R – Min ildi səni gözləyirəm! Niyə gec gəldin?
A – Pişik vardı yolda.
R – Nə pişiyi?
A – Bala pişik. Qarajların yanında köhnə maşının içinə girmişdi, çıxa bilmirdi. Onu çıxardırdım. Özü də nə min il, bir saat gecikmişəm.
R – Nə fərqi var? Min il ya bir saat, heç biri artıq mövcud deyil.
A – Orda sənlə razı deyiləm. Əslində “indi” mövcud deyil. Biz keçmişdə yaşayırıq.
R – O necə olur?
A – Zaman bölgüsü nitqdə olur. Real həyatda hər şey keçmişdə qalır. Məsələn, günəşin
işığı bizə səkkiz dəqiqədən sonra gəlir. Yəni indi günəş sönsə biz onu səkkiz dəqiqədən sonra görəcəyik. Səmada elə ulduzlar var ki, bizdən milyon işıq ili uzaqdadı. Başını qaldırıb göyə baxanda milyonlarla il keçmişi görürsən. Hətta, ola bilsin, o ulduzlardan hansısa yüz min il əvvəl sönüb, amma biz onu hələ də görürük Biz bir-birimizi də keçmişdə görüb, eşidirik. Əslində insanlar danışmasaydı, daha doğrusu nitqdə zaman bölgüsü etməsəydi, biz hər şeyi başqa cür anlayardıq.
R – İndi nə deyirsən? Dilə təzə zaman bölgüsü gətirmək lazımdı?
A – Yox, dili dəyişmək mümkün olmaz. Qoy belə qalsın. Amma düşüncəmizdə anlaya bilsək ki, indiki və gələcək zaman sadəcə bizim arzu və istəklərimizdi, hər nə olursa keşmişdə olur, bax onda bütün həyatımız dəyişə bilər.
R – Pişiyin axırı necə oldu? Həyatını dəyişə bildinmi onun?
A – Maşının yiyəsini axtardım, tapa bilmədim. Fövqələda Hallara zəng elədim, dedilər, biz pişik üçün çağırışa getmirik. Məcbur qalıb özüm çıxartmalı oldum. Bir saat çalışdım, hər yolu sınadım. Yazıq pişik o qədər miyoldamışdı, halı qalmamışdı. Eləcə inildəyirdi. Mən ordan keçməsəydim, ya da pişiyin səsini eşitməsəydim, orda qalıb öləcəkdi.
R – Bəlkə pişik orda qalmasaydı, heç sən də ordan keçməyəcəkdin? O bala pişik dörd-beş ay əvvəl dünyaya gəlib, o məhlədə hər dəlmə-deşiyə girib və sənin ordan keçəcəyin vaxtda gəlib sahibsiz maşının içində sıxışıb qalıb. Biz də hələ dünəndən bu günün bu saatında və burda görüşməyimizi planlamışıq. Bütün bunlar təsadüfdümü? Məncə, deyil. Bax, sən indi pişiyi qurtardığın üçün özünü xilaskar hiss edirsən. Düzünü de, ən çox nəyə sevinirsən, yaxşı adam olduğuna, yoxsa bir bala pişiyin ölümdən xilas olmağına?
A – Hər ikisinə! Haqsızam?
R – Haqlısan və bu həm də o deməkdi ki, pişik də sənə təşəkkür edib. Borclu qalmayıb yəni.
A – Ola bilər. Orda da sən haqlısan.
R – Harda oturaq? Ağacın kölgəsində, yoxsa binanın?
A – Binanın kölgəsində.
R – Niyə?
A – Burdan ağacın kölgəsi daha gözəl görünür.
R – Bu gözəllik eşqinin ucbatından ömür boyu gözəlliyə kənardan baxmısan.
A – Xanım, bizə çay verin, zəhmət olmasa.
W – …..
R – Yox, biz gilası mürəbbə kimi xoşlayanlardan deyilik. Zarafat edirəm, verin əlbəttə. Gilasın mürəbbəsi özündən dadlı olur. Hər şeyin sadəcə dirisi gözəl olmur, bəzən, nəyinsə ölüsü dirisindən gözəl olur.
A – Heç ağlıma gəlməzdi ki, parkda, çayxanada belə gözəl qız işləyə.
