Sonra gözünün qabağına gətirdi necə ölür… Necə onu tabuta qoyurlar, necə anası tabutun üstünə yıxılıb hönkür-hönkür ağlayır…
Anası bütün bədəniylə onun üstünə yıxılırdı… Onda anasının bədəninin çəkisini, istiliyini, iyini hiss eləyirdi və rahatlıqdan yuxusu gəlirdi…
Bunu son vaxtlar tez-tez gözünün qabağına da gətirirdi.
Yaxşı idi…
Ölümdən qorxmasaydı, bir də bilsəydi ki, öləndən sonra diriləcək, ölərdi. Hə, yəqin ki, ölərdi.
Ayaqlarını qarnına yığıb uzun müddət ölüm barədə fikirləşdi.
Ölüm, çox qəribədi ki, qara rəngdə deyildi. Dumanlı yaz səhəri kimi, ağappaq və soyuq idi. Fikirləşdi ki, öləndən sonra orda – o qatı dumanın içində bu balaca canıyla neyləyəcəkdi?!. Oturacaqdı, uzanacaqdı, ya qanad açıb sərçə kimi uçacaqdı?!. Bunu bilmirdi. Bir də bu aydın otaqdan ora – o dumanlı yerəcən necə gedəcəkdi?!. Harasısa ağrıyacaqdı, ya nəfəsi daralacaqdı, yoxsa, ət maşınına bənzər əcaib mühərrikin dişlərində əl-ayağı qarışıq çəkilə-çəkilə, qiyməyə dönüb gedəcəkdi?!. Burası qorxulu idi.
Bunu fikirləşdikcə elə bil axşam düşürdü… Yoxsa, otağın işığı zəifləyirdi?!.
Barmaqlarının ucuna qalxıb divar işığını yandırdı və fikirləşdi ki, ölsə, anası onun üçün ağlayacaq, hönkürüb lap dəli kimi ulayacaq.
Çünki anasının belə hönkürtülərlə ağlamağını nənəsi öləndə görmüşdü. Anası qollarını tabuta sarıyıb qışqırmaqdan batmış səsiylə: “Ana…a-a-a!” – deyib bağırırdı…
Sonra anasının ölməyini gətirdi gözünün qabağına. Anası solğun bəniziylə, sürməli gözləriylə, üzündəki həmin o əsəbi ifadəylə tabutda uzanacaqdı. Onda o, tabutun lap yanında oturub anasının solğun yanağını istədiyi qədər sığallayacaqdı.
Həmişə fikirləşib-fikirləşib, bu yerə çatanda özü ilə bacarmırdı, gözləri elə bil öz-özünə yaşla dolub-boşalırdı.
…Anası səssiz addımlarla dəhlizdən ötüb mətbəxə girdi. Orda, deyəsən, özünə qəhvə dəmlədi, sonra əlində fincan otağına qayıtdı və daha makinanın səsi eşidilmədi.
Fikirləşdi ki, qəribədi, anası elə bil orda – öz otağında, o boyda sakitliyin içində tək deyildi… Orda saatlarla oturanda da, dəhlizdən fikirli-fikirli ötüşəndə də, onunla üzbəüz dayananda da anası tək olmurdu. Yəqin, elə buna görə nə uzun-uzadı uzanan saatları, nə evin adamboğan sakitliyini hiss eləmirdi.
Dəhlizə qulaq kəsildi.
Anasının otağından axan adamboğan sakitlik qaynar su kimi bütün evə yayılırdı.
Fikirləşdi ki, görən, indi anası bu sakitlikdə orda neyləyir?!.
Bəlkə, həmin o qapısı bağlı otaqda elə beləcə, saatlarla tək-tənha otura-otura heç nə eləmir, oturub elə-belə divara baxır?!.
Anası orda – öz otağında kimdənsə gizlənirdi elə bil. Amma kimdən?.. Ondan, yoxsa, atasından? Burasını anlaya bilmirdi. Amma bir dəfə atasıyla qızğın mübahisə vaxtı anasının gözləri irilə-irilə vəhşi bir səslə:
– Əl çək yaxamdan!.. İcazə ver ölüm!.. – dediyini öz qulaqlarıyla eşitmişdi.
