Əslinə qalsa, bu işdə hekayəlik heç nə yoxdu. Ata-babalardan qalma köhnə cığal adətdi, – hər gün baş verməsə də, göz-qulağımız belə şeylərə çoxdan öyrəşib: qızı zorla istəmədiyi oğlana verirlər, o da, gözünə döndüyüm, toy ərəfəsi, ya elə toy günü başqasına qoşulub qaçır. Amma bir iş də var ki, hər belə hadisənin öz fərqli, gözlənilməz, hətta maraqlı tərəfləri də olur. Bu işin gülməlisi oydu ki, Kəkliyin qaça biləcəyini əvvəlcədən hamı bilsə də, – qəhrəmanın adı həyatda Mətanət olub, Kəklik müəllifin uydurduğu addı, – onu qorumalı olan adamlar özləri öz əllərilə aparıb qızı maşına mindirib qayıtmışdılar. “Aldatdılar bizi, – yaxşıca çırpılandan sonra balaca əmioğlu axır ki, boynuna almışdı, – dedilər, Vaqifə qız gətirməyə gedirik, biz də inandıq. Rayona çatanda univermağın qabağında düşürdülər ki, burda gözləyin, qızı götürüb gəlirik. Maşın yerindən dəbərəndə Mətiş arxa şüşədən bizə əl elədi və nəsə bir cürə gülümsündü. Onda bildik ki, – getdilər!”.
Bilərəkdən, ya bilməyərəkdən iştirakçısına çevrildiyi bu hadisənin töhmətini qüruruna sığışdırmayan o biri əmioğlunu evin taxtapuşunda kəndiri boğazına keçirdiyi yerdə tapmışdılar. Xoşbəxtlikdən o, ayağının altındakı daşı itələməyə macal tapmamışdı. “Yaxşı eləmişəm! Qızı zorla verəndə, bilmirdiz axırı belə olacaq?!” – boğuq, xırıltılı səslə bağırıb özünə haqq qazandırmağa çalışsa da, sonradan sakitləşib hıçqırtıyla ağlamağa başlamışdı. Buyur, bu da sənə dramatizm! Hadisələrin şiddətini artırmaq üçün müəllif istəsə bir az da dərinə gedə bilərdi; personajın ayaqları altından daş çəkmək yazıçı qələmində tire çəkmək kimi suiçimlik bir işdi. Lakin o, niyəsə bütün bunları etmir, özündən təzə Amerika açır, süjeti qəstən qəlizləşdirməyə çalışır, lüzumsuz, cəncəl üsullara əl atır. Guya iyirmi neçə il sonra keçmiş tələbə yoldaşı Əminənin yuxusuna girir Kəklik: “Yuxudan qan-tər içində oyanıb yerinin içində lam qalmışdı; elə ağır, süst ki, tabutdaydı, sanki, gecə köynəyini kürəyinə yapışdıran soyuq tər də – əcəl təri”.
Buyur, bu da sənə hazır hekayə girişi; indi onsuz da hansı ədəbiyyat jurnalını açsan belə basmaqəlib cümlələrlə doludu.
Yaxud da bu: “Hər belə olanda – divarlar dağ olub üstünə gələndə anasının səsi çatır dadına: “Əminə! Əminə! Qardaşını da çağır, yığılın evə, gecdi daha. Gəlin xörəyinizi yeyin, bir kitab üzünə açın baxın…” – illərin o tayından yel qanadında uçub gəlir”.
Əlbəttə, gələcək. Hər təzə personaj mətnə təzə yükdü, – təzə süjetdi. Anası da gələcək, hələ bəlkə, dözmədi, rəhmətlik atası da durub o dünyadan təşrif buyurdu.
“İndi gözlərini aça bilmirdi, qorxurdu ki, o səs itər…” – olsun.
Amma bir şey maraqlıdı, bəlkə, iyirmi neçə ildi görmürdü Kəkliyi, – axırıncı dəfə əri öləndə yığılıb Kəklikgilə yasa getmişdilər, – və bu iyirmi neçə ildə başına elə olmazın oyunlar gəlmişdi ki, nəinki Kəkliyin adı, surəti, öz adı belə yadından çıxmışdı. Bəs eləysə, gecəyarı Əminəni qan-tər içində oyadıb yerinin içində süst qoyan nə səbəb idi?
“Çox pis, qarışıq yuxu görmüşdü. Gah uzun illərdən sonra, axır ki, atası gəlib girmişdi yuxusuna, gah binalarının tinində taksiçilik eləyən Əmirxan, – o hardan hara! – gah da Kəkliyi görmüşdü, hə, elə pis görmüşdü ki, avqustun havasız, bürkülü gecəsində üşütmə düşmüşdü canına. Dizlərini qarnına yığıb titrətməsini dəf etməyə çalışsa da, olmurdu. Ruhunda, canında daş soyuqluğu vardı. Əlhavasına adyalı tapıb üstünə çəkmək istədi, barmaqları qaranlıqda gecə lampasının düyməsini tapdı. Başı üzərindəki işığı ehtiyatla yandırdı, tez də söndürdü; çilçırağın uzunsov kölgəsi tavanda yallı gedirdi…”.
Çilçırağın kölgəsi tavanda yallı gedirdi, yox bir, xiyar tağı çiçək tökürdü. Səbəb olmalıdı axı bu tərpənişə. Lap tutaq ki, olub, – həmin aralar Bakıda, doğrudan da, bir-birinin ardınca iki möhkəm zəlzələ olmuşdu, – bu tərpənişin mətləbə bir aidiyyəti olmalıdı axı.
