A+    A-

Şəkil (Şərif Ağayar)

Babamı mən kor eləmişdim. Buna bütün varlığımla inanacaq qədər balaca, vicdan əzabı çəkəcək qədər böyük idim. Belə baxanda, özündə də günah vardı. Çox əsəbi idi. Evdə üstümüzə qışqırır, bizi danışmağa, oynamağa qoymurdu. Atam ona uzun bir çubuq düzəltmişdi, yatdığı taxtın üstündən evin o başına çatırdı. Şuluq edəndə həmin sehrli çubuq bizi hər tərəfdə axtarıb tapır, təpəmizdə bir dəfə “taqqq” eləyərək çəkilirdi. Əli də ağır idi. Vuranda başımızı ovuşdura-ovuşdura qalırdıq.

Belə vaxtlarda babama nifrət edirdim. Atamın onun saqqalını, başını qırxmasına, anamın ayaqlarını yumasına razı olmurdum. Axı kim idi e, bu eqoist qoca? Haradan gəlib düşmüşdü evimizə? O olmasa, elə gözəl olardı ki, hər şey. Anamla da dalaşırdı hərdən. Hətta bir dəfə şillə də vurmuşdu. Çox pis olmuşdum. Gücüm çatsa, mən də babamı döyərdim. Bircə atama güvənirdim ki, o da dinib-danışmırdı. Elə bil görmür, eşitmirdi. Elə də çox istəyirdi ki… “Dədə, sənə qurban olum” deyəndə beşi də yanından tökülürdü. Təzyiqi qalxanda qarşısında çöməlib ayaqlarını isti suya qoyurdu, paltarını dəyişməyə kömək edirdi, küləkli havalarda qolundan tutub subaşına aparırdı. Amma babam bunun əvəzində əmimi daha çox istəyirdi. Bütün günü üstünə düşürdü ki, evlənsin. Əmimsə onu vecinə almırdı. Eləcə gülüb keçirdi.

“Nə vurursan eee?!” – bir dəfə balaca əlimi irəli uzadıb babama sarı qışqırdım. Lap hirsləndi. Yatağından qalxıb dalımca düşdü, qulağımın əmziyini elə bərk çəkdi ki, altından qan gəldi. Həm də söydü məni: “Südünə lənət!” – dedi. O gün-bu gün düşmən kimi baxırdım ona. Axşamlar atamla anam həyətdə işləməyə gedəndə məni ha çağırırdı, qəsdən cavab vermirdim. Su istəyirdi, aparmırdım. Özü məcbur olub qalxır, dəhlizdə sənəyi axtarıb tapır, əl-ayağı əsə-əsə su süzürdü. Onun bu halından inanılmaz zövq alırdım. Osa dodaqaltı deyinirdi. Bəlkə də söyürdü məni.

Bicləşmişdim artıq. Mənə hirslənəndə qaçıb taxtın altında gizlənirdim. Ora nə çubuq işləyirdi, nə də özü düşüb gələ bilirdi.

Atam tutaşmağımıza gülürdü: “Yola getmirsiz? Hahaha!” Babam da gülümsünüb saqqalını ovuşdururdu.

Özü bir yana, divarın başından asılan cavanlıq şəkli də qəzəblə baxırdı mənə. O şəkildən də zəhləm gedirdi. Atamın dediyinə görə, müharibəyə gedəndə çəkdirmişdi. Lap cavan idi. Saçlarını yandan vurmuşdular, ortasında bir topa qısa pamazok kimi qalmışdı. Əynindəki əsgər köynəyi boğazınacan düymələnmişdi. Elə qətiyyətlə baxırdı ki, elə bil gedib bütün Almaniyanı dağıdacaq. Amma həm də gülməli idi. Ondan faşist öldürən olmazdı. Gücü mənə çatardı elə… Cəbhəyə gedən kimi yaralanmış, əsir düşmüşdü. Krımda olmuşdu, dediyinə görə. Evdə gizlincə almanları tərifləyirdi. Deyirdi, bizi əsir alanda çox yaxşı baxdılar, süd, bulka verdilər. Vermişel, düyü, peçenye… Hətta şokolad! Mən inanmırdım buna. Atam inanırdı. Atamın dediyinə görə, babam müharibədən, daha doğrusu, əsirlikdən gələndən sonra qorxusundan düz üç il danışmayıb. Özünü lallığa vurub. Qorxurmuş ki, onu satqın kimi tutub güllələyərlər. Hamını inandırıb lal olmasına. Heç səsi də çıxmırmış. Ara bir az sakitləşəndə ilk dəfə atamla yavaş-yavaş danışmağa, ona vəziyyəti izah eləməyə başlayıb.