Onda, yadına gəlir, üzünü balışının içinə basıb o ki var, ağlamışdı.
Fikirləşdi ki, anası, bəlkə, düz deyirdi?.. O, otağa da ölmək üçün girirdi və bəlkə elə orda otura-otura ölürdü?!.
Hə, anası ölmək istəyirdi. Burası yüz faiz dəqiq idi.
Bu fikirdən ürəyinin xırda döyüntülərlə axdığını hiss etdi və fikirləşdi ki, axı anası niyə ölmək istəyir?
Bəlkə, anasını öldürən, rəngini gün-gündən saraldıb solduran, uşağına, ərinə nifrət elətdirən, həmin o gecə-gündüz dəli həvəslə yazdıqlarıydı?!.
Atası da nifrət eləyirdi o mənfur yazılara – bir dəfə elə belə də demişdi. Gecədən xeyli keçmiş anasının otağının qapısını açaraq:
– Nifrət eləyirəm, – demişdi, – sənin bu yazılarına!..
Fikirləşdi ki, atası niyə bu qədər acıqlıydı anasının əlindən?.. Elə acıqlıydı, elə bil anası yaza-yaza nə isə eləyirdi ona. Bəlkə, atasını da güllələyirdi? Onu güllələyən kimi – öz otağından, divarın o biri üzündən, öz qara makinasıyla.
Atası son vaxtlar anasına elə baxırdı, elə bil dişi ağrıyırdı. Sonra əlacsızlıqdan, o da qızdırırdı, yorğan-döşəyə yıxılıb zarıya-zarıya anasının üzünə baxırdı, “mənə yazığın gəlir?” – deyirdi.
Anasınınsa ona da yazığı gəlmirdi. Xəstələnəndə də gəlmirdi. Və hətta…
Bu yerə gəlib çatanda ürəyi sıxıldı.
Və hətta atası ölsəydi belə, anasının ona yazığı gəlməyəcəkdi. Bir dəfə atası:
– Ölsəydim, canın qurtarardı!.. – deyəndə, anası həmin ifadəsiz üzüylə:
– Ölmürsən axı?!. – demişdi və onda dəqiq bilmişdi ki, anasının atasına zərrə qədər olsun, yazığı gəlmir.
Otağın sakitliyinə qəribə bir soyuqluq da çökdü.
Yadına, eyni ilə belə bir soyuq sakitliyin əlindən baş götürüb anasının yanına getməyi, qapısını azca aralayıb otağına barmaqlarının ucunda daxil olmağı və gördüyü mənzərədən donub qalmağı düşdü…
…Anası yazı masasının arxasında yox, güzgünün qabağında əyləşmişdi, üzünə baxa-baxa, səssiz-səssiz ağlayırdı…
Qulağına o biri otaqdan hıçqırtı səsləri gəldi. Ürəyi çırpındı…
Ayağa qalxıb barmaqlarının ucunda dəhlizə çıxdı, asta-asta yeriyib anasının otağına çatdı, qapısını azca araladı.
…Anası pəncərənin qabağında, qolları qoltuğunda dayanıb harasa, uzaqlara baxırdı, qapının cırıltısına çöndü, dəmir kimi soyuq səslə:
– Nədi?.. – dedi.
– Elə bildim ağlayırsan.
– Ağlamıram, – anası dedi, – bir də bəsdi güddün məni.
Pəncərənin qabağı sərçələrlə dolu idi…
Dəhlizə çıxıb qapını örtdü, üzbəüzdəki güzgünün qarşısında dayanıb özünə baxdı.
Fikirləşdi ki, əslinə qalsa, anası onu, heç olmasa, gündə bir dəfə öpməlidi, ya da, heç olmasa, günaşırı öpməlidi. Necə ki, bütün analar öz uşaqlarını öpür.