“Balalarını da yanına salıb dilənirdi Kəklik. Üst-baş dağınıq, kir-pas içində… Bu səhnəni görəndə, inan, xəcalətindən ölüb yerə girdi. Diri-diri pöştələndi. Nəsə tanış bir parkdı, – tanış adamlar, – gedən-gələnə əl açıb yalvarırdı!.. Sonra gördü, yox, park deyil, çalı-çəpəri, səsi-nəfəsi tanış kənddi, – cəmi bircə dəfə görmüşdü o kəndi və elə bircə dəfəsinə də vurulmuşdu! – həyətin yuxarı başında, o yerdə ki, bir vaxtlar kəndin ağbirçəyi Minoş qarı yumşaq döşəkçələr üstündə oturmuşdu, bax orda, ucaboy, nəhəng bir kişi dayanıb, onun ayaqlarına döşənib yalvarır: – Məni bağışla, ata, bağışla!.. Keç günahımdan, noolar, qurbanın olum. Məni zorla başqasına verdi qağam, ona görə qaçdım. Ona görə qaçdım, ata, ona görə qaçdım! O kor qalmış Minoşun cadusuna düşdü Əmirxan, onun çaldığına oynadı. Qaçmaqdan savay yolum qalmadı. Sənin təzə ruhunu incidərdimmi, yoxsa heç. Başımın tacı qağamı el içində rüsvay edərdimmi?! Qarğışa düşmüşəm o vaxtdan, yolsuzluğa düşmüşəm. Vaqif də öldü, xeyir-duamı verin heç olmasa indi gedim rahat cəhənnəmimə. Uşaqlara yazığınız gəlsin barı, olar da yesir günündədilər. Belə yaşaya bilmirəm, ata, bilmirəm! Ölə bilmirəm, ataaa!..
Amma heç tükü də tərpənmirdi kişinin, necə dayanmışdısa, eləcə də qalmışdı. Boydan-bədəndən onsuz da irihal idi, bir az da qəlbidə dayandığından sal qayaya oxşayırdı. Amma onun ruhunu-qanını oynadan, fikrini-hissini didən kişinin heybətli görünüşü, dözülməz daş susqunluğu deyildi, əsla, başqa səbəb idi; bir anlığa ona elə gəlmişdi ki, öz doğma atasını görür!..” – deyirdik axı, Əminənin atası da gələcək. – “Nələr xiffətini çəkib bu günün, ah, nələr! Bircə yol atasını görsün, onun quruca səsin eşitsin. Qoy lap illərin sağalmaz xəstəsi olsun, razıdı. Təki olsun. Bilər ki var, sağdı. Allahın var günü qulluğunda durar, keşiyin çəkər. Gecəbəgündüz… İndi buyur, öz ayağıyla, sap-sağlam gəlib çıxmışdı o. Xatirindəki xəstəhal adam ötən illər ərzində xeyli yaxşılaşmışdı. Köhnə evlərinin divarındakı şəklindən bir vaxtlar necə baxırdısa, – bir az niskilli, incik, – eləcə də baxırdı. Barı o dinəydi! Çağıraydı yanına, köhnə vaxtlardakı kimi, məlhəm əllərini kürəyinə, çiyinlərinə qoyaydı, saçlarına toxunduraydı: – Qorxma, qızım, hər şey yaxşı olacaq, bax, qayıtdım. İnnən belə sənə güldən ağır söz deyən olmaz…”.
Amma yox, ola bilməzdi. Əvvəla ona görə ki, Əminənin atası gör nə vaxtdı ölüb. İkincisi də, atası ola, yad kimi dayanıb kənardan baxa? Ömründə! Bir də axı ata yazıq harda gördü kənd üzü. İş-gücdən, xəstəlikdən, kasıbçılıqdan başı açıldı ki! Ev – iş, iş – ev, ömrü neftayırma zavodu ilə ikimərtəbə “kamışovka”larının arasında keçdi. Axır vaxtlar heç işləmək də olmazdı ona, ürəyinə görə. Amma neyləsin, işləməliydi. Ölən gününəcən də işlədi. Son dəfə gecə növbəsindən çıxıb yolüstü bazara dönübmüş, balıq almağa, qayıdanda istiyə düşüb, dayanacaqda ürəyi tutub, ordaca keçinmişdi.
“Balıq alsan pis olmaz. Qızardıb yeyərdik. Soğannan, göyərtiynən, narnan.” – elə bilir anasının bu sözləri olmasa ölməzdi atası.
“İştahan pis deyil ha…” – fağırca qımışıb razılaşmağı vardı.
“Əşi, beşgünlük dünyadı da, kimə nə qalacaq guya…”.
O gün məktəbdən tez buraxmışdılar onları – qardaşıyla onu. Elə sevinirdilər ki! Məhləyə çatanda ikimərtəbənin qabağını adamla dolu gördülər, pəncərələri taybatay açıq. Şiddətli ağlaşma səsi gəlirdi pəncərələrindən. Pilləkənləri qalxdıqca o səs daha da artdı. Evin giriş qapısı da taybatay idi, içəri basırıq, tünlük… Dəhlizdə bir küncə toxunma zənbil düşüb qalmışdı, içindəki balığı görəndə ixtiyarsız hönkürək tutdu onu. Ona baxıb qardaşı da ağladı. Ağız-ağıza verib bacı-qardaş ağlaşdılar…
“Kəkliyə qoşulub o da ağlayırdı yuxuda. Atasına oxşatdığı kişinin hüzurunda. Niyə ağladığını özü də bilmirdi, amma elə canı-dildən ağlayırdı ki! Ağladıqca da yüngülləşirdi. “Tüfəngimi bura gətirin!” – hardansa taksist Əmirxan peyda oldu o dəm, guya o, Kəkliyin qardaşıydı, – “Rədd ol bu qapıdan, qancıq! Mənim sən adda bacım yoxdu!” – deyib üstlərinə yeridi. Onu da Kəkliyə qatıb yol aşağı qovdu, qovdu, əli tüfəngə çatmayanda isə yerdən bir daş götürüb dallarınca atdı. Əmirxanın daşı inanılmaz sürət alıb böyüdü, böyüdü… və yer-göy bir-birinə dəydi, dünya işığı hüceyrələrində söndü. Daş-divarın dəhşətli tərpənişinə yuxudan dəli kimi oyandı, amma durub harasa qaçmağa özündə hey tapmadı, arxası üstə düşüb özünü gecənin dibsiz qaranlığına verdi”.