Kaş o vaxt əsirlikdə öldürəydilər. Elə sevinərdim ki! Yəni öldürmüş olsaydılar və həm də mən babamı tanımış olsaydım, sevinərdim. Yoxsa atama görə pis olardım. Yəqin, o da öz atasını mənim kimi çox istəyirdi.

Babam məni söydüyü üçün ha eləyib ondan qisas almağa çalışırdım. Yatdığı yerdə bığlarını yolmaq, daz başını şillələyib qaçmaq, çayının içinə tüpürmək, ayaqqabısına işəmək… Amma nədənsə bunun heç birini eləmədim. Deyəsən, divardakı şəkildən qorxurdum. O, mənə elə qəzəblə baxırdı ki… Amma bir gün, nəhayət ki, amansız qisasımın yolunu tapdım! Yiyəsizliyə salıb şəkli divardan açdım, döşəməyə qoydum, pərgarın ucuyla gözlərinin didəsini oyub tökdüm. Anam məni qəfil cinayət üstündə yaxaladı və necə həyəcanlandısa “uyyy!!!” eləyib üzünü cırırmış kimi sifətini xışmaladı. Qorxdum. Ağladım. “O məni niyə söyür?” – dedim. Anam məni sakitləşdirib, şəkli gizlədi. Bir də başa salmağa çalışdı ki, əslində, baban səni dəhşətli dərəcədə çox istəyir, körpə vaxtı lüt soyundurub köynəyinin altından qoynuna salırdı, duduşundan öpürdü, boğazını, sinəni bal kimi yalayırdı, sən də, maşallah, ağappaq, koppuş uşaqdın, qorxurdum bir gün səni hopp eləyib udar…

Güldüm xeyli, xoşuma gəldi. Amma şəklin gözlərini tökməyə peşman olmadım. Bircə əmimin zəhmətinə hayıfım gəlirdi. O şəkli Moskvada poçtla böyütdürmüşdü. Neçə gün həsrətlə yolunu gözləmişdi. Belə gözəl alınmasına elə ürəkdən sevinirdi ki… Kibrit boyda köhnə şəkli kitab boyda təzə şəkillə yanaşı qoyub baxdıqca baxırdı. Babam da, atam da, anam da, hətta qonşularımız da yığışıb hər iki fotoya maraqla tamaşa etmişdilər. Hamı məəttəl qalmış, heyranlığını gizlədə bilməmişdi.

Allah üçün, babam şəklinin divardan asılmasını istəmirdi. Deyəsən, ölməkdən qorxurdu. Bir gün öz diliylə dedi: “Bala, hələ ölməmişəm ha!” Əmim onu qucaqlayıb qulağından öpdü: “Qorbaçov da ölməyib, dədə, hər tərəfə şəklini vurublar”.

Mən babamın şəklinin gözlərini oyan gün müharibə xəbəri gəldi. Dedilər, buralardan köçüb getməsək, hamımızı öldürər, əsir apararlar. Atam təlaş içində evimizi bir maşına yüklədi. Babamla anam kabinədə, atamla biz balacalar kuzada oturduq. Sevinirdik. Yəqin, maraqlı yerlər görəcəkdik. Düzənliklər… Futbol… Silahlı əsgərlər… Tanklar… Mən də böyüyüb əsgər olacaqdım…

O gündən sonra babamın fotosunu asmağa heç vaxt divarımız olmadı.

Mən buna bir az sevinirdim də. Çünki atam şəklin gözlərini oyduğumu heç vaxt bilməyəcəkdi. Anam onu gizləmişdi.

Əmim heyvanlarımızı gətirmək üçün kənddə qaldı. Bizimlə necə görüşdüyünü yaxşı xatırlayıram. Babamı lap çox qucaqladı. Atamla soyuq görüşdü. Anam dabanlarını qalxızıb əmimin çənəsinin altından öpdü. Ucaboy idi. Tüfəngi də vardı. Mənə baxıb güldü. Üzümdən öpəndə tüfəng çiynindən sürüşüb üstümə düşdü. Düzəltdi çiynində, baş barmağını qayışına keçirib gözünün birini qıydı: “Darıxma, gələcəm, ova gedək. Hacı Süleymanda yaxşı dovşanlar olur”. Və ağ atımızı minib yoldaşlarının dalınca çapdı.

