A+    A-

SİRRİ-ZƏMANƏ (Kamal Abdulla)

Səhər yuxusunun şirin vədəsində sol böyrünə, elə bil, xəncər soxdular. Diksinib ayıldığında, gözləri hələ yarıyumuluykən kiminsə cod səsi yuxunun axırıncı vaqelərinin içindən Fərhad Qürublunun qulağına yavaşdan, amma təkidlə pıçıldadı ki, tez ol, dur ayağa, get yazı masasının üstündən Səvvab Təbrizinin iki gün əvvəl oxuduğun, özü də, guya ki, diqqətlə oxuduğun risaləsinin üzköçürməsini al əlinə, on dördüncü səhifədə aç və yuxarıdan yeddinci sətri bir də oxu.

Elə də etdi. Tələm-tələsik əl-üzünü yuyub dama-dama köynəyini əyninə keçirə-keçirə özünü o biri otaqdakı yazı masasının arxasına saldı. Masanın sağ küncündə atılıb qalmış “Yuxuların idarə olunması” adlı qara cildli üzköçürmə, elə bil, onu gözləyirdi. Gözəyarı açdığında üzköçürmə birinci dəfədən özünün on dördüncü səhifəsində açıldı.

Yuxarıdan yeddinci sətirdə orta əsr təbir elminin mükəmməl bilicisi Səvvab Təbrizi belə yazırdı:
“Mənim yazdığım bu əsər ki, var, boş yerdən yaranmamışdır. Əlbəttə ki, onun bir mənəvi sələfi vardır və yox deyildir. Mənim ustadım dünyanın bir çox vacib sirlərini öz kamil yaradıcılığında qeyd edən məşhur Nüveyş əl-Zəmmani olmuşdur. Mən indi risaləmin əvvəlində sidq-ürəklə bəyan eyləyirəm ki, “Yuxuların idarə olunması” adlandırdığım bu əsər Nüveyş əl-Zəmmaninin “Kamilüt vacib” adlı indi artıq hər hansı bir yerdə bulunması imkansız olan nadir əql və zəka mücövhərindən sərbəst bir iqtibasdır. Şəxsi-alimlər bu əsəri dönə-dönə axtarmış, amma tapa bilməmişlər.

“Kamilüt vacib”in bəhs etdiyi bir çox sirlərin içərisində ən möhtəşəmi “sirri-zəmanə”dir. Bu sirr xoşbəxtliyin şirəsini almağın disturudur. Sirri tapan xoşbəxt olub ölməzliyi də qazanacaqdır, çünki, gördüyü yuxuların içində ulduzlar özü ona yol göstərə-göstərə bir zəmanədən o birinə aparacaqlar. Sirrə dost olmaq istəyən gərəkdir, “Kamilüt vacib”in özünü tapıb oxuya. Olsun ki, oradan bir eyham, bir işarət özünü o şəxsi-alimə biruzə verə. Əgər kim sirrədost seçilsə eyham özünü ona göstərəcək. Başqasına – yox! Risalələrin belə oyunları olur. Səbr və mətanət!”

Vəssalam! Bu qədər!

Acgözlüklə bunları oxuyub Fərhad Qürublu ona təəccüb etdi ki, birinci oxunuşda necə olub ki, belə bir vacib parça onun diqqətini çəkməyib. Səvvab Təbrizi, əlbəttə ki, təvazökarlıq edib. “Yuxuların idarə olunması” əsərinə başdan-ayağa iqtibas demək çox böyük ədalətsizlikdir. “Kamilüt vacib” onun onurğa sütunu ola bilər, amma “Yuxular…”ın öz canı və öz qanı var. Buradakı şərhlər, əlavələr, ricətlər Təbrizinin əsərini, həqiqətən, orta əsr elmi fikrinin ən görüntülü nümunələrindən birinə çevirmişdi. Özündən sonra təbir və nücum elmi ilə məşğul olanlar bunu heyranlıqla və dönə-dönə qeyd ediblər.
Səvvab Təbrizi ilk dəfə “Sirri-zəmanə” adına Əl-Zəmmaninin risaləsində rast gəldiyini deyir. Təbrizidən üzü bu yana onlarla, yüzlərlə elm və irfan sahibləri, Təbrizinin dediyi kimi “şəxsi-alımlər” bu gün adama elə gəlir ki, əməlli-başlı dəli olub həyatlarını ancaq və ancaq bu açılmaz sirrin, yəni, xoşbəxtliyin və ölməzliyin disturunun axtarışlarına sərf ediblər. Ömürləri Əl-Zəmmanini, onun vasitəsiylə də “sirri-zəmanə”ni axtarmaqla keçib. Nəticə isə olmayıb. Bu adamlar həyatları boyu eləcənə “xoşbəxtlik nədi?” sualının cavabını tapmadan sonunda yanıqlı bir ah çəkərək göydəki ulduzlar kimi sakitcə sönüb dünyalarını dəyişiblər.