Gop da olsa maraqlıdı, eləmi? “Dünya işığı hüceyrələrində söndü” – nə deyirik, olsun. Çilçırağa yallı getdirən də, sən demə, zəlzələ yox, Əmirxanın qara daşıymış, bunu da bildik. Bəs eləysə, Əmirxan özü kimdi və nəyə görə Əminənin halal yuxusuna girib dünyanı dağıdırdı?! Əgər o, Mətanətin qardaşı Əmirxandısa, o başqa məsələ, onda vəziyyət kökündən dəyişir. Çünki Mətanətin başına açılan oyunların əsas baiskarı Əmirxan olub, bunu hamı bilir. Niyəsini desəm, güləcəksiniz: kişinin ağsaqqallıq damarı tutubmuş, heç nə. İki ayağını bir başmağa dirəyib ki, Minoş kəndin ağbirçəyidi, onun dediyi söz qanundu, o kimə deyibsə, bacım ona gedəcək! Heç dəxli var, sən Allah. “Atası sağ olsa, ömürbillah razı olmazdı bu işə!” – camaat deyirdi. Çünki sağlığında neçə yerdən elçi gəlibmişlər Kəkliyə, atası heç birini yaxına buraxmayıb. Bu birilər – minoşgillər gələndə isə, nə qədər əldən-ayaqdan getsələr də, dəqiq bir söz deməyib: “Məktəbini oxusun gəlsin, meyli, razılığı olar, baxarıq…” – vəssalam. Sonra kişi ölüb, sövdə qalıb il çıxana.
“Ay parçası kimi qızı apardı caladı suyumsuz tayfasına…”.
“Hamısı o kor bəyquşun işləridi. Qisas alır bu kənddən zəlil olmuş, bir ayağı gordadı, yenə ürəyi soyumur” – Guya nə vaxtsa Minoşu da bu kəndə zor gücünə qaçırıb gətiriblər. Bu azmış kimi, haya gələn qohumlarından birini – deyəsən, cavan qardaşını! – yolda atışmada öldürüblər. Kimin gülləsinə tuş gəldiyi bilinməsə də, iki tayfa arasında əməlli-başlı düşmənçilik, qan davası düşüb. Bir gözü ağlar, bir gözü gülər, Minoş ər evində qalıb. Saçının birini ağ, birini qara hörüb… dözüb, oturub… doğub-törəyib… ərinə, ailəsinə üzü öyrəşib… və nağıllardakı kimi, ay dönüb, il dolanıb, tay-tuşları qocalıb ölüb, Minoş kənddə qalıb tək ağbirçək, – dediyi söz olub qanun! İnsan xislətindəki kin-küdurət isə… görünür, itmir; nə qədər ört-basdır etməyə çalışsan da, bir gün pırtlayıb çıxır üzə.
Deyirlər, iş-işdən keçəndən sonra Əmirxan it kimi peşman olub tərsliyinə. Bir müddət adam arasına çıxmayıb, iş-gücün – mexanikliyin daşın atıb, nişanlıymış, nişanı qaytarıb biryolluq çıxıb gedib kənddən. O gedən, bu gedən!
“Bircə yol qapımı döymədi qağam, Vaqif də öldü, gəlmədi…” – sonralar hey vaysınıb sızlayırmış Mətanət. – “Heçcə nəyin üstündə özünü də qaragün elədi, məni də…”.
İndi, belə çıxırdı ki, Əminəgilin binalarının tinində taksiçilik eləyən Əmirxan o Əmirxandi: “Ağır təbiətli, sakit, fağırın biridi. Maşını köhnə olsa da, məhlədə yaxşı hörməti var, kimin taksilik işi olsa onu çağırır. Hansısa qaçqın rayonundan gəlib, deyirdilər, Bakıda kirədə qalır. Yaşı əllini ötsə də, evlənməyib, – belə şeylərin hesabatını arvad tayfası yaxşı aparır, – işləyib bacısının uşaqlarına baxır. “Nə vaxt bir köməklik lazım olsa, utanma, de müəllimə” – hər dəfə onu görəndə pul kimi qızarır o yekəliyində kişi”.
Xeyir ola, niyə qızarır?
Bütün bu təfərrüatları hələlik qoyaq bir kənara, görək bizim həyatdan yaxşı tanıdığımız Mətanəti müəllif necə və nə səbəbdən Kəkliyə çevirir.