O gündən əmimi bir daha görmədik. İtkin düşdü müharibədə. Amma ağ atımız gəlib çıxdı. Haradasa atı yoldaşlara əmanət edib yol maşınları ilə bizi yoluxmağa gəlirmiş. Nə gəlib bizi tapa bildi, nə də geri qayıdıb yoldaşları… Biz əmimin yoxa çıxmasından bir ay sonra xəbər tutduq. Elə bilirdik, yoldaşlarla qalıb. Bəli, ağ atımız gəldi, əmim yox. Babamı ilk dəfə onda ağlayan gördüm. Atın boynunu qucaqlayıb alnını yalmanına söykədi: “Ay bivəfa, oğlumu neylədin? Mən onu sənə etibar eləmişdim…” – dedi və həzin-həzin ağladı. Atımız əvvəlcə səsini boğazında incik-incik qaynadıb etiraz eləsə də, babamın ağladığını görüb susdu, qulaqlarını salladı. Elə bil babamın üzünə baxmağa xəcalət çəkirdi.

Əmimin Hacı Süleyman dediyi yer göz işlədikcə düzənlik idi. Yovşan, yağtikan, qarağan topaları, xırda otlar və təkəm-seyrək yulğun kollarından başqa heç nə gözə dəymirdi. Ətraf şoranlıq idi. Elə dəhşətli istilər keçirdi ki, nəfəs almaq olmurdu. Su da yox idi buralarda. Köhnə yataq yerində bir tərəfi yıxılmış yeraltı dama yığışdıq. Atam ora-burasına əl gəzdirdi. Üstünə təzə müşəmbə çəkməmiş əmimin xəbəri gəldi və bizi babama tapşırıb qardaşını axtarmağa getdi.

Babam ağ atımızla danışan gündən çevrilib başqa adam olmuşdu. Deyəsən, doğrudan da anam deyən idi. Onun mərhəmətli qəlbi vardı. Gözləri xeyli zəifləsə də bircə gün rahat oturmurdu. Keçilərimizi otarır, həyət-bacanı qaydaya salır, ilan yuvalarının üstünü örtür, yıxıq tikililərdə salamat ağac, şifer axtarırdı. Səhərlərsə məni götürüb yağış suyu yığmağa gedirdi. Babam Hacı Süleyman torpaqlarını yaxşı tanıyırmış. Deyirdi, bir-iki həftəyə yağışlar kəsiləcək, göydən od yağacaq.

Eyni heç açılmırdı. Üzdən gülümsəsə də içində qan ağladığını hiss edirdim. Qalın linzalı eynəyini taxıb tozanaqlı yollara baxır, heç nə görməyəndə məndən soruşur, çoxlu suallar verirdi. Bəzən mən keçilərin dalınca uzağa gedəndə fürsət tapıb ağlayırdı. Yanına gələndə səsimi qısır, çör-çöp ayağımın altında qalıb səs salmasın deyə asta yeriyir, babamın ağlamağına mane olmaq istəmirdim. Daha doğrusu, bundan çəkinirdim. Mənə elə gəlirdi ki, onun ağlamağı çox vacib bir ayindir və rahat ağlayıb kiriyəndən sonra hər şey yaxşı olacaq.

Babam qan-yaş tökdükcə gözləri daha da zəifləyirdi. Elə bil istilər onun gözlərini də qurudurdu. Getdikcə öləziyir, geri çəkilir, içində ağ halqalar peyda olurdu. Artıq keçiləri saya bilmirdi. Mənimsə saydığıma inanmır, boş yerə mübahisə edir, yaxşı görmədiyi üçün gözlərini söyürdü. O, həm də arıqlayırdı və arıqladıqca şəkildəki adama daha çox oxşayırdı. Babam şəkildəki adama oxşadıqca mən vahimələnirdim.

Ancaq məni darıxmağa qoymurdu. Deyirdi, insan gərək ən çətin vaxtlarda da yaşamağı bacarsın, möhkəm olsun. Ağır illərdən, bundan daha acınacaqlı vaxtlardan misallar çəkir, nağıllar danışırdı.

Bir dəfə soruşdum: “Bəs elədirsə, özün niyə ağlayırsan əmimdən ötəri?”