“Sirri-zəmanə”nin izini orta əsr əlyazmalarında axtarmaqdan vaz keçən, rəsmi şəkildə onun ılğım olduğunu söyləyən alim, heç bir kənar adam yox, indi görüşünə getdiyi elmi rəhbəri Vaqif Əsirzadə oldu. Vaqif Əsirzadə görkəmli risaləşünas idi. Orta əsrlərdə yazılmış hər bir əsər onun üçün bir başqasına müasir roman açıq olan qədər açıq idi. İlk dəfə o oldu ki, yuxusuz gecələr boyu oxuyub inandıqlarına, usanmadan apardığı axtarışlarına “asi” çıxdı. Bu, birdən-birə, gözlənilmədən baş verdi. Evdə, işdə, həyətdə-bacada bir neçə gün pərişan və laübali gəzən Vaqif müəllim, nəhayət, dözməyib yaxınlarına, o cümlədən, Fərhad Qürubluya bəyan etdi ki, düzdü, o, xoşbəxtliyin sirrini tapmadı, amma ona xoşbəxtliyin dadını hiss eləmək nəsib oldu. Sonra da dodaqlarıyla səssiz-səssiz bəzi şeylər pıçıldadı. Bu pıçıltıdan heç kim bir şey anlamadı. Dodaqların səssiz tərpənişini oxumağı bacaranlar isə deyə bilərdilər ki, Vaqif Əsirzadə səssizcə-səssizcə bunu pıçıldayır: “Təbrizi doğru demirmiş, Əl-Zəmmani sirri-zəmanənin müəllifi deyildir. Sirri-zəmanə qalmayıb, çünki Təbrizi onu açıbdır və özü dediyi kimi sirri əsirlikdən azadlığa buraxıbdır. Təbrizi sirrə qovuşubdur. Amma o, bunu xələflərindən gizlin tutmaq istəyibdir. Xələfləri həmişə bu sirrin axtarışında olmalıdılar. Çünki əbəs bildiyin bir şeyin uğrunda həyatını qoymadınsa yaşamağın mənası itər. Yeni sirrdostu, sirr qoruyan peyda olmalıdır. Oyun davam etməlidir. Sirr yenə də axtarışların burulğanında itməlidir. Sirr var kimi olmalıdır. Sirr isə artıq yoxdur. Var – Təbrizi!”

O, elmi rəhbərinin yanına bu cür narahat və qatmaqarışıq fikirlərlə gəldi. Söhbətə birbaşa keçdi. On dördüncü səhifə ilə bağlı dedikləri ortalığa elə o dəqiqə ağırlıq və gərginlik gətirdi. Vaqif müəllim ona qulaq asıb başını “eh” deyə yellədi, sonra:
– İnandırıcı deyil! – dedi. – “Yuxuların idarə olunması” orta əsrlər təbir elminin ən kamil əsərlərindən sayılır. Əl-Zəmmani barədə isə deyilənlər fantaziyadı, başqa şey deyil. Noldu, bu qədər adam oxudu, amma bu sətirləri görmədi?! Hanı əlyazma? Ver bura!

Vaqif müəllim on dördüncü səhifədəki haman başıbəlalı yeddinci sətri bir dəfə oxumadı, iki dəfə oxumadı, nəhayət, neçənci dəfə oxuyandan sonra dərin fikrə getdi və artıq Fərhad Qürublu özü də yerində qurcuxa-qurcuxa qalıb bilmədi ki, Vaqif müəllim bu sətirləri növbəti dəfə oxuyur, yoxsa lal-dinməz gözünü dikib əlyazmaya və ətrafda nə varsa, hər şeyi unudub?! Nəhayət, Vaqif müəllim üzünü Fərhad Qürubluya tutdu:
– Təbrizi risaləsinin çox nadir, qiymətli bir üzköçürməsi vardı, Milli kitabxanada bilirsənmi, necə diqqətlə, necə ehtiyatla saxlanırdı?! Cavan idim, bu üzköçürməni istəyə-istəyə qalmışdım. Kartotekada adı getsə də, soruşanlara gah deyirdilər, “yoxdur”, gah deyirdilər, “əldədir”, gah da deyirdilər, “restovrasiyadadır”. Beləəə…

– İndi bir çətinlik yoxdur. – Fərhad Qürublu pauzadan istifadə elədi.
Vaqif müəllim bu dəfə ona çox mənalı-mənalı baxıb gülümsündü:
– O üzköçürməni mən, bir zülüm, əldə eləyib oxumuşam. Özü də çox diqqətlə oxumuşam. O üzköçürmədə burda yazılan parça yoxdur. Təsəvvür edirsən, sən bir sirrdostusan!..
– Yox… təsəvvür etmirəm. – Fərhad Qürublu səmimiyyətlə boynuna aldı. Doğrudan da, belə bir perspektivi o təsəvvür etmirdi.

Bir müddət sükut içində oturub gözlərini pəncərədən həyətə dikdilər.

– Mənə diqqətlə qulaq as. – Vaqif müəllim səsi titrəyə-titrəyə sükutu pozdu. O, hələ də həyəcanlı idi və özünü ələ almağa çalışırdı. – Sənə bir şey deyəcəyəm. Bilirsənmi, səndəki bu yazı mənim sirri-zəmanə ilə bağlı təsəvvürlərimi yenə qarışdırdı. Bir halda ki, səni ona doğru yönəldirlər, sirri-zəmanə bu günədək gəlib çıxıb, deməli.

Fərhad Qürublu çaşıb qalmışdı.

Çaşıb qalmış Fərhad Qürublu əməlli-başlı düşünməyə, eşitdiklərini beynində həzm eləməyə imkan belə tapmadı. Çox keçmədi, Vaqif müəllim adəti üzrə məsələni yenə də sürətlə ona lazım olan müstəvinin üzərinə gətirdi. Artıq səsi titrəyib eləmirdi.

–Sənin üçün çox maraqlı bir şans açılıb. Sən gərək hökmən bu işin dalına düşəsən…
– Axı… Niyə mənim üçün?
– Bu sətirlər, bilmək istəyirsənsə, necə deyim… özləri özlərini sənə oxudublar. Məni başa düşürsən? Bəlkə elə mən özüm də bu üzköçürməni oxumuşam, amma sən görənləri görməmişəm. Sən sirrdostusan. – Vaqif müəllim Fərhad Qürubluya ilk dəfə görürmüş kimi baxdı, bayaq dediyini təkrar elədi.

– Belə şey ola bilməz! – Fərhad Qürublu sidq-ürəklə təəccübləndi.
– Ola bilər!