“Universitetdə bir qrupda oxuyurdular. Arıq, qarayanızın biriydi, amma elə suyuşirin, yapışıqlıydı ki, üzünə baxmağa adam utanırdı; çıraq kimi alışıb-yanırdı qız. Biçimli bədəni, o vaxt üçün dəbdə olan qara, gur hörükləri vardı, – dəblər necə də sürətlə dəyişdi! – cütləyib kürəyinə atanda oğlanlar həsrətdən, qızlar həsəddən odlanırdı. Öz gözəlliyindən xəbəri yoxdu, amma dünya-aləm vecinə deyildi. Dağ çayı kimi saf, şaqraq səsi vardı, harda gəldi deyib-gülüb oxuyurdu. Son vaxtlar kəklik quşu haqqında qəribə qədimi bir rəvayət düşmüşdü dilinə, – Kəklik adı da elə o rəvayətdən qaldı. – Guya qədimlərdə ağıllı, gözəl-göyçək bir qız olur. Bu qızı əmisi oğluna adaxlayırlar. Ay keçir, il dolanır, vədə çatır, qızın əl-əyağına xına qoyub bəzəyirlər… Hamının başı həyət-bacada toy işlərinə qarışmaqda… Qızın dərdindən ölən başqa bir oğlan da varmış, başının dəstəsilə oğrunca gəlib gəlin otağına girir, əl-ağzını bağlayıb dağlara qaçırır. Qız nə qədər yalvarır, ağlayır, dartınır, qışqırır, xeyri olmur. Hər yerdən əli üzülən qız axırda üzünü göylərə tutur:
Tanrı, məni quş elə,
Qənədi gümüş elə.
Eldə rüsvay eləmə,
Daşlara yoldaş elə!..
– deyir və bir göz qırpımında kəkliyə çevrilir, pırıltı ilə uçub daşlara qonur. “Bəxtəvərin bəxti varmış…” – hər dəfə heyrətlənərdi Kəklik. “Tanrı, məni quş eylə…” – elə kefli-nəşəli oxuyardı ki! Sonra bu rəvayəti öz aralarımda bir oyuna çevirdilər. Hər dəfə qrup qızlarından birini qoyardılar o “bəxtəvərin” yerinə, universitetdə zəhlələri gedən oğlanlardan biri də guya gəlib o qızı qaçırır. Elə eşqlənərdilər ki!
Çox vaxt Vaqifi də qatardılar o rəvayətə, – Vaqifi ha! – guya o, başının dəstəsiylə – başının dəstəsiylə öz də! – Kəkliyi götürüb qaçırır öz dağ kəndlərinə. Qrupda iyirmi iki qızın arasında tək oğlandı Vaqif. Adamayovuşmaz mızının biriydi. Beş il bir yerdə oxudular, bir dəfə düz-əməlli səsini eşidən olmadı onun. Nə bir işlərinə qarışdı, nə bir tədbirlərinə gəldi. Acığa qızlar da həmişə sataşırdılar ona. Yanında nə gəldi danışırdılar, nə zarafat var, eləyirdilər. Amma heç cınqırını da çıxarmazdı yazıq, qulaqlarının dibinəcən qızarıb sakitcə aralanardı. Qızlar öz aralarında Vağ deyərdilər ona. Həm, elə mızılığına görə, həm də, vağ kimi yönsüz-yöndəmsiz, əyriş-müyrüş fiqurası vardı; boy-buxunun əsas hissəsi ayaqla boğazın payına düşdüyündən avaraqulu bir təəssürat yaradırdı. “İlanın zəhləsi yarpızdan gedər, o da gəlib onun yuvasının ağzında bitər” – dedikcə, uğunub gedərdi qızlar. – “Belə fağırların əlinə xəlvətdə düşmə ha, inan adamın cıbırığını çıxardarlar, sağ islahatını qulağının dibində qoyarlar” – qarınlarını tutub qəşş edərdilər.
“Tanrı, məni quş elə,
Qənədi gümüş elə.
Vağı da bəyquş elə,
Başına da yekə bir daş elə”
– deyib, məzələnərdilər.
Bir dəfə necə oldusa söhbətin bu yerində Kəkliyi səbəbsiz ağlamaq tutdu. Nə illah elədilər, qızı kiridə bilmədilər. Əllərini üzünə tutub hönkürdükcə hönkürürdü… Sonra heç vaxt o rəvayəti eşidən olmadı”.
Bu mif, mistika xəstəliyi yıxacaq indiki yazarların evini, baxarsız. Müəllif kəklik quşu haqda rəvayəti qəsdən ortalığa atır ki, sonradan onun guya Kəkliyin taleyində necə həlledici rol oynayacağına indidən “fal” qoysun. Halbuki, nəyin necə baş verdiyini hamı yaxşı bilir. Mətanətin qoşulub qaçdığı oğlanın adı Vaqif olub, düzdü, amma o, qətiyyən Vağ Vaqif deyildi.
– Qağamın əsgər yoldaşıydı Vaqif, – çox illər sonra qaçqın şəhərciyində Mətanətin bacısı Xatirəni tapanda o, sac üstündəydi, xırda kündələri bir-bir urvalayıb yayır, hazır sacın üstünə düzüb, o üz-bu üz çevirirdi. – Boylu-buxunlu, yaraşıqlı, şəkil kimi bir oğlanıydı. Hind kinolarında olur ha, bax elə… Aralığa çıxanda qızlar hayıl-mayıl olurdu. Həm də elə abırrı, utancaq idi ki, başını qaldırıb bir kəsə baxmazdı. Söz soruşanda puçur-puçur tər tökürdü. Hammıza da “bacı” deyirdi, Mətişə də, bizə də. Çox yaxın dost idilər qağamla, qardaş kimi. Qağam özü çağırmışdı onu toya. Bacımın tələbə yoldaşları da tökülüşüb gəlmişdilər Bakıdan. Elə şənlikli keçdi ki toy! Xüləs… qız toyu oldu qurtardı, qonaq-qara dağılışdı getdi. Qağam Vaqifi buraxmadı, dedi, qal, oğlan toyu da olsun, gedərsən. Yaman da getdi…
– Bəs niyə qaçırırdı onu, bacı deyirdisə?