Fikirləşdi ki, yəqin, bezib onu öpməkdən.
Yaxşı, öpməkdən bezib, onda heç olmasa, üzbəüz oturub danışsın onunla?!.
Anasıyla üzbəüz yalnız səhər yeməyində otururdu. Söhbət də təxminən belə olurdu:
– Üzün yenə qaşığa dönüb.
Bunu anası deyirdi. O da gülümsəyib çiyinlərini çəkirdi.
– Niyə yemirsən?!.
– İştahım yoxdu.
– Dünən qiymət almamısan?..
– Ədəbiyyatdan “beş” almışam.
Anasının üzü bu cavabdan da dəyişmirdi:
– Afərin.
Sonra anası həmin o üzlə, fikirli halda geyinib işə gedirdi.
Axşamlarsa anası lap əsəbi olurdu. Əvvəl üst paltarlarını soyunub bir müddət yataq otağında gözüyumulu uzanır, sonra ayaqüstü nə isə yeyib otağına çəkilirdi və bir daha ordan çıxmırdı. Yenə qara makina işə düşür, gülləbaran başlayırdı.
Fikirləşdi ki, gör bir neçə vaxtdı anası bu vəziyyətdədi. Görən, anasını bu hala salan nədi?..
Balaca ürəyindən ilıq suya bənzər nə isə axdı. Başını divanın kürəkliyinə söykəyib nəfəsini dərdi. Çox keçmədi ki, qara makina yenə işə düşdü. Anası indi də kim idisə, ayrı birisini güllələyirdi…
Anası makinada yazanda elə bil bütün dünyanı unudurdu. Gözlərinin içi dəyişirdi, saçları pırpızlaşırdı, barmaqları ucuiti qələmlərə dönürdü, üzü hansısa vəhşi quşun üzünü andırırdı. Yox, quşun yox, şirin.
Hə, anası yazanda şirə oxşayırdı.
…Ayağa qalxıb pəncərənin qabağına keçdi.
Axşam düşürdü. Bir azdan anası onun otağının qapısını açıb robotsayağı quru bir səslə:
– Yatmaq vaxtıdır, – deyəcəkdi, qapını örtüb yoxa çıxacaqdı və o, bu yarıqaranlıq otaqda, boz timsahı xatırladan narahat divanında o üz-bu üzə vurnuxa-vurnuxa, tavana baxa-baxa qalacaq, yuxusunun gəlməyini gözləyəcəkdi. Yuxusu isə anasıyla bir gələcəkdi…
…Anası yuxuda hərdən mehriban olurdu… Makinanın əvəzinə paltartikən maşını çaqqıldadıb ona bir ucdan çəhrayı, narıncı paltarlar tikirdi… sonra bu paltarları əyninə geyindirib qucağında oturdurdu, saçlarını sığallayırdı… sığalladıqca, saçları tökülməyə başlayırdı… dizlərinə, döşəməyə tökülürdü, anasının ovuclarında qalırdı… onunsa qanı qaralmırdı, əksinə, bədəninə xoş bir rahatlıq yayılırdı, yuxusu gəlirdi…
…Qapı cırıltıyla açıldı. Dəhlizin işığından bir parça içəri düşdü.
Gələn anasıydı. Əvvəl başını, sonra bədənini içəri salıb səssiz addımlarla ona yaxınlaşdı, başının üstündə dayanıb yuxarıdan-aşağı üzünə zilləndi…
Ürəyi qorxu içində çırpındısa da, gözlərini açmağa ürək eləmədi.
Anası bir müddət beləcə dayanıb nəyisə gözlədi, sonra əyilib onun qulağına:
– Yenə güdürsən məni?.. – deyə pıçıldadı.
…Qorxudan gözlərini açmadan başının hərəkətiylə “yox” dedi. Onda anasının dəmir kimi soyuq əli ağız-burnunu qapadı… elə qapadı ki, havasızlıqdan boğulub dik atıldı…
Dizlərinin üstündəki dərsliyi sürüşüb yerə düşdü…
Yuxuya gedibmiş… Üşüdü, qollarını qoltuğuna soxub büzüşdü.