R – Harda işləməyinin nə fərqi var? Əsas olan bu gözəlliyin bizimlə eyni dünyada olması deyilmi? Ya saraylarda yaşadı, ya da burda bizə çay gətirdi. Bu ki onun gözəlliyindən heç nə əksiltmir. Yadıma nə düşdü, bilirsən? Keçən həftə İkinci qağamla Nərimanovda bir kafeyə getmişdik. Kafe gecəgörənlərin yataqxanasının altındadı.
A – Gecəgörənlər kimdi?
R – Gözdən əlil olanlar özlərinə elə deyirlər. O kafenin də bütün müştəriləri gecəgörənlərdi. Ofisiant qız bizi görüb bir əldən-ayaqdan gedirdi ki, gəl görəsən. Qağam da qayıtdı ki, bu qızın faciəsi nədi, bilirsiz? Hər səhər bəzənib işə gəlir, heç kim də onu görmür.
A – O deyər.
R – Adam yazardı, deməlidi də. Bax, bu qədər söhbətlər olur heç birini yazmırıq. Heyif olub gedir.
A – Hər söhbətdən mətn çıxmır axı.
R – Elə çıxır. Əsl yazar istəsə, lap bu gilas mürəbbəsindən də yazar, parkdakı o qoz ağacından da, lap o ağaca qonan qaratoyuqdan da. Bax, sənin o pişiyindən elə gözəl hekayə yazmaq olar ki! Edqar Po qara pişiyin gözünü çıxartdı, dünya onu alqışladı, sən pişiyi xilas eləmisən e. Doğrudan da, pişiyi xilas edib neynədin?
A – Mağazadan kolbasa alıb verdim, amma yeyə bilmədi. Elə qorxmuşdu, ovcumun içində tir-tir titrəyirdi. Ürəyinin döyüntülərini əlimdə hiss edirdim. Su verdim, içdi, bir az toxtadı.
R – Heyvanlar qorxunu necə hiss edir görəsən? Axı deyirlər onların şüuru yoxdu. Şüurları yoxdusa, içində olduqları vəziyyəti necə anlayırlar? Çox maraqlıdı, görən qorxanda nə hiss edirlər?
A – Sənin dediyindən belə çıxır ki, insan olduğu vəziyyəti dərk etdiyi üçün qorxur?
R – İnsanda qorxu yaradan çarəsizlik duyğusudu. Canını qurtaracağını bilsə, qorxmaz.
A – Yəni insan bilinməyəndən qorxur? Daha doğrusu insanı qorxudan əsl səbəb qeyri-müəyyənlikdi. Eləmi? Bayaq dediklərim yadındamı? Biz keçmişdən ibarətik. Gələcəkdə olacaqların hamısı əlli-əlliyədi. Yəni iki variant var: bir iş ya olacaq, ya da olmayacaq. Olacaqla, olmayacağın arasında qalanda insanın içini qorxu bürüyür.
R – Belə çıxır, insan hər şeyi axarına buraxsa, qorxmaz?
A – Məncə, hə.
R – Amma onda başqa hisslər də ölər. Əgər insan hər şeyə bu cür yanaşsa, həyatda heç bir həyəcan qalmaz. Sevməyi də, nifrət eləməyi də axarına buraxar. Şəxsən mən belə dünyada yaşamaq istəməzdim.
A – Çay içirsən?
R – Hə, süz. Mənə bax, sənin o pişiyin nə rəngdə idi?
A – Gözəl idi, üstü qara, sinəsi ağ. Nədi ki?
R – Yolu keçmək istəyən o balaca pişik səninki deyil?
A – Hansı?
R – Orda, parkın yanındakı yoldan keçib bura gəlmək istəyən.
A – Hə, ona oxşayır. Yəni o boyda yolu mənim dalımca gəlib? Hə, dəqiq odu. Burda olduğumu necə bildi heyvan?
R – Onu deyə bilmərəm, amma indi bir maşının altında qalacaq mavrı.
A – A pişik! Dayan, gəlmə! A pişik! Ay heyvan! Gəlmə, maşın vuracaq. Dayan!
R – Maşın da kordu nədi, hara sürür?
W – Dayan, pişik! Dayan, maşın! Dayanın!..