– Aldatmışdı Vaqifi! – oxlovunu dirijor çubuğu kimi göydə gəzdirdi Xatirə. – Vaxt daraldıqca elə bil havalanmışdı. Qapıda çalğıçıları görəndə lap dəli oldu. Nə desən gözləmək olardı ondan. Suda boğulan saman çöpündən necə yapışar ha, bax elə. Cecələr qapı-qapı gəzib kəndin subay gədələrinə yalvarırdı ki, alın məni. Gözümün qabağında əmioğlunu elə hala saldı ki, diz çöküb hönkür-hönkür ağladı yazıq. Dedi, sənin qucağında böyümüşəm, a bajı, səni nətəər alım?! Onda mən xırdaydım hələ, yorğanın altından mısıb baxırdım, – bu yerdə Xatirə başını qaldırdı, dodaqlarının qırağında yorğun bir təbəssüm sezildi. – Vaqifə də demişdi ki, məni kənddən çıxart, sonrasıyla işin yoxdu. O yazıx da aparıb qoymuşdu əmisi evinə… Sora da… atası deyib ki, nahax gətirmisən, gərək gətirməyəydin, amma gəlibsə, almalısan, adı çıxıb…
– Bəs Mətanət?..
– Nə Mətanət? Nə bilim əşşi, nə elədi, özünə elədi Mətanət. O gözəlliyində qız, apardı özünü zəlil elədi, qoydu ora. Ortalığa çıxanda bir baxan deyirdi bir də baxım. Başına bəxtəvər oxuyurdu görən, vurdu bədbəxtlikdə hamını keçdi… Qaçannan sonra gedib tapmışdıq axı onu, hə… Bibimnən yoldaşıydı, məni də yannarına qoşub aparmışdılar… Adam bir həftənin içində nətər dəyişərmiş! Heç elə bil bizi tanımırmış. İçəriki otaqda paltar ütülüyürdü, – oxlovla üç-dörd metr aralını göstərdi, – arın-arxayın eeee… Denən, qız olan kəs başını qaldırıb bircə yol bizə baxdımı, yox! Ağzını açıb bircə kəlmə xoşgəldin elədimi, ay tööbə! Heç olmasa, bacısıydım, məni çağıraydı yanına… Elə pərt olmuşduq ki… Çıxanda bibim yandığından bilmədi nə desin, qızıl-qırmızı üzünə qayıtdı ki, görüm səni heç xeyir tapma bu evdə. Ürəyimin sapı qırıldı, elə bildim hökm oxudu arvad. Heç üstünnən, nə bilim, neçə il keçdi, getdi çırpıldı traxtora Vaqif…
– Öldüü?!
– Özü də, atası da.
Bax belə, hal-qəziyyə belə olub. İndi görək bu məlum-məşum hadisəni müəllif necə qələmə alır.
“…təyinat sapand daşı kimi hərəsini bir dərəyə atmışdı. Kəkliyin toy xəbəri neçə illik canbir rəfiqələrin nəhayət bir yerə yığılması üçün göydəndüşmə səbəb oldu. Yarımca günün içində “cükküldəşib” tapışdılar, danışıb ayrıca avtobus tutdular, – səhər alaqaranlıqdan çıxmalıydılar ki, toya vaxtında çatsınlar, – görüş yerini, vaxtını təyin elədilər. Sevindiklərindən bilmirdilər nə etsinlər. Bir-iki xırda sual həmişə olmalıdı, o heç. Əvvəla, Kəklik niyə özü çağırmamışdı öz toyuna, hardansa eşidib bilmişdilər? Bu bir. İkincisi də, – ən əsası! – kimə gedirdi görən Kəklik! Heç kəsi bəyənməyən, hərədə bir qüsur axtaran, hərəyə bir mız qoyan Kəklik. Toy günü obaşdan avtobusda rastlaşdıqları mənzərə bütün bu sualları kəlləmayallaq etdi: Vaqif hamıdan qabaq qonquyub oturmuşdu avtobusda! Vaqif ha! Heç bir işlərinə qarışmayan, heç bir tədbirlərinə gəlməyən Vaqif! “Xeyir ola?!” – üzə vurmasalar da, yol boyu bu mübhəm narahatçılıq xımır-xımır yedi içlərini. – “Yoxsa altdan-altdan Kəkliyi sevirmiş bu başdanxarab? Burda deyiblər e, suyun lal axanı… Denən, niyə vaqqıldayıb öz tayını tapmırsan, a vağbaş”.
“Sizi kim çağırıb bura?! Toya gəlmisiz?! Toy olmayacaq!” – Kəkliyin toy evindəki o günkü isterik halı, ölərlər, yadlarından çıxmaz. Xalça-palazla bəzədilmiş işıqlı, geniş otaqda əyləşmişdi Kəklik. Getdiklərinə də peşman elədi onları: min hala, min sifətə düşdü, yaralı quş kimi özünü ora-bura çaldı. Gah acıq eləyib otaqdan çıxdı, gah dözmədi, yenə qayıtdı, qucaqlayıb hamısını bir-bir öpdü, göz yaşları içində, bağrına basdı. – “Gərək gəlməyəydiz bura, gəlməyəydiz! Sevinə bilmirəm gəlişinizə, başa düşürsüz, bilmirəm, özümnən asılı döyül!..” – deyib, ağladı. Eşidəndə Vaqif də gəlib, havalanmış kimi güldü, güldü, sonra yenə halı dəyişdi: “Mənim axırım noolacaq, ay Allah, noolacaq!..”.
Belə dilxoredici vəziyyət pərt eləmişdi onları, o qədər ki, dönüb qapıdan qayıtmaq havasında idilər. Qayıdacaqdılar da, qollarına-qılıqlarına girib bağa sarı dartan olmasaydı…
Əminə həyatında ilk dəfəydi əsl kənd görürdü!
