Kişi səkidə oturmuşdu. Oğlu isə ayaq üstə durmuşdu. Gün iki çinar boyu qalxmışdı, hava bürkü idi. Bir qədər aralıda iki qız uşağı baş-başa verib mehriban-mehriban oynayırdılar.
– Dedim bu gün Yavərin də oğlunu götürüb qəbiristanlığa gedərdik. Yasin oxutdurardıq, qəbrin üstündəki otu-ələfi yolub qayıdardıq. İlində də olmadın, – qaş-qabağını sallamış kişi incik-incik danışırdı. – Ruhu da şad olardı… Başdaşını da sən hazırlatdırandan sonra, usta yerinə tez qoydu: havalar da yaxşı keçdi, rəhmətliyin üzündəndi…
– Bilirsən… ora gedəndə yuxumu qarışdırıram. Keçən il iki dəfə getmişdim, inan şəhərdə xeyli özümə gəlmədim. Elə bil ölülərin zəhmi məni basır… İndi məni böyüdüblər, məsuliyyətim çoxalıb, gərəkdir ki, işdə diqqətli olasan. – Oğlan əlləri ilə boynundakı qalstuku düzəltdi, sonra sol əlini səliqə ilə daranmış saçında gəzdirdi, qaşlarını sığalladı:
– İki günlüyə icazə almışdım. Sabah işin üstündə olmalıyam. Çalışıb bu ilki məzuniyyətimi kənddə keçirəcəyəm.
Kişi oğlu ilə heç vaxt açıq danışmamışdı. Yəqin ki, o, bundan sonra da vəzifəli, adlı-sanlı oğlu ilə açıq danışmağa cəsarət etməyəcəkdi. Kəndə gec-gec gələndə həmişə işindən, çətinliklərdən danışır, vaxtın çatışmazlığından şikayətlənirdi.
Yadındadır, keçən il ərdə olan qızı qəflətən rəhmətə gedəndə o, bir gün gecikmişdi. Həyətə girəndə ağlayıb- sıtqamaqdan üzülmüş anasının ağılarını eşidəndə nədənsə susmuşdu. Oğlu gözlərindən bir damcı da yaş salmamışdı. Sonralar yaxın adamları bu haqda söhbət salanda o, pərt olmuşdu.
Kişi qabarlı əlləri ilə köhnə şalvarının çıxan ilmələrini dartışdırırdı:
– Yenə özün bilən məsləhətdi. – O, əllərini uşaqlara sarı uzatdı: – Onlara məhrəmlik göstərməsən, Allah günaha yazar. Özgəsi deyillər ha, öz bacın uşaqlarıdır. Allah köməyin olsun, əyin-başlarına baxırsan. Ancaq onlar səni hələ “dayı” kimi tanımırlar. Uşaqkən onların hafizəsində necə qalsan, böyüyəndə sənə o cürə baxacaqlar. Biz də bu dünyanı tutub durmayacağıq, kim bilir sabah nə olacaq…
– Səni başa düşürəm, dədə, həmişə soyuqluğuma, adama yovuşmazlığıma görə məni danlamısan.
– Sən dediklərimi ürəyinə vurma, bala, – dedi. – Xeyir və şər ömür boyu insana yoldaşdır. İndi bizimçün də belə yazılıbmış. İntəhası budur ki, uşaqnan uşaq dili ilə danışmaq çətin deyil. Vallah sənin şirin sözə, nəvazişə o qədər ehtiyacın olub ki…
Başa düşmürəm onlardan niyə qaçırsan?.. – Kişi xırda, qıyılmış gözlərini ona zillədi.
Oğlan əvvəlki təmkinini pozmamışdı:
– Açığını bilmək istəyirsənsə, deyə bilərəm: qız uşağından zəhləm gedir, hardasa lap onlardan qorxuram. İstəyirəm əlimi başlarına çəkim, üzlərindən öpüm, qucağıma götürüm – bacarmıram. – Oğlan əməlli-başlı səsini ucaltmışdı, qızlar qəribə təşvişlə əllərindəki “işi-gücü” atıb adı ilə qanadlandıqları yaraşıqlı dayılarına baxırdılar. – Mən bu cür adamam, özümü dəyişə bilmirəm. Həm də burda qeyri-adi bir şey də görmürəm. Mənim bədbəxtliyim ondadır ki, nəyim varsa, içimdə çəkirəm, büruzə vermirəm, məni başa düş, təqdirə layiq olmasa da belədir…
Oğlu dəsmal çıxarıb alnının, üz-gözünün tərini silirdi. Kişinin donuq nəzərləri ayaqlarındakı köhnə botinkada ilişib qalmışdı. Beyninin zoqqultusu artırdı və hiss edirdi ki, ürəyini qəribə bir boşluq çulğayır.