Fərhad Qürublu son cəhdini etdi:
– Bəs axı siz deyirdiniz… sirri-zəmanə yoxdur. O, bu günümüzə gəlib yetişməyib…
– Yox, o deyilənlərə qulaq asma! Onları unut! – Vaqif müəllim əllərini havada yelləyərək qəti şəkildə onun sözünü kəsdi. – Sən artıq “Sirri-zəmanə”nin izinə düşmüsən. Əldən buraxacaqmısan? Səni sirrədost biliblər, Təbrizi ancaq səninlə danışır. O göstərdiyin sətirləri səndən başqa oxuyan olmayıb. O səni, fikir ver, heç bir başqa adamı yox, ancaq səni digər bir əsərə yönəldir. O, sənə deyir: axtarmaq lazımdır, özü də harda axtarmaq lazımdır, onu da deyir. Səni təbrik edirəm. Mən sənə “Kamilüt-Vacib”i axtarmaqda kömək edəcəm.

– Əl Zəmmaninin “Kamilit-vacib”ini???
– Bəli, onu. Deməli, o varmış! Təbrizi onu uydurmayıb. Uydurmuş olsaydı, o indi səninlə danışmazdı. Mənim ağlıma bir fikir gəldi. – Vaqif müəllimin gözləri parıldayırdı. – “Kamilüt Vacib”i axtarmağın yolu var. Bu yol “Sirlərin sərgüzəşti”ndən keçir. Hacı Mir Həsən ağa Səyyah! Başa düşürsən məni? Özü də burdakı üzköçürmə yox, sən burdakını azından beş dəfə oxumusan. Leninqraddakı! Minabəxşinin üzköçürməsi! Nə tapsan, onda tapacaqsan…

…Bir xeyli söhbət etdilər. Pəncərədən o tərəf çoxdan qaranlığa qərq olmuşdu. İnstitutun dəhlizlərindən səs-səmir gəlmirdi. Deyəsən, bu boyda binada ancaq ikisi qalmışdı. Nəhayət, Vaqif müəllim ayağa qalxdı. Onlar dinməz-söyləməz otaqdan çıxıb qaranlıqda bir-birinin səsindən yapışa-yapışa zor-güc mərmər pilləkənlərlə aşağı düşdülər, yalnız birinci mərtəbədə qəflətən işığa çıxdılar. Onları qəflətən görürkən az qala səksənən gözətçilərin narazı baxışları altında sakitcə binanı tərk etdilər.

Vaqif müəllim sözünün üstündə durdu. İnstitutun hesabına Fərhad Qürublunu Leninqraddakı mötəbər Dövlət Şərqşünaslıq kitabxanasına ezamiyyətə, Hacı Mir Həsən ağa Səyyahın “Sirlərin sərgüzəşti” risaləsinin çox qədim bir üzköçürməsini oxumağa göndərdilər.

Bu risalənin Bakı üzköçürməsini Fərhad Qürublu Vaqif müəllim deyən kimi, həqiqətən, beş dəfə oxumuşdu. Risalənin az qala hər parçasını, şişirtmək olmasın, əzbər bilirdi. Amma Dövlət Şərqşünaslıq kitabxanasının oxu zalında oturub sifarişini gözlərkən belə bir qəribə hala düşəcəyini təxmin etməzdi. Dəqiqələr bitib tükənmək bilmirdi. 1578-ci ildə xəttatlar ustadı Həkim Minabəxşi (bu, Həmədani Seyfül-mülkün Həmədanda zindana salınmasından sonra qəbul etdiyi ləqəbi idi) tərəfindən yazılması təxmin edilən üzköçürməni gətirib ona təqdim edəndə və, nəhayət, bu əfsanəvi üzköçürməni əlində tutanda həyəcandan onu soyuq tər basdı. Tər kürəklərindən başlayıb tumanına qədər axıb getdi. Rəngi ağardı. Sonradan adının Svetlana olduğunu öyrəndiyi qıyıqgözlü kitabxanaçı qız onun bu halından təşvişə düşüb başını az qala Fərhad Qürublunun üzünə yapışdıraraq və bu zaman saçlarını silkələyib onların huşaparan rayihəsini bəlkə də bilərəkdən onun donqar burnuna yayaraq nəvazişli və ehtiraslı bir səslə soruşmuşdu:

– Sizə nə oldu, özünüzü necə hiss edirsiniz?..
…Onunla üzköçürmə arasındakı əlaqə yəni, üzköçürmənin onunla “danışması” bu dəfə son səhifələrin birində baş verdi. Baxmayaraq ki, müəllif Hacı Mir Həsən ağa Səyyah burada nəticə olaraq sirrə canatım hissinin insan ruhuna verdiyi əzmkarlığı, bu əzmkarlıqdan doğan digər gözəl halları təhlil edir və bu zaman, nədənsə, qadın zərifliyini də bura əlavə edib bir xeyli bu barədə danışır və birdən, nə mənə, nə sənə, mətləbdən kənara çıxır. Burada Hacı Mir Həsən Ağa Səyyah, elə bil, məxsusi onun üçün, Fərhad Qürublu üçün belə yazırdı:

“Bil və agah ol, ey qərib! Bu kitabda “sirri-zəmanə” axtarmağın əbəsdir. Mənim xələflərim, bilirəm, xoşbəxtlik disturunun mən tərəfdən burda gizlədildiyini yazacaqlar, kimlərisə də buna inandıracaqlar. Çox zəhmətlər sərf ediləcək. Çifaidə, bu, belə deyil. Hərgah bu, belə olsaydı, bəni-adəmlər içində məndən xoşbəxti yer üzündə yox idi. Mən bu sirrin arxasınca yorulmadan sərvəti-elm dəryasına baş vuran qəvvas oldum. Bu kitab haman dəryadan yığdığım incilərlə süsləndi. Ən çox da Zatineyi- Ağ dərvişin sərvətindən bəhrələndim. Ey mənim olmayanı məndə axtaran! Ustadlar ustadı Zatineyi- Ağ dərvişin “Rənglərin hikməti” əsərini tap və onu diqqətlə oxu. “Sirri- zəmanə”nin izinə sən fəqət orda düşə biləcəksən.”
Bu ricətdən sonra mətn özünəxas bir təmkinlə yenidən əsas mətləbə qayıdır və müəllif bir qədər əvvəl ki, sirrə canatımın qadın gözəlliyi ilə əlaqəsindən söhbət açmışdı, yenə də bu gözəlliyin vurğunu kimi haman əlaqədən danışmağına davam edir.