Mayın ortaları havalar xoş keçdiyindən toy masaları elə açıq havadaca – ağacların altında, çəpərə dırmanıb gülünü məxmirək kimi tökmüş itburnu, qızılgül kolları arasında, ilıq bahar nəfəsindən qudurub həyət-bacanı ağzına almış rəngbərəng çiçəklərin – o çiçəklərin ətri hələ də burnundadı və elə o bahar da, deyəsən, həyatının ən ətirli baharı oldu! – təmasında qurulmuşdı. Kəklikgilin yurd yeri binədən yal döşünə düşmüşdü və həyətin landşaftı eləydi ki, masalar bağ aşağı, amfiteatrdakı kimi, pillə-pillə düzülmüşdü. Bağla həyəti ayıran köhnə çitəmə çəpər toyla əlaqədar müvəqqəti söküldüyündən bir az aşağıda çalğıçılar üçün quraşdırılmış, üç-dörd daş səviyyəsinə də dübarə qaldırılmış “taxta səhnə” əl içi kimi görünürdü. Köklənib sazlandıqca çalğı alətlərindən qopan şux dınqıltılar istər-istəməz adamın sümüyünə düşür, ruhu, qanı oynadır, bir azdan başlayacaq şıdırğı toy havasının anonsunu verirdi. Qız toyu olduğundan həyət-bacada sən deyən elə kişi qismi gözə dəymirdi, – belə xırda təfərrüatlar ancaq şəhər adamının marağına səbəb ola bilər. – Çayçı, çalğıçı tayfası nəzərə alınmazsa, uzaq yoldan gələn beş-üç kişi qonağıydı, Vaqif kimi, onlar üçün də, görünür, ayrıca süfrə açılmışdı. Bir də, toyu idarə edən evin ən məhrəm adamlarıydı ki, onların arasında qara qıvrımsaç, hündür bir oğlan vardı… necə oldusa, baxışları tapışdı, dartışdı, helləşdi, güləşdi… axır ki bir od, qığılcım əmələ gətirdi… qəlbinin başı titrədi… beyninə-bədəninə istilik axdı… sonralar o odu, istini ömrü boyu gəzdi, işığına bələndi, ilğım kimi, amma… istisinə çata bilmədi…” – STOP. Bu yerdə müdaxilə mütləq olmalıdı. Qara qızın dərdi varmış, sən demə, xəbərimiz yoxmuş. İndi-indi aydın olur ki, müəllif Əmirxanı niyə aparıb Bakıda taksi şoferi elətdirir. Axı şəhərə qaçqınçılıqdan xeyli qabaq getmişdi o və iri zavodların birində işləyib yüksək vəzifələrəcən qalxmışdı. Düzdür, sovetin dağılhadağılında fabrik-zavodlar da bağlandı, işçiləri pərən-pərən düşdü. Amma məgər taksiçilik etmək üçün Əmirxana bu boyda şəhərdə yer qəhət idi? Gərək gəlib elə mütləq Əminəgilin binalarının tinində dayanaydı? Nəisə… – “Əldə-ayaqda hərlənən subay-salıq qızlar sevincdən çırtma çalıb oynaşır, bir-birlərinə göz-qaş edib məxsusi eyhamla dümsükləşir, dingildəşir, toya gələnləri qarşılayıb deyə-gülə yer-yurd edirdilər. Kəndin ağbirçəyi Minoş qarı yuxarı başda, yumşaq döşəkçələr üstündə əyləşmişdi. Məclis aram-aram öz təbii axarına düşməyindəydi, ərə gedənin halı camaatın heç vecinə də deyildi. Bir azdan oğlan evi də öz dingiş ədasıyla tökülüşüb gələcək, əsas toy ərəfəsində işi bir az da nağdlaşdırıb kefi kök, damağı çağ geri dönəcəkdilər. Amma… görürdün, beş-on ən yaxın, simsar adam var ki, bostan müqəvvası kimi ortalıqda alaxay qalıb. Üzləri gülsə də, ürəklərindən qara qanlar axır, gözlərində aşkar çarəsizlik ifadəsi var. Nəydi o çarəsizlik, bilən yox idi. Varsa da, demirdilər. Bircə şey gün kimi aydın idi ki, istəmədiyinə verirlər Kəkliyi; tale qələmiylə – xoşluqla yazılmayıb bu icbari izdivac!
Günortaya yaxın, oğlan evinin gələgəl vaxtı qəfildən ara qarışdı, aləm bir-birinə dəydi. Hay düşdü ki bəs, qoymayın, şəhərdən gələn cüllütboğaz gədə dalkı pəncərədən qızı götürüb qaçdı! Kişilər başılovlu maşınlara doluşdular, arvadlar saç yolub ortalıqda şivən saldılar…”.