Qəfildən ağlına gələn fikirdən içi atıldı… Divandan sıçrayıb özünü dəhlizə atdı, anasının otağının qapısını aralayıb içəri boylandı…
Anası yenə dəli kimi nə isə yazırdı…
Ehmal addımlarla içəri keçib, anasıyla üzbəüz dayandı.
– Nədi?.. – anası əlini saxlayıb, eynəyini saçlarına keçirdi, sönük gözlərlə üzünə zilləndi.
– Deyəsən, azarlamışam, – dedi, sonra qollarını qoltuğuna soxub bayaqkı kimi “üşütdü”.
Anası əsəbi halda köksünü ötürüb əlini onun alnına qoydu.
– Qızdırman yoxdu, – deyib, dünyadan bezmiş üzüylə ona baxdı.
– Bəlkə, ölçüm?..
– Lazım deyil.
– Onda, demək, qalxacaq.
– Qalxar, baxarıq, – anası dedi və elə bil dişini qıcadı.
Başını aşağı salıb qapıya sarı yeridi, kandarın ağzına çatanda geriyə çöndü:
– Özümü pis hiss eləyirəm. – dedi. – Üşüyürəm, ürəyim bulanır.
– Limon ye, isti geyin, – anası dedi. Daha doğrusu, bippildədi.
Otaqdan çıxıb qapını örtdü. Balaca yumruqları düyünlənib sıxıldı. Otağına qayıdıb pəncərənin laylarını taybatay açdı.
Pəncərənin qabağı sərçələrlə dolu idi deyə, “prrr” eləyib havaya qalxdılar. Yaz gəlsə də, havada qışın soyuqluğu hələ hiss olunurdu.
…Bir müddət beləcə, əynindəki nazik paltarda, soyuqdan titrəyə-titrəyə, külək saçlarını qatıb qarışdıra-qarışdıra pəncərənin qabağında dayanıb durdu…
Külək iliyinə işlədikcə fikirləşdi ki, qoy xəstələnsin!.. Elə xəstələnsin ki, qızdırmaölçənin civəsi şüşəsini çatladıb fəvvarə vursun!..
Ya, bəlkə, özünü aşağı atsın?!. Sonra bunu təsəvvürünə gətirdi. Necə pəncərənin məhəccərinə qalxıb özünü aşağı atır, saçları, paltarının ətəkləri havayla yellənə-yellənə üzüaşağı uçur… Necə anası aşağıda qopan hay-küyün səsinə ayaqları bir-birinə dolaşa-dolaşa, qışqırıb ağlaya-ağlaya qaçıb gəlir…
Boğazını qəhər sıxdı. Gözləri doldu. Sonra da fikirləşdi ki, bəlkə, anası heç gəlməyəcək?!.. Makinanın arxasından ayağa qalxıb aşağıdakı səs-küyə boylanacaq, köksünü ötürüb, dünyadan bezmiş üzüylə pəncərənin laylarını bağlayacaq, eynəyini yerinə qaytarıb, yenə dəli kimi yazmağına davam edəcək?..
Barmaqlarının ucuna qalxıb aşağı boylandı…
Başı elə hərləndi ki, səntirlədi, az qaldı döşəmədən qopub başı üstə aşağı uçsun…
Özünü zorla saxladı, pəncərəni bağlayıb ürəyi yerindən qopa-qopa qayıdıb divanın bir küncünə qısılıb büzüşdü.
…Pəncərənin qabağı yenə sərçələrlə dolu idi… Sərçələr hər səhər anasının pəncərə qabağına səpdiyi çörək qırıntılarına gəlirdilər, onları dənləyib başlarını şad-xürrəm çevikliklə oyan-buyana çevirir, bir-birinin üstündən atıla-atıla, elə bil ənzəli oynayırdılar. Hərdənbir də şüşənin o biri üzündən nöqtə gözləriylə dinməz-söyləməz ona zillənir, qəribə bir məkrlə üzünə gülümsəyirdilər.