…Fərhad Qürublu Bakıya qayıdan kimi yenə də “təngnəfəs”, ürəyi ata-ata İnstituta, elmi rəhbəri Vaqif Əsirzadə ilə görüşə tələsdi.

–… Deməli, əslində, Zatineyi Ağ dərvişi axtarmaq lazımmış. “Rənglərin hukməti”ymiş, deməli… – Fərhad Qürubluya diqqətlə qulaq asıb bir xeyli sakitcə oturduqdan sonra Vaqif müəllim adəti üzrə gözlərini qıyıb, sanki öz-özünə, düşüncəli bir halda dilləndi.

Vaqif müəllim gedər-gəlməz yol desəydi, bundan yaxşıydi. Nüveyş əl-Zəmmanini tapmaq Ağ Dərvişi tapmaqdan asan idi. Zatineyi-Ağ dərvişin “Rənglərin hikməti” əsəri hər kəs üçün əsl elmi fantom idi. “Rənglərin hikməti” barədə yalnız o məlum idi ki, belə bir əsər, bəli, nə zamansa yazılıb imiş. Onun barəsində müxtəlif əsrlərdə və əsərlərdə ağızdolusu danışmayan yox idi. Əsərin şöhrəti Azərbaycandan çox-çox kənarlara gedib çıxmışdı. Azərbaycanda onun üzköçürməsi yox idi. Üzköçürmələrin sorağı İngiltərənin Kralıça Yelizaveta kitabxanasından, Amerikanın Kolumbiya universitetinin Harriman İnstitutundan, Peterburq kunstkamerasından gəlirdi. Amma bu üzköçürmələrin birini də “əlimdə tutmuşam” deyən yox idi. Məsələ yenə qəlizləşirdi.

…Evinə çataçatda Fərhad Qürublunu qəfil yağış haqladı. Yağış göydən üzü aşağı xəsisliklə ötürülən xəbər kimi yavaş-yavaş, yekə damlaları bir-birini qovmağa tələsməyən işarə-işarə yağırdı. Fərhad Qürublu düşündü ki, bu qəribə yağış üçün heç bir fərqi yoxdur, o hara və nə zaman yağır. Bu yağış bəlkə də bu saat heç bura yox, zamanın tamam başqa bir küncünə yağır. Dodağı qaçdı. Amma gərək qaçmayaydı. Əslində, Fərhad Qürublu düşünən kimiydi. Yağış haraydısa, buralara oxşamırdı, həmən buralara oxşamayan yerə, gərək ki, Təbriz idi, bu dar və əyri küçə də Təbrizin Çuxurlu məhləsində idi, bəli, şəkk-şübhə yox idi, yağış ora yağırdı. Bu yağışın altında ondan irəlidə uzun əbasının ətəklərini çirmələyib qoluna yığmış, balaca, yastı evlərin arasındakı əyri-üyrü küçəylə gölməçələrin üstündən az qala hoppana-hoppana, hoppanmayanda isə axsaya-axsaya bir uzunsaqqal qoca kişi idi, deyinə-deyinə gedirdi.

Fərhad Qürublu evinin hündür arkasının altına çatanda qəfildən yağan yağış eləcənə qəfildən də kəsdi.

… İki gündən sonra Vaqif müəllim özü Fərhad Qürublunu axtarıb tapdı.

– Maşını çıxart, gəl arxamca. İnstitutun həyətində səni gözləyirəm.
Hara gedəcəklərini dəqiq bildirmədi:
– Aeroport tərəfə sür.

Yol boyu bir xeyli danışmadılar. Maşın şəhərdən çıxandan sonra Vaqif müəllim dedi:
– Bir məsələ məni həmişə düşündürüb. deyirəm. Səvvab Təbrizi deyir ki, “sirri-zəmanə”ni tapan adam ölməyəcək. Demək olar ki, bu barədə yazan bütün müəlliflər bunu deyir. Amma diqqət elə… onların hamısı dünyasını dəyişib. Bu bir. Deməli, heç biri bu hikməti tapa bilməyib…

Vaqif müəllim yenə də susdu. Elə bil, ürəyində götür-qoy edirdi ki, fikrini sonacan açıb töksün ortalığa, yoxsa yox.