Görürsüz, müəllif hadisəni elə düz-qoş edir ki, məsələnin mahiyyətini bilə-bilə, az qala bizi də inandırır öz yalanına: “Çaxnaşma, qarışıqlıq, vaynəfsə… Bir anın içində alt üstə çevrildi, toy yasa döndü. Adamların nifrət dolu baxışları Minoş qarıya dikildi; hamı günahı onda görürdü. Amma heç tükü də tərpənmirdi qarının. Qımıldanmırdı da. Dim-dik dayanıb başını qırğı kimi o üz-bu üzə çevirir, camaata, sanki heç məhəl də qoymurdu. Baş verənlər onun planlarına daxil olmasa da, hiss olunurdu ki, gedişat ürəyindəndi; sifətində qəribə şeytani bir işıq gəzirdi…
İndinin özündə də o bicərək, şeytani işığı yada düşəndə təpəsindən tüstü çıxır Əminənin. Kəkliyin zəlil gününü görmüşdü, ona görə…
Sazaqlı bir gündə dörd-beş tələbə yoldaşı tapılıb Vaqifin ilinə getmişdilər. Dünyanın harasıydı, Allah, ora! Yol acı bağırsaq kimi uzandıqca uzanır, qurtarmaq bilmirdi… Kəkliyin gün-saatını da sazaqlı gördülər: cavan ərini, qayınatasını bir gündə torpağa tapşırıb iki uşaqla bir damın altında qalmışdı. Dərd, ehtiyac sıxıb balacalatmışdı onu. Yazıqlatmışdı; əvvəlki şən-şaqraq adamdan əsər-əlamət yox idi. Qısa müddət ərzində sürətlə qocalıb tanınmaz hala düşmüşdü. O qədər arıqlamışdı ki, anqutu çıxmışdı, gözləri işarırdı eləcə. Onların gəlişinə uşaq kimi sevinirdi amma. Bilmirdi neyləsin, nəyi hara qoysun…
– Allah boynumu qırsın, yaxşı qulluq eləyə bilmədim sizə, – ayrılanda da buraxmaq istəmirdi onları. – Qapıda yaxşı qazım, quşum, toyuq-cücəm var, bir yol arxayın vaxt yığılın gəlin…
– Əlin xınalıdı, Kəklik… – kimsə zarafatca söz atmışdı.
– Nə xına, başıma xeyir, qoz qarasıdı, – gülmüşdü. – Yaş qozdu, bağdan, meşədən yığırıq, ləpələyib satıb pul eliyirik, neyniyək, kənd yeridi…
Sonra araya ağır, uzun sükut çökmüşdü…
– Amma indiki ağlım olsa, yenə qaçardım, – handan-hana dillənib özünü sındırmamağa çalışsa da, gözlərindəki kədər amansızcasına ələ vermişdi Kəkliyi.
Onu qaranlıq, dərin quyunun dibində ipsiz qoyub getməliydilər…”.
Əşşi, rədd olsun süjet də, təhkiyə də, o biri də, bu biri də!.. Yazan da, yazılan da, hələ desən oxuyan da!.. Bizim nəyi necə yazmağımız nəyi dəyişir guya! Niyə insan öz halalca ömrünü – cavanlığını, gözəlliyini, arzularını bada verib, arxasınca itbaxandan baxmalıdı?! Allahın verdiyi ömür payını niyə istədiyi kimi yaşaya bilməməlidi?! Kəklik də tək deyil axı, neçə-neçə kəkliklər var. Çoxları uşaqların varlığına dözüb qalır. Gecə sevişəndə də başqasını nəzərində tutub sevişir. Gözlərini yumub fikrində canlandırdığı kişiylə, bəli! Azdı belələri? Nə qədər desən! Əri döyəndə qonşu Qızbəsin çığırtısı həyət-bacanı başına götürürdü. “Beli bütün ziyildi, yaradı, yanına girə bilmirəm, iyrənirəm…” – deyib, üsyan eləsə də, sabahısı yenə quzu kimi qayıdıb gəlirdi evinə. “A bala, belə qayıdacaqdınsa, niyə özünü biabır edirdin, – deyirdi qonşular, – gül kimi balaların var, oları fikirləş, qaxıl otu evində…”.
Guya Əminənin öz həyatı alındı? Alınmadı. Olmadı, olmadı, olanda da gec oldu. “Qardaşını tək qoyma, qızım, sən böyüksən…” – atasının bu sözləri ömür boyu rahatlıq vermədi ona. Yaşamağa qoymadı. Fikri-zikri, pulu-qazancı qardaşında oldu: oxusun, işə düzəlsin, ev-eşik sahibi, oğul-uşaq yiyəsi olsun… Hamısı da oldu. Bir də baxdı ki, özü yaddan çıxıb, – cavanlıq quş olub uçub əldən, ikiotaqlı mənzilində qalıb tək, quqqulu. Bu azmış kimi, Arif məsələsində qardaşı əməlli-başlı küsdü ondan. Bu da onun yaxşılığı! Qarnının dərdi nədi, bilinmədi. O gün də dayanacaqda gördü, maşını saxlamadı. Əlbəttə, gördü, döngəni dönüb yuxarı qalxanda az qala üz-üzə qalsınlar. Bir an maşını yavaşıtdı, sonra yenə sürüb getdi. Bu yaşda da tərsliyindən əl çəkmir zalım oğlu. “Niyə, qardaş, niyə! Nə pislik eləmişəm sənə. Elə bir səbəb yoxdu axı. Arifə getmə, dedin. Neynəmişdi sənə Arif? Mədəni, sakit adam idi. Nə olsun ki, bir az yaşı çox idi. Guya mənimki az idi? Mən də insanam axı. Qadınam! İstəyirdim mənim də bir isti yuvam olsun, həyanım olsun, başım qarışsın… Nədi, buna haqqım yox idi?! Yox idi?! Bəs niyə imkan vermədiz yaşamağa? Yeddi ay xeyirsiz, fərəhsiz… Qoy lap on yeddi ay olsun, axır ki öldü də. Arvadlı-ərli biriniz bir yol ağzınızı açıb demədiniz ki, xoşbəxt ol. Bircə yol çağırıb dindirmədin yazığı, saymadın. İndi bu yaşda məni də dindirmirsən. Heç dindirmə innən belə… amma… səndən başqa kimsəm yoxdu axı mənim. Guya sənin kimin var ki? Arvad da, uşaq da öz yerində, mən də sənin bacınam axı!..”.