…Hər səhər anası yerindən qalxıb yuxulu sifətiylə birbaş mətbəxə gedirdi, ordan bir parça çörək götürüb pəncərə qabağına səpir, başını şüşəyə söykəyib sərçələrin çörək qırıntılarını dənləməsinə baxırdı.
…Sərçələrin dimdik səsləri makinanın çıqqıltısına qarışmışdı…
Nəfəsi daraldı… ayağa qalxıb ova çıxan kimi, ehmal addımlarla pəncərəyə yaxınlaşdı, dəstəyi ehtiyatla burub layın birini açdı…
…Sərçələr lap yaxında idi… ona məhəl qoymadan, cikkildəyə-cikkildəyə atılıb düşürdülər…
Əlini irəli atdı. Sərçələr pırıldayıb havaya qalxdılar.
Ovcu boş deyildi. Sərçələrdən biri, axır ki, keçmişdi əlinə.
Sərçənin isti, yumşaq bədəni ovcunun içini qıdıqladı, noxud başı oyuncaq kimi, o yan-bu yana çevrildi, balaca, qara gözləri üzünə zilləndi və sərçə elə bil yenə gülümsədi…
Bədəni boyu dolanan qapqara, zəhərli acıq axıb sərçəni tutan ovcuna yığıldı, ovcu necə sıxıldısa, quşun balaca başı cansız çəkisizliklə geri qatlandı.
Sərçənin ölüsünü əlinin içində o üz-bu üzə çevirib baxdı.
Bayaqkı təbəssümü hələ də üzündəydi. Odu ki, quşun başını iki barmağıyla tutub açarı buran kimi burub kökündən qopartdı, aparıb mətbəxdəki zibil qutusuna atdı.
Otağına qayıdanda hiss elədi ki, dizləri əsir. Divana oturub əllərinə baxdı.
Əlləri də əsirdi.
Çox keçmədi ki, atası gəldi. Atasının qanı yenə qara idi. Özü də, deyəsən, içmişdi. Tüklü üzüylə yanağından öpüb elə bil ləngər vurdu, sonra keçib həmişəki yerində, televizorla üzbəüzdəki kresloda əyləşdi.
…Gəlib atasının böyründə oturdu, başını onun sinəsinə söykədi. Atasının köynəyi elə bil nəm idi.
– Ev yaman soyuqdu, – atası dedi, sonra onun başından öpdü.
Atasından tər iyi gəlirdi…
…Səhər makinanın çıqqıltısı kəsmişdi. Televizorun da səsi gəlmirdi. Elə bil evdə heç kim yox idi.
Yerindən qalxıb başmaqlarını geydi, gərnəşə-gərnəşə dəhlizə çıxdı.
Anasının otağını qapısıaçıq görəndə təəccübləndi, içəri boylandı.
Otaq elə bil dəyişmişdi. Makina yoxa çıxmışdı. Makinanın altındakı yazı masası da yerini dəyişib lazımsız əşya kimi bir küncə dirənmişdi. Anasının saatlarla üzünə baxdığı güzgüsü də yox idi. Və ümumiyyətlə, otaqda anasına aid elə bil heç nə yox idi. Anasının kreslosu otağın ortasındaydı və orda indi atası oturmuşdu. Tüklü üzünü əliylə gizlədib siqaret çəkirdi, onun gəlişini hiss edib dikəldi. Onda gördü ki, atasının gözləri qıpqırmızıdı.
– O hara getdi?..
Atası çiyinlərini çəkib bədbəxt bir ifadəylə ona baxdı:
– Bilmirəm, – dedi, sonra ata-bala qucaqlaşıb bir müddət dərdli-dərdli yelləndilər.
Pəncərənin qabağı sakit idi, sərçələrin səsi gəlmirdi.
Çönüb pəncərəyə baxdı və başa düşdü. Gözləri doldu.
Anası sərçələrlə getmişdi…
1990