Nəhayət, qərara gəldi:
– Bilirsən, mən sənə bir mətləbi hələ də açmamışam. Amma indi açmaq istəyirəm…
– Diqqətin yolda olsun! – Vaqif müəllim sürücü diqqətini yayındırmasın deyə söhbətini kəsdi.
Bir azdan maşın yağış zolağından çıxdı. Göyün üzü yenə açıldı.
– Yağış kəsdi. – Fərhad Qürublu ehtiyatla dilləndi və bununla sanki Vaqif müəllimə deyirdi ki, daha qorxmamaq olar, başladığı söhbəti davam etsin.
– Nə deyirdim mən?! – Vaqif müəllim, elə bil, yuxudan ayıldı, yerində qurcuxub ürəkləndi. – Həəə… Bir məsələ barədə mən çox düşünmüşəm. Bəlkə elə ona görə bu sirri-əzimin arxasınca axıra qədər düşmədim. Məsələnin canı, bilirsən, əslində, nədədi?!
– Nədədi ki?.. – Fərhad Qürublunun səsi səmimi təəccüblə dolu idi.
Vaqif müəllim qısa teatral pauzadan sonra cavab verdi:
– Mətləbin adında. “Sirri-zəmanə” sözündə… – Yenə haman pauza. Maşından bir müddət ancaq motor səsi eşidildi.
– Sirri-zəmanə… – “Yəni, nə??”
– Bu ad sənə heç bir şey demir?!-Vaqif müəlılim bu dəfə pəncərəyə baxmaqdan vaz keçib üzünü Fərhad Qürubluya çevirdi, gözlərini diqqətlə onun üzünə, daha doğrusu, profilinə zillədi.

Gəlib Mərdəkana yetişdilər. Maşın yastı evləri bir-birinə qısılmış geniş küçəyə dönüb bir qara darvazanın qabağında dayandı. Qapını qaşqabaqlı bir oğlan uşağı açdı. O, qonaqları həyətə salandan sonra qabağa düşərək dinib-danışmadan onları yaşıllığı tüğyan edib dəlicəsinə bir-birinə sarmaşan güllü-bağçalı həyətin o biri başındakı birmərtəbəli evə tərəf apardı. “Qıyıqgöz Svetlana bu gülləri görsəydi, ağlı başından gedərdi. Bir buketə əlyazmanı alardım ondan.” Fərhad Qürublu Leninqradı, Dövlət Şərqşünaslıq kitabxanasını, qıyıqgöz Svetlananı xatırladı.

Onlar ayaqqabılarını qapının ağzında çıxarıb içəri, geniş və işıqlı aynabəndə keçdilər. Qaşqabqlı oğlan həyətdə qaldı, üzünü pəncərəyə dayayıb içəriyə tamaşa eləməyə başladı.

Uzun aynabəndin yuxarı başında bir enli taxt vardı. Taxtın arxasında divara bir xalça vurulmuşdu. Bulağa başını əyib su içən və bu zaman məlul-məlul aynabənddəkilərə baxan ceyran rəsimli bir xalça idi. Taxtın üstündə isə rahat bir şəkildə bardaş qurub bir uzun saqqallı, üz-gözündən nur tökülən qoca kişi oturmuşdu. Vaqif müəllim kişinin yanına tələsdi, imkan vermədi ki, o, ayağa qalxsın. Bunlar qucaqlaşıb öpüşdülər. Təbəssüm, elə bil, bu kişinin dodağına, üzünə yapışmışdı. Əl-ələ verib bu kişi Fərhad Qürublu ilə də gülərüzlə görüşdü.

Çay gəldi, yanında mürəbbəsi.

–A bala, Fərhad, yaxın gəl. Belə qərib oturma, niyə sən bəs bu cürənə qısılıb qalmısan?! – Xeybər baba sinəsinə düşən uzun saqqalını əliylə yana eləyib irəli əyildi. – Bu mürəbbənin hökmən dadına bax, həyətin gilasıdı…

Fərhad Qürublu oturduğu kətili Xeybər babanın yaxınına qoyulmuş balaca, dəyirmi mizə yaxınlaşdırdı…

Vaqif müəllim əsas mətləbə çayını içib qurtarandan sonra keçdi. Üzünü Xeybər babaya tutub ucadan səsləndi:
– Xeybər baba!
Xeybər baba gülümsəyib ehmalca başını tərpətdi, yəni,” buyur, qulağım səndədi”.
– Xeybər baba, bizə Ağ dərvişin əlyazması lazımdır. Bir-iki günlüyə. Məni ki, tanıyırsan…
Fərhad Qürublu qulaqlarını şəklədi. “Zatineyi-Ağ Dərviş, burda, Mərdəkanda??? Yox, canım, burda əlyazma nə gəzir?! Onda ki, “Rənglərin hikməti” ola?!”

Xeybər baba gözlərini indicə çay içdiyi armudu stəkana dikib susurdu. Bir müddət üçü də beləcə sükut içində oturdular. Sonra, nəhayət, Xeybər baba özünü taxtın üstü ilə bir qədər geri verib arxaya çəkildi. Əlini gəzdirib xalçanın dalından bir boxça kimi bağlama çıxardıb açdı. Bağlamanın içində bir qalın, qara cilddə, uçot dəftərinə oxşayan dəftər var idi.           – Bunu deyirsən? – Xeybər baba dəftəri göstərib soruşdu. Onun dodaqlarında yenə də xeyirxah bir təbəssüm vardı.
Vaqif müəllim udqunub Fərhad Qürubluya baxdı, Fərhad Qürublu – ona.

– Bu dəfə necə, əminsən? – Xeybər baba Vaqif müəllimin gözlərinin düz içinə baxdı.

– Əminəm. – Vaqif müəllim cəsarətlə dedi. – Bunun oxuduqlarında ricətlər var. Buna, – başı ilə Fərhad Qürubluya işarə etdi, – əlyazmalardan cürbəcür xəbərlər ötürülür.
– Müxtəlif əlyazmalarda fərqlər ola bilər. Bu təbii haldır, sən ki, bilirsən…
– Təbrizidən Nüveyşə, ondan Səyyaha, indi də Ağ Dərvişə… Əlyazmalar onu risalədən risaləyə aparır, baba. – Vaqif müəllim səsini qısıb xısın-xısın pıçıldadı, elə bil, bizi bu boş otaqda gözlə görünməyən birisi dinləyirdi. – Son ümid “Rənglərin hikməti”nədir.