– Dediyim odur ki, gələcəkdə sən uzaq düşə bilərsən, – kişinin səsi xırıltılı çıxırdı, – özün fikirləş, bir də gələndə görəcəksən çoxlarımız yoxuq, yəni sənin tanıdığın, məhrəm bildiyin adamlar ya yoxdur, ya da seyrəlib. O zaman dərd-sərini bölməyə adam tapmayanda sənə ağır olacaq. İnsanlara isnişmək lazımdır, uşağına da, böyüyünə də, lap elə…
– Qəribə danışırsan. Mənim sərəncamımda üç yüz əlli adam var: cürbəcür xarakterli, müxtəlif dünyagörüşlü. – Oğlu qürurla, arxayın danışırdı. Ona elə gəldi ki, oğlunda ötkəmlik axırıncı vəzifəyə keçəndən sonra yaranıb.
Kişi siqaret yandırdı. Acı tüstünü hərisliklə ciyərlərinə çəkdi. Oğlunun ona yazığı gəldi:
– Yaxşı tərgizmişdin bu zəhirmarı, – oğlan tez coşduğu kimi, tez də soyumuşdu.
– Düşmədi bizə tərgitmək, bala, – dedi, ayağa durdu, bir-iki kərə öskürdü, siqaretdən son dəfə çəkib ayağının altına atdı, botinkası ilə əzdi. Hələ də gözlərini oynayan nəvələrindən çəkmirdi:
– Rəhmətlikdən üç ay qabaq atmışdım, ancaq nəsə hiss edirdim ki, heç yaxşılığa döyül. Elə bil ürəyimə dammışdı, elə də oldu. – O, danışmağa çətinlik çəkirdi. – İndi istəməsin, sənin xətrini çox istəyirdi. Demə dədəm ağzına gələni danışır, vallah, xeyirliyə deyirəm. Amma qoy deyim, son vaxtlar onlara baş çəkməyə yadırğamışdın, heç getmirdin, mən də məcbur etmirdim, səbəbini blmirəm. Yəqin xəbərin yoxdu, amma dolanışıqları pis deyildi, rəhmətlik özü zirək idi. Elə hey torpağnan əlləşirdi, yer də aldı qoynuna, yer apardı… – Kişi dərin ah çəkdi, nəzərlərini onunla üzbəüz dayanaraq başını aşağı dikmiş oğlunda saxladı. – Bir iş də var, sənə gənəşmək istəyirəm. Fikirləşəcəksən ki, dədəm yol üstündə qanqaraldan söhbətindən əl çəkmədi. Vallah dərd içərimdə qubar eləyir, danışdıqca yüngülləşirəm. Bilmirəm heç diqqət yetiribsən, yoxsa yox, böyük qız rəhmətliyin özüdür. Fikrim belədir ki, onu götürüb saxlayım, atası da narazı deyil. Evimizdə xırda uşaq yoxdur. – Kişi danışdıqca oğlan küt nəzərlərini hərdən onlara boylanan qızlardan çəkmirdi. İndi o, bir anlığa bacısının uşaqlığını, böyük qızla aralarındakı oxşarlığı xatirində canlandırmaq istədi, lakin bacara bilmədi.
O, qurumuş dodaqlarını dili ilə islatdı:
– Mən belə məsələlərin həllində acizəm. Sənin çıxartdığın nəticələrə həmişə həsəd aparmışam. Hər halda, bu yaşda uşaq qayğısına qalmağı asan hesab eləmirəm.
Bunun tərbiyəsi, dolanışığı…
Kişi ayaqqabısının ucu ilə heysiz-heysiz xırda daşları oynadırdı. İndi oğlu iə qabaq-qənşər dayansa da, başını qaldırıb üzünə baxa bilmirdi; qəlbinə ikrah hissin- dən daha çox, təəssüf və zənnindən doğan qüssə hakim kəsilmişdi. Elə bil oğlu onun sifətini görsəydi cəsarətsizliyin, gücsüzlüyün şahidi olardı. Yəqin kişi oğlunu heç vaxt tənbeh edə bilməyəcəkdi, üstünə bozara bilməyəcəkdi, ondakı biganəliyin, laqeydliyin səbəblərini açıqcasına araşdıra bilməyəcəkdi və oğlu heç zaman hansı qüvvənin bu hərəkətin qabağını kəsdiyini başa düşməyəcəkdi.
Oğlan, deyəsən, getməyə hazırlaşırdı. Kölgəlikdə dayanmış təptəzə maşının qabaq qapısı açıq idi. O, axırıncı dəfə hələ də yerində quruyub qalmış atasına tərəf dönüb mızıldandı:
– Mənə sözün, tapşırığın… – Kişi elə bil cana gəldi, bir müddət nəzərlərini oğlunun yaraşıqlı boy-buxununda gəzdirdi, lakin heç nə demədi.
Oğlan atasının tez-tez enib-qalxan ulqumuna, onun görkəminə baxıb nəyə görəsə uşaqlıq illərini, günah işlədəndə atasının qarşısında, indi atası necə dayanmışsa, eləcə dayandığını xatırladı və bu xatirə cəmisi bir neçə an çəkdi. Çünki indi onun xatirələrə dalmağa vaxtı yox idi, həm də xatirələr onun günah sahibi olduğuna gətirib çıxara bilərdi.
…Günün şüaları altında par-par parıldayan maşının arxasınca qızlar hövlnak qaçdılar, sonra ayaq saxladılar və maşın gözdən itənədək əl elədilər.