A+    A-

Ana, sənin ərin kimdi?.. (Fəxri Uğurlu)

– Ana, yenə ağlayırsan?

– Yox, mənim balam, soğan gözümü yandırır.

– Axı bayaq kitab oxuyanda da ağlayırdın…

– Hə, qadan alım, kitabda da soğandan yazılmışdı. Şeir yazmışdılar.

– Nə yazmışdılar?

– Soğan soya-soya ağlayan arvaddan yazmışdılar.

– Ana, soğan şeirdə də acı olur?

– Hə, canım-ciyərim, acı olur… O soğanı da bəri ver görüm…

– Bəs sən niyə acı şeir oxuyursan?

– Acı şeir adama xeyir eləyir. Bax, azarlı adam çoxlu soğan, istiot yesə, canı tərləyər, gözündən yaş gələr, tez sağalar… O bibəri mənə ver görüm…

– Üzün niyə tərlədi, ana, azarlamısan?

– Azarlamışam, mənim balam, çoxdan azarlamışam.

– Bax, Göyçək xala azarlayanda əri ona çoxlu dərman almışdı. Göyçək xala da o dərmanları içdi, içdi… sağaldı. Atam gələndə deyəcəm sənə çoxlu dərman alsın.

– Yox, demə, qadan alım.

– Niyə, pulu çatmaz?

– Pulu çatar ey, dərman tapılmaz.

– Niyə, bəs Göyçək xalanın əri…

– O mənim ərim deyil, canım-ciyərim, o sənin atandı.

– Bəs sənin ərin kimdi?

– Mənim ərim davaya gedib.

– Kimlə dalaşmağa gedib?

– Pis adamlarla.

– Bəs haçan qayıdacaq davadan?

– Daha qayıtmayacaq, mənim balam.

– Niyə, ölüb?

– Yox, ölməyib. Ölsəydi, yenə də ərim olardı.

– Yaralanıb?.. Əsir düşüb?..

– Yox, pis adamlarla dostlaşıb, qalıb onların yanında.

– Bəs sən onu pis adamların yanına niyə buraxdın?

– Onda mən özüm də pis adamların yanındaydım. O da məni pis adamlardan almağa gəlmişdi. Sonra pis adamlara qoşulub məni yaddan çıxartdı, özü də oldu pis adam… İstiot qabını mənə ver görüm…

– Ana, pis adam necə olur?

– Pis adam qorxulu olur, ölü kimi qorxulu olur.

– Pis adam ölü olur?

– Ölü olur, dərdin alım, ölü olur.

– Sənin ərin də pis adam olanda ölüb?

– Ölüb, mənim balam, ölüb.

– Ana, əri ölən arvada nə deyirlər?

– Dul deyirlər, mənim balam, dul.

– Könül xala, Sevil xala da duldu?

– Hə, onlar da duldular.

– Onların da əri onların əri deyil?

– Deyil, mənim balam, deyil… Duzu bəri ver…

– Ana, sənin ərin uzaqda olur?

– Hə, uzaqdadı, çox uzaqdadı.

– Ayrı şəhərdə?

– Yox, elə bizim şəhərdə.

– Atam onu tanıyır?

– Qabaqlar tanıyırdı.

– Atama deyəcəm sənin ərini döysün.

– Yox, demə, gözümün işığı.

– Niyə, qorxursan döyə bilməyə? Atam bilirsən ona neyləyər!..

– Bilirəm, qabaqlar döyüb onu. Dayın da bir yol döymüşdü… Bıçağı mənə ver görüm…

– Yaxşı eləyib döyüblər, o səni niyə atırdı?

– Onda hələ atmamışdı. Atanla dayın onu döyəndən sonra məni atdı, atıb ayrı şəhərə köçdü.

– O şəhərdə pis adamlar olurdu?

– Bilmirəm, tanımıram.

– Bəs demədin o, pis adamlara qoşulub?