Xeybər baba yenə də xeyli mülayim bir tərzdə nəyisə təsdiqləyirmiş kimi başını tərpədə-tərpədə bu dəfə Vaqif müəllımə deyil, Fərhad Qürubluya üzünü tutdu və əlindəki dəftəri ona uzadıb mülayim, amma qəti səslə dedi:
– Üç gün. Üç gündən sonra bu dəftər geri qayıtmalıdır.

Fərhad Qürublu əvvəlcə Vaqif müəllimə baxdı. O, başı ilə işarə etdi, bundan sonra Fərhad Qürublu ona uzadılmış qara cildli dəftəri ehtiramla Xeybər babadan aldı.

Geri dönərkən nə Fərhad Qürublu Vaqif müəllimdən bir söz soruşdu, nə də Vaqif müəllim Fərhad Qürubludan bir söz soruşdu. Evə çatan kimi Fərhad Qürublu bir onu bildi ki, əlini-üzünü yuyub keçdi yazı masasının arxasına. Ürəyi döyünə-döyünə qara cildli əlyazmanı qarşısına qoyub bir müddət açmadı, eləcə ona tamaşa elədi.

… O vaxtdan üç gün keçdi. Fərhad Qürublu axşama yaxın, bu dəfə tək, Mərdəkandakı o geniş, enli küçəyə maşınını sürüb haman qara darvazanın önündə saxladı. Darvazanın qapısı bağlı deyildi, qapı, elə bil, öz-özünə açılıb onu içəri dəvət etdi. Yenə haman güllü-çiçəkli bağçanın ortasındakı cığırla gedib həyətin o biri başındakı birmərtəbəli evə yanaşdı. Pəncərəni taqqıldatdı, içəridən “gəl” deyən mülayim səsi eşidəndən sonra qapını açıb tanış aynabəndə daxil oldu. Salam verdi, salam aldı. Xeybər baba taxtın üstündə öz yerində oturmuşdu. Əlində təsbeh, qabağında bir qalın kitab vardı. Xalçadakı bulaqdan su içən ceyran onun arxasından yenə məlul-məlul boylanırdı. Xeybər baba Fərhad Qürublunun gəlişinə qətiyyən təəccüblənmədi. Gözəl təbəssümü yenə üzünə yayıldı.

– Gəl, yaxın gəl, keç otur, xoş gəlmisən sən. – Əli ilə Fərhad Qürubluya üstündə oturduğu enli taxtın sağ küncündə yer göstərdi.
– Xeybər baba, mənim vaxtım bu gün bitirdi, mən gəldim. Buyur əmanətini. – Fərhad Qürublu göstərilən yerdə əyləşib əlində tutduğu qara cildli dəftəri Xeybər babaya uzatdı.
– Sağ ol, sağ ol… – Xeybər baba məmnun bir halda dəftəri ondan alıb yanına qoydu, cod barmaqlarıyla cildini sığalladı.

O günkü qaşqabaqlı oğlan çay gətirdi, dinməz-söyləməz çay içdilər. Meyvə gətirdilər, Fərhad Qürublu meyvəyə toxunmadı.

Xeybər baba təkid etdi:
– Həyətdəndi, sən bir bu qaysının dadına bax.

Fərhad Qürublu qaysının birini yedi, ikisini yedi, üçünü yedi, çox dadlı qaysılar idi. Xeybər baba çay içə-içə dodağında yenə həmən təbəssüm altdan-altdan qaysıları bir-bir yeyən bu cavan oğlanı diqqətlə süzür, amma ki, bir şey soruşmurdu. Elə bil, onun səbrini imtahana çəkirdi. Nə soruşurdu ki, Vaqif müəllim bəs noldu, o niyə bu dəfə gəlmədi, nə də soruşurdu ki, əlyazmanı oxuyub ortalığa bir şey çıxarda bildinmi?! O da susurdu, bu da. Qaysıları yeyəndən sonra Fərhad Qürublu ayağa qalxmaq istədi. Xeybər baba onu saxladı:
– Bir ləhzə səbr elə. – Hələ də barmaqlarıyla sığalladığı “Rənglərin hikməti”ni bir tərəfə qoyub Fərhad Qürublunun çiynindən yüngülcə basdı və təkrar yerinə oturtdu.

Fərhad Qürublunun ürəyi həyəcanla vurdu:
– Xeybər baba, qoy mən gedim… – Yavaşca mızıldandı.
– Yox, belə gedə bilməzsən. Sənə deyəcəyim var. – Xeybər babanın səsi ciddiləşdi.