Diksindi. Uzun müddət susdu. Handan-hana dərindən ah çəkib dedi: “Ona qardaşımın adını qoymuşdum. Qardaşım da o biri müharibədə itkin düşdü…”

***
Artıq Hacı Süleyman torpaqlarına yağışlar da yağmırdı. Hacı Süleymanın təkcə yeri deyil, göyü də qurumuşdu. İstidən nəfəs almaq olmurdu. Elə bil bizi iplə yanan təndirin içinə sallamışdılar. Bədənimizdən yanmış yağ iyi gəlirdi. Yer istidən elə çatlayırdı ki, az qala çırtıltı səsini eşidirdik. İlan-çayanlar da dəhşətli istilərə dözməyib yoxa çıxırdı yavaş-yavaş. Ditdili və mığmığaların əlindən rahatlıq yox idi. Mığmığalar miçətkəndən də keçirdi. Ətraf getdikcə daha çox şoranlaşır, uzaqdan-uzağa qar kimi ağarırdı. Qurumuş torpaq ayaq altında xırıltıyla ovulub toza çevrilir, külək əsəndə bu toz havaya qalxıb ətrafı tüstü kimi bürüyür, günlərlə çəkilmirdi. Toz seyrələndə uzaqdan çay axdığını görürdüm. Babam deyirdi, heç vaxt buna aldanıb getməyim. Bu, ilğımdır. İstidən adamın gözünə görünür. Deyirdi, Hacı Süleyman torpaqlarının hər tərəfinə bələdəm, buralarda bineyi-qədimdən çay, bulaq olmayıb. Amma vallah axırdı. Görürdüm o çayı. Yuxu deyildi. İlğım-filan deyildi. Dalğalanaraq, şaqqıldayaraq xoşbəxtcəsinə axırdı. Söz yox, nə qədər susasam da o çaya tərəf getmirdim, əmim kimi itməkdən qorxurdum.

Tozanaq qalxanda heç nə görünmürdü. Adamlar azıb evlərinin yolunu tapmırdılar. Heyvanlar da azırdı belə toz-dumanın içində. Elə bil babamın şəkli asılan evimizdən simurq quşunun qanadında gəlib tamam fərqli bir dünyaya düşmüşdüm. Buradakı torpaq da, su da, günəş də tamam başqa idi. Orada tanıdığım adamlar da burada tamam dəyişmişdilər. Qorxaq, aciz, ağlağan olmuşdular. Babam məni öyrətmişdi ki, küləyin haradan əsdiyinə həmişə diqqət edim. Küləyi hiss eləməyəndə barmağımı ağzımda isladıb havada tutum. Və bununla istiqaməti tapım. Adam sağını-solunu bilsə, bir də ilğıma aldanmasa heç vaxt azmaz.

“Əmim də ilğım görüb, baba?” – soruşdum bir dəfə.

“O azmayıb, – hirslə dedi. – Yolları bilir. Gələ bilmir!”

Bizim heyvanlar qapımızı yaxşı tanıyırdı deyə, rahat idim. Harada olsam, məni gətirib çıxaracaqdılar. Bircə ilğıma aldanmasam, yetər. Nə olsun ki, həqiqətən də çay axırdı oradan. Axır, axsın, mənə nə!

Babam o yayı çoxlu nağıllar danışa-danışa, bizə çoxlu məsləhətlər verə-verə damımızın dəhlizində oturub obaya gələn yolu vərə-vürd eləməklə keçirdi. O, gözünün son işıq parçalarını da əmim üçün xərcləyirdi. Üfüqdəki çayın yanınacan uzanıb gedən tozanaqlı yollar babamın gözünün işığını əmdikcə əmir, sanki qəsdən ora-bura burulub onu əziyyətə salırdı. Bəzən baxışları şübhəli bir qaraltıya ilişib qalır, üzünü qırışdırıb daha dəqiq görməyə çalışır, bir şey çıxmayanda məni haraylayırdı.