“Gedək Krakova” – hamı dağılışandan sonra kafedrada Arifin dediyi bu iki kəlmə o vaxtkı kimi qəlbinin başını titrətdi, lam su üzərinə düşən çiçək kimi, hə… “Bu nədi, professor, təklifdi? Təklifdisə bu nə əndrabadi təklifdi?!” – ürəyində sevinmişdi. – “Otuz ildi gözləyirəm bu təklifi, evin tikilsin”. Həmişə qaradinməz, ciddi görünən kişiyə nə olmuşdu birdən-birə…
Yuxuyla oyaqlığın dumanlı vadisində təzəcə körpü keçirdi Əminə…
…yerin təkindən təhlükə gətirən uğultu kimi Kəkliyin yanıqlı səsi – yalvartısı eşidilməyə başladı: “Nə yaxşı səni tapdım, əmioğlu, nə yaxşı tapdım… Bilirsən niyə gəlmişəm? Al məni! Eşidirsən, al! İstəyirsən indi al! Bu gecə, burda! Təki o dəhrəburun gədədən qurtarsın canım. Məni zorla ona verirlər, əmioğlu. Getmək istəmirəm ona, istəmirəm! İyrənirəm! Ölərəm ona getsəm. Qutar məni bu zulumnan, noolar, qurbanın olum. Xoşun gəlir axı mənnən, bilirəm. Hiss eləmişəm. Yekə kişisən ta, Allaha şükür, büyün-sabah əsgər gedirsən. İstəsən şəhərə qaçarıq. Ev tutarıq, iş taparıq! Sənnənəm axı, it oğlu it, niyə dinmirsən!”.
“Aç qapını! Aç qapını, qancıq!..” – yenə Əmirxanın səsiydi, qapını elə möhkəm döyürdü ki, çərçivəsindən qoparacaqdı az qala.
“Aç, sənə deyirəm!..” – hədəqəsindən çıxmış gözləri qaranlıq pəncərədə peyda oldu sonra. Pəncərənin dəmir barmaqlığından yapışıb elə bərk silkələyirdi, aşırıb böyrü üstə qoyacaqdı, sanki evi.
Yuxuda hiddətini dəf edə bilmirdi Əminə, elə bilirdi bu saat tutub Kəkliyi tikə-tikə edəcəklər… Otağın ortasında dim-dik dayanmış qaraörtüklü adamı – Minoş qarını görəndə isə təlaşı birə-beş artdı; axı o, çoxdan ölmüşdü, hardan gəlib girib onun evinə ölmüş adam! Qapı çırpıldıqca əsim-əsim əsirdi Minoş… qıvrılıb-qısılıb harasa yox oldu birdən… Bir cüt soyuq-sirayətedici göz qaldı ondan. Yuxunun aydın qaranlığında qurd gözü kimi donub ətrafa vahimə saçırdı…
Bel-baltayla silahlanmış adamlar gecəyarı hiddət içində bir cüt işığa səmt qaçırdılar. Qara bir ilandı, neçə vaxtdı kəndin girəcəyindəki daşın altına girib, deyirdilər. Nə illah eləsələr də, o daşı yerindən tərpədə bilmirdilər, ilan da çıxmaq bilmirdi. Uşaq-böyük qorxu içindəydi, hiddətləri üsyan həddinə çatmışdı. “Tüfəngimi mənə verin!..” – hardansa heybətli bir kişi peyda oldu. Səsindəki qətiyyət ətrafa toxtaqlıq səpdi, yanar odun üstünə su çilədi. Camaat elə bil bir az sakitləşdi. Əminə o kişini görən kimi tanımışdı; yuxusunda atasına oxşatdığı kişiydi! “Cana-boğaza yığdın bu milləti, it qızı it!” – deyib tüfəngini sinəsinə sıxdı. Birinci atəşə tullanıb gülləni ağzıyla tutmaq istəyən ilanı yerə sərdi. İkinci güllə yarıyacan torpağa oturmuş qara daşı param-parça elədi, külünü göyə sovurdu…
Daş-divarın dəhşətli tərpənişinə yuxudan dik atıldı, əlinə keçəni əyninə taxıb özünü qapıdan bloka atdı. Adam adam belindəydi, başını götürən küçəyə qaçırdı. Blokdan çıxıb birbaşa binalarının tininə qaçdı. Qardaşıgilə getməliydi. Başqa kimi vardı ki, kimə də gedə. Yəqin, indi qardaşı da ayaq üstəydi, narahatdı… Əmirxanın maşınını tində görəndə ürəyi yerinə gəldi, sevindi, arxa qapını açıb sakitcə maşına oturdu… heç nə demədi… Ona elə gəlirdi ki, taksi şoferi hər şeyi bilir, tanıyır: onu da, qardaşını da, qardaşının evini də… Bir azdan görüşəcəkdilər onunla. Neçə illik həsrətdən, ayrılıqdan sonra. Barışacaqdılar, qol-boyun olacaqdılar, baş-başa verib hönkürüşəcəkdilər…
“Mən sizi tanıyıram, müəllimə…” – yol boyu nəsə qəribə şeylər danışırdı taksist. – “Rəhmətlik bacımın toyuna gəlmişdiniz, kəndə… Güllü don geymişdiz hələ…” – Demək, bu, o oymuş!.. Oymuş!.. Kəklik də ölüb, deməli. Hə, ölüb! Mənim xınalı Kəkliyim!.. – “Onu mən öldürdüm! Mənim günahımdan getdi bacım! Allah mənim belimi qırsın!.. Getdim balalarını yanıma gətirdim, saxladım… İndi oğlu əsgərdi… Qız da ərə getdi… İstədiyinə getdi… İstədiyinə…”.