Fərhad Qürublu naçar susub onun nə deyəcəyini gözlədi. Xeybər babaya yaxın oturmuşdu deyin, onun zəfəran ətri gələn barmaqlarıyla “Rənglərin hikməti”nin cildini sığallayıb ağır-ağır nəfəs almasını öz nəfəsi kimi hiss etdi. Qocanın nəfəsi onun nəfəsinə qarışırdı. Bu zaman Fərhad Qürubluya nə oldu, nə olmadısa, birdən-birə qəhər onu boğmağa başladı, elə bil, özündən xəbərsiz tilsimə düşdü. Gözünün qabağından bir dəstə atlı idi, çaparaq keçib getdi. Xalçadan məlul-məlul baxan ceyran xalçadan çıxıb Xeybər babaya yaxınlaşdı, başını onun dizinə sürtməyə başladı. Hardansa sel kimi yağan yağış altında Təbrizin Çuxurlu məhləsindəki o dar, əyri-üyrü küçə uçan xalça kimi uçub gəldi, bu evin darvazasından o tərəfə döşəndi. Bu küçə ilə axsaya-axsaya deyingən bir qoca kişi yol gedirdi… Artıq Fərhad Qürublu Xeybər babanın üzünü görməsə də, nədənsə, əmin idi ki, yağışın altında bu əyri-üyrü küçə ilə axsaya-axsaya, tələsik yol gedən ağ saqqallı, deyingən qoca kişi və indi onunla yanaşı bu taxtda oturan, ağır nəfəsini bihuşdarı kimi hiss etdiyi, gözəl təbəssümü ilə onun qaysıları yeməyinə nəzər yetirən və bu zaman uzun saqqalını sağ əlilə didişdirən Xeybər baba eyni adamdılar.
“Bu adam axsamalıdı, bu adam hökmən axsamalıdı. Mən bir şeyi qəti bilirəm. Səvvab Təbrizinin Əl-Zəmmani barədə dedikləri uydurmadır. Sirri-zəmanə də Səvvabındır, onu açan da Səvvabdır, özü də indiyənə qədər ölməyib, yaşayır. Budur xoşbəxtliyin disturu, budur ölməzlik! Bəs elə isə nə üçün o, Əl-Zəmmaninin arxasında özünü gizlədib durub?! Hamını mövcud olmayan, uydurma bir adın ətrafında birləşdirib?! Hamını Əl-Zəmmaniyə qibtə eləməyə inandırıb, yox, inandırmayıb, məcbur edib?! Bu Səvvab Təbrizi necə adam olub?! Öz möhtəşəm qələbəsinin dadını heç kimsə ilə bölüşmək istəməyib. Adam var ki, öz qələbəsinə gizlicə sevinə bilir. Heç kimin bu qələbədən xəbəri olmasa da, öz qələbəsinin ləzzətini təkcənə öz-özlüyündə yaşaya bilir.

Bu da belə birisiymiş. İndi gör necə rahat-rahat oturub ceyranların əhatəsində… Bu adam hökmən axsamalıdı. Əvvəllər mən hərdən gülümsəyib öz-özümə belə deyərdim: Bu Əl- Zəmmani ki, özünü belə gizlədib, əcəb zarafatcıl adammış. Amma, əslində, bəlkə də gərək belə deyəydim: Bu Səvvab Təbrizi yaman zarafatcıl adam olub…” Fərhad Qürublu belə düşünürdü.

Xeybər babanın səsi xəncər kimi sol böyrünə girib onu, elə bil, yuxudan ayıltdı. Qara-qura ki, onu basmışdı, o qara-qura gözlərinin önündən çəkilib getdi. Fərhad Qürublu rahat bir nəfəs aldı. Xeybər baba deyirdi:

– Bax, oğul, deməsən də mən bilirəm ki, sən yenidən qayıtdın gəldin Səvvab Təbrizinin “Yuxuların idarə olunması”na. Ağ Dərviş səni yenə Səvvaba qaytardı. Elədi, elə deyil?! Yenə də başladığın nöqtəyə gəldin. Axsaq Səvvabla başlamışdın, axsaq Səvvabla da tamamladın. Nə gözəl… sən heç təəccüb etmədin. Bəli, bəli, Səvvab axsaq idi, ayağını çəkirdi… Bilirdin bunu? – Xeybər baba gözlərini qıyıb soruşdu.

Fərhad Qürublu çoxbilmiş adamlar kimi cavab əvəzinə üzünə qeyri-müəyyən bir ifadə yapışdırdı. Xeybər baba dərinə getməyib sözünə davam etdi:

–… Mən üç gün əvvəl siz bura gələndə bilirdim ki, elə belə də olacaq. Sən gəldiyin nöqtəyə qayıdacaqsan. Hələ yaxşı ki, risalələr səni Seyid Sarı Dərdəçarənin “Ruhi və rahi kəvakib”inin içinə aparıb salmayıblar. O isə tamam başqa bir dünyadır. Ora edilən səyahət heç vaxt bitmir. Ulduzdan ulduza, ulduzdan ulduza… Oradan belə asanlıqla çıxa bilməzdin. Allaha şükür elə ki, onlar sənə qıymayıblar. Qaytarıb gətiriblər səni başlanğıc yerinə, axsaq Səvvabın yanına. Əlbəttə, ömrün boyu Allahına şükür eləməlisən ki, sirri-zəmanəni tapmamısan və sən, əslində, sirrədost ola bilməmisən. – Xeybər baba son sözlərini deyib rahatlıqla köksünü ötürdü, sonra yenə də dodağının ucunda həmən tanış təbəssüm belə bir əlavə elədi. – Sirri saxlamağın vacib idi. Risalələrin belə oyunları olur.

Fərhad Qürublu Xeybər babaya qulaq asıb qurtarandan sonra sarsilmış və mat bir halda ayağa durarkən yadından çıxarıb hətta soruşmadı ki, bu “onlar” dediyiniz kimdırlər, “onlar” məndən nə istəyirlər, niyə “onlar” öz oyunları üçün məni seçiblər, Xeybər baba da bunu ona demədi.

… Xeybər baba dikəlib taxtdan elə qalxdı ki, elə bil, uzun sürədi qaldığı qürbət ölkəni tərk edir. Qıvraq addımlarla qapının ağzına gəldi. Fərhad Qürublu ürəyi ata-ata gözü onda idi. Gördüyü mənzərə onu pəjmürdə etdi. Bu qoca kişi qətiyyən axsayıb eləmirdi. Fərhad Qürublu təəssüflə onun yerişinə baxıb bir qədər əvvəl ağlına gələn o əcayib fikirlərdən, Xeybər babanı Səvvabla eyniləşdirməyindən indi əti ürpəşdi. Xeybər baba Təbrizin Çuxurlu məhləsindən ola bilməzdi, Xeybər baba sadəcə özünü ağıllı göstərməyə çalışan onlarla, yüzlərlə kənd ağsaqqallarından biridir. “Bu nə qarabasmadır, məni basır, əlbəttə ki, bu, o deyil.”