Qar yağanacan birtəhər dözdük. Əslində, dözə bilmədik heç… Neçə dəfə xəstələndik, iki inəyimiz qızdırıb öldü. Ayaqlarım yara tökdü. Elə incidirdi ki… Babam məni obadakı balaca, ağ vaqona – yardım həkimlərinin yanına aparanda “Ayaqqabısı yoxdur” deməyə utandı. Dedi, nadincliyindən ayaqyalın gəzir. Dik məmələri içimi qıdıqlayan qara dikdabanlı ucaboy həkim məlahətli səsiylə tərcüməçiyə söylədi ki, bir daha ayaqyalın gəzməyim. Bədənimdə yağtikan zəhərinə qarşı allergiya var, yoxsa başqa problemlər yarana, hətta zəhərlənmə ola bilər. Ayaqlarımın çirkinə və yaralarına görə həkimdən utandım, onları oturduğum çarpayının altında gizləməyə çalışdım. Dikdabanlı həkim bunu görüb qəribə bir doğmalıqla gülümsəyəndə lap özümü itirdim. Başımı aşağı saldım. Bu an nədənsə əmimin gülüşü gəlib durdu gözümün qabağında və qəfil fərqinə vardım ki, dikdaban geyinmiş həkim bir suyundan əmimə oxşayır. Doğmalığı da ondandır. Bəlkə də heç oxşamırdı, mənə elə gəlirdi.

Yardım həkimləri babamın gözlərinə də baxdılar. Dedilər, güclü təzyiqi var. Əsəb və stressdən işığını tamam itirə bilər. Burada heç bir şərait yoxdur. Təcili harasa xəstəxanaya getməlidir.

Mənə balaca sellofanın içində çoxlu atma dərman, iki-üç maz verdilər. Dərmanlar xeyli kömək eləsə də ayaqlarımın giziltisini axıracan ovuda bilmədi. Onda babam qapımızdakı toyuqlardan birini kəsdi, dərisini soyub ayaqlarıma çəkdi, üstündən yumşaq parça büküb qatmayla bağlayanda dodaqlarının altında dua kimi bu sözləri pıçıldadı: “Mənim gözəl balam”. Gözlərim doldu. Anamın dediyi köynək söhbətinə bundan sonra zərrəcə şəkk-şübhəm qalmadı. Və babam bu sözləri elə böyük sevgiylə dedi ki, iki-üç günə ayaqlarım sağalıb anadangəlmə oldu.

Atam yayın bir ortasında gəlib çıxdı. Əmimdən xəbər yox idi. Dedi, bizim tərəflərdə qanlı döyüşlər gedir, gündə o qədər adam ölüb, itkin düşür ki… Kimi axtarasan? Kimdən nə soruşasan?

Əmimdən xəbər gətirmədiyinə görə babam atamın üzünə baxmır, onu danışdırmırdı. Atam gizlində deyinirdi: “Axı mənim nə günahım var?”

İstidən ümidlərimizin də yanıb kösövə döndüyü adi günlərin birində babam başını göylərə doğru qaldırıb öz-özünə pıçıldadı: “Yağış yağacaq!” “Nədən bilirsən, baba?” – yanına qaçdım. “Havadan dağların iyini alıram”, – burun pərələri qalxıb-endi. Uzaqdan bizi marıtlayan atam mızıldandı: “Kişinin başına hava gəlib”. Babam təmkinini pozmadan daha da inamlı səslə: “Yağacaq, – söylədi, – mütləq yağacaq”. Boğazını arıtladı ki, səsi titrəməsin: “Baxarsız…”

Bir azdan doğrudan da göy üzünə qara bulud gəldi, şıdırğı yağış başladı. Çox sevindik. Babam da sevindi. Eynəyini taxıb buludlara baxdı. Amma deyəsən, heç nə görmürdü. Əllərini yağışa açdı. Havanı qoxladı, qoxladı… İslanmış torpaq qoxusu mənim də içimi yaşamaq eşqiylə doldurdu.

***
“Səriallahın səlaha
Qulhuvallahın səlaha
Bərkiridir cəbreyil
Əmanətin qahala…”

Mənasını indi də anlamadığım bu sözlər körpə vaxtı məni lüt soyundurub köynəyindən içəri salan babamın mənə öyrətdiyi dualardandır. Qurd ağzı bağlamaq duası… Dedim axı, bəzən Hacı Süleymanda heyvanlar da azır, gəlib sahibinin qapısını tapa bilmirdi. Səhərlər orda-burda cəsədləri qızarırdı. Qaçqın obalarına canavar dadanmışdı. Canavarlar bilirdi ki, bu düzənliklərdə nabələd heyvanlar var. Babam deyirdi bunu. Deyirdi, canavar çox ağıllı heyvandır. Əsl çoban həm sürünü, həm canavarı otarmalıdır. Yoxsa canavar onu otaracaq. Hətta deyirdi, aşağı obalarda bir dəstə qarabölük adamlara hücum edib. Bilmirəm, bəlkə də məni qorxutmaq üçün uydururdu bunları. Düşünürdü ki, obadan uzaqlaşıb azaram.