Qapının ağzında ayaq saxlayıb Xeybər baba öz mehriban səsilə Fərhad Qürublunun pərtliyini yumşaltmaq istədi. Astadan, bir az da sirli tərzdə ondan soruşdu:
– Sən heç “Sirri-zəmanə”dəki “zəmanə” sözünə fikir verdinmi?
– Yox, fikir vermədim, nədi ki?
– Əsas sirr elə bu sözün içində gizlənib. Əl Zəmmanini əgər Səvvab uydurubsa, sən isə, bilirəm, indi belə düşünürsən, Ağ dərviş Nüveyş əl Zəmmani deyil, o, mövcud olmuş birisidir. Bu şəxsin üzə çıxmayan başqa bir risaləsi də var, adı “Həsrətin surəti”dir. Bu əsəri o, Sehirbazlar dərəsində yaşadığı zaman yazmışdır. Bəlkə bunu çox az adam bilir. Sənə də ona görə deyirəm ki, başına gələnləri ürəyinə salmayasan. “Sirri-zəmanə”nin bir dəfə tapılmasından sonra dübarə, ikinci dəfə tapılması qeyri-mümkündür. Heç kim onu bir daha tapa bilməz, çünki o şəkildə ki biz başa düşürük, o şəkildə o, artıq yoxdur!

…”Həsrətin surəti” əsərində Ağ dərviş yazır ki, zaman bir bölünməz, əvvəli və sonu olmayan varlıqdır. Zəmanə isə tam bunun əksi olaraq bölünən varlıqdır. Hər əsrin, hər dövrün, hər ölkənin, hər kimsənin belə öz zəmanəsi var. Zəmanələr birləşirlərsə, o vədə onlar böyük zamanı yaradırlar. Əksinə mümkün deyil. “Sirri-zəmanə” öz dövründə, öz zəmanəsində üzə çıxdı. Üzə çıxan kimi də onu tapdılar. Məsələ bitdi. O, bir şəxsin qisməti oldu. O biri zəmanələrdə sirri-zəmanənin özü yox idi, adı var idi. Axtaranlar onun özünü deyil, adını axtarıblar, sən daxil… Xoşbəxtliyin sirri, əgər tapılıbsa, o biri zəmanəyə keçə bilmir, elə öz zəmanəsində qalır. Ağ dərviş belə deyir. Ağ dərvişin bu sözləri aşkar bir şəkildə onu da əyan edir ki, sirri-zəmanəni tapan şəxs Ağ dərviş olmayıb və Ağ Dərviş eləcə öz zəmanəsində ölümə məğlub olub qalıb. Bir söz, o və onun kimi bütün digər şəxsi-alimlər zaman səyahətinə çıxa bilməyib. Səvvab, axsaq Səvvab isə bunu edə bilib. – Qocanın son sözlərində gizli özündənrazılıq, özünüöymə hiss edildi. O, nəfəsini dərib susdu. Fərhad Qürublu isə acı-acı gülümsədi.

Onlar – Xeybər baba və Fərhad Qürublu aynabəndin qapıya bitişik pəncərəsi önündə dayanıb bir müddət sükut içində həyətə baxır, üstündə vızıltıyla bir sürü arı uçuşan qızılgül kolundan gözlərini çəkə bilmirdilər. Arıları başa düşmək olardı. Yazın yaz vaxtında bu kol bir güllər gətirmişdi ki… Hamısı da, elə bil, həsrətlə, arzu-kamla açmışdı.
Vidalaşarkən Fərhad Qürublu onun qırışıq, büzüşük üzünə, kədərli, bulannıq gözlərinə, uzun saqqalına son dəfə diqqət və ehtiramla baxdı və bu zaman qəfildən hiss elədi ki, bu qocanın təbəssümünün dibində çox şey var, hətta hər şey var, bu təbəssümün dibində bircə təbəssümün özü yoxdu.

Aynabəndin qapısını arxasınca örtüb həyətə çıxandan sonra, elə bil, Fərhad Qürublunu arxadan kimsə adıyla çağırdı, bəlkə Xeybər baba nə isə hiss edib təbəssümünün dərəcəsini dəyişmək istəmişdi, amma Fərhad Qürublu geri boylanmadı. Bu qoca, təəssüf ki, axsamırdı və, əlbəttə ki, o, Səvvab Təbrizi deyildi.

Fərhad Qürublu ətrafı gül-çiçəklə dolu cığırla darvazaya sarı tələsdi. O, həyatın mənası və mənasızlığı, xoşbəxtlik və bədbəxtlik, sevgi və nifrət barədə, yaşadığı bu dünya ilə yaşamadığı o biri, başqa dünyalar barədə düşünürdü. Darvazaya yetişib qapını açmaq üçün əlini atdığı an qəfildən ağlından keçdi ki, darvazadan o tərəfdə indi nə onun maşını var, nə o geniş küçə var, nə də qaşqabaqlı oğlan ordadır. Darvazadan o tərəfdə Təbrizin Çuxurlu məhləsinin əyri-üyrü küçəsidir, uzandıqca uzanıb gedir, özü də bu küçəyə indi leysan yağış yağır. Qapını açmağıyla diksinməyi bir oldu. İldırımın şaqqıldaması və yağışın yağması eyni anda baş verdi.

Fərhad Qürublu, nəhayət, darvaza qapısından o tərəfə keçəndən sonra pəncərədən onun dalıyca baxan çəlimsiz, mumiya kimi qupquru bu qoca da rahatlıqla köksünü ötürdü, əliylə saqqalını tumarlaya-tumarlaya dönüb aynabəndin yuxarı başındakı taxtına tərəf getdi. Gedərkən möhkəmcə ayağını çəkib bu qoca axsayırdı.

 

Mənbə: sim-sim.az