Yağmurlu payız gecələrinin birində ağ atımız gəlmədi. Dəliyə döndüm. Heç əmim itkin düşəndə bu qədər sarsılmamışdım. Ağ atı, bəlkə, atamdan da çox istəyirdim. Gözəl at idi. Ömrümdə belə ağappaq, belə cəsur, belə güclü heyvan görməmişdim. Kişnəyəndə adamın ürəyinə od düşürdü. Səsi elə nisgilli idi ki, eşidənlərin içini titrədir, həm də ruhuna sakitlik gətirirdi. Hələ qoxusu… İlahi!

Əslində ağ atımız heyvan deyil, evimizin bir sakini idi. Evimizi, ailəmizi onsuz təsəvvür eləmirdim. Həm də əmimin hənirini alırdıq ondan. Aramızda əmimi axırıncı dəfə görən ağ atımız idi. Onu canavar yesə, dözə bilməzdim. Bəlkə, elə indi üstünə qarabölük düşmüşdü? Bəlkə, həminki kövrək, adamın içini titrədən səsiylə kişnəyib atamı, əmimi, hətta məni köməyə çağırırdı? Gah içəri girir, gah çölə qaçır, gah da qapının yanavından vahiməli qaranlığa baxırdım. Baxdıqca daha çox üşənirdim. Babam gözgörəti havalandığımı görüncə cibindən qatlama bıçağını çıxarıb açdı, ağzına yaxınlaşdırdı və bu sözləri oxuya-oxuya üfürüb bağladı: “Səriallahın səlaha…” Sonra da qatmayla bərk-bərk sarıdı: “Qurdun ağzını bağladım! Bu gecə atımıza xətər dəyməyəcək! Amma gərək atı tapana qədər bıçağın ağzını açmayasan!” Bıçağı aparıb gizlədim. Qayıdanda bayaqkı sözləri təkrar-təkrar soruşub əzbərlədim.

Ağ at sağ-salamat gəldi. Qaçıb onun yulaf qoxuyan yumşaq burnundan öpdüm. Bıçağın da ağzını bir həftə açmadım ki, canavar başqa heyvanlara xətər yetirməsin.

Hacı Süleymana qar düşən gün babamın gözləri tamam tutuldu. Burnunun ucunda barmağımı gah “bir”, gah “iki” tutub soruşurdum, bilmirdi. Ancaq nədənsə yenə eynəyini gözündən çıxartmırdı. Hətta şüşəsini anama sildirirdi də.

Babam yeraltı qazmamızın böyründəki basmanın yanında ala-tala görünən qara tərəf oturub özü üçün nəsə düşünərkən birdən ağlıma gəldi ki, bütün baş verənlərin baiskarı mənəm. Əgər pərgarın ucuyla babamın şəkildəki gözlərini oymasaydım, o, kor olmaz, evimiz dağılmaz, əmim itkin düşməzdi. Hətta babam kor olmasa uzun çubuğunu əlinə alıb yad adamları evimizdən qovar, əmimi tapar, bizi Hacı Süleymanın istilərinin-mığmığalarının əlindən xilas edərdi.

Və buna inanacaq qədər uşaq, bundan əzab çəkəcək qədər böyük idim.

***
Babam öləndə vəsiyyət elədi ki, yanında əmim üçün yer saxlasınlar. Saxladılar. Amma əmimin ölüsü də gəlmədi.

Qəbrin üstünü götürəndə daşa vurmağa başqa şəkil tapmadıq. Anam düyünçələrini qurdalayıb gözlərini tökdüyüm şəkli çıxartdı, daş ustasına onu verdilər.

Baş daşındakı şəkli elə düşüb ki, pərgar yerlərini bircə mən görə bilirəm və hər görəndə içim sızıldayır. Və elə sızıldayır ki, mən də bir vəsiyyət eləməyə hazırlaşıram: öləndə əmimin yerinə, babamın yanına gömsünlər məni. Körpə vaxtı lüt soyundurub köynəyinin altına saldıqları kimi… Sinəsinə sığınıb məni bağışlamasını istəyim. Gözlərini töküb dünyamızı zülmətə çevirdiyim üçün.