– Yadında saxla, mənim balam, kim pis adamdan qorxursa, özü də pis adamdı. Pis adamlar hamısı bir-birinin dostudu.

– Sənin ərin mənim atamın dostudu?

– Dost nədi, dərdin alım, dostdan da artıqdılar. Onlar mənə neyləyiblərsə, bir yerdə eləyiblər, köməkləşib məni cavan yaşımda dul qoyublar. Heç dost dosta belə kömək eləməz. Pəncərəni aç, soğan gözümü çıxartdı…

– Sən ərini çox istəyirdin, ana?

– Mən onu Allah bilirdim, mənim balam.

– Allah necə olur, ana?

– Hamıdan gözəl, hamıdan güclü…

– Bəs onun atama gücü niyə çatmadı?

– Çünki o sənin atanla Allah kimi döyüşmədi.

– Allah yaxşı döyüşür?

– Yaxşı döyüşür, hamıdan yaxşı döyüşür.

– Allah adamı nəylə vurur?

– Özüylə vurur, gözümün işığı, özüylə.

– Bəs sənin ərin niyə Allah kimi döyüşmədi?

– Qorxdu, qadan alım, qorxaq çıxdı. Qorxan adamdan Allah olmaz. – Niyə, qorxaq adamın gücü olmur?

– Olur, qorxağın da gücü olur. Ancaq ona gücü Allah vermir, şeytan verir.

– Şeytan da güclü olur?

– Hə, güclü olur.

– Gözəl də?

– Yox, gözəl olmur, mənim  balam.

– Bəs şeytan kimə oxşayır?

– Pis adamlara, qorxaqlara.

– Qorxaq gözəl olmur, ana?

– Yox, gözümün işığı, qorxaq gözəl olmaz.

– Sənin ərin gözəl deyil?

– Yox, daha gözəl deyil, uçuq daxmaya oxşayır. Bir azdan özü öz başına uçacaq.

– Bəs sənin ərin olanda gözəl deyildi?

– Gözəlidi, Allah kimi gözəlidi.

– Ana, sən Allahı sevirdin?

– Allahı, mənim balam, Allahı sevirdim.

– Allah da səni sevirdi?

– Sevirdi, canım-gözüm, çox sevirdi.

– Sizin toyunuz harda olmuşdu?

– Göydə olmuşdu, mənim balam… O göyü mənə ver görüm…

– Bəs göydən necə düşdünüz?

– Düşmədik, dərdin alım, bizi göydən saldılar.

– Kim saldı sizi göydən?

– Atan, dayın, nənələrin, babaların…

– Ərin də düşdü göydən?

– Hə, o da düşdü.

– Allah göydə qaldı?

– Yox, Allah boğuldu.

– Suda boğuldu?

– Yox, tüstüdə boğuldu. Şeytan ərimin içində ocaq qaladı, Allah da həmən ocağın tüstüsündə boğuldu.

– Öldü?

– Yox, yatdı.

– Allah yatanda nə olur, ana?

– Adam allahsız olur, mənim balam.

– Sən allahsızsan?

– Bilmirəm. Mən Allahı yenə sevirəm, ancaq o məni daha sevmir, boşayıb məni.

– Allah adamı sevməyəndə adam nə olur?

– Yetim olur, mənim balam, dul olur… O sarımsağı yaxına gətir…

– Ana, atamla sənin toyun da göydə olmuşdu?

– Yox, qadan alım, yerdə olmuşdu. Dayının toyu olan saray var ha, bax orda…

– Bəs siz niyə toyunuzu göydə eləmədiniz?

– Sənin atan göydən qorxur, canım-gözüm. Görmürsən balkonumuzdan aşağı baxanda gözü qaralır?

– Bəs siz məni toyunuza niyə aparmamışdız?

– Onda sən hələ dünyada yoxudun, mənim balam, biz səni yer üzünə hələ gətirməmişdik.

– Bəs siz məni hardan gətirmisiz, ana?

– Biz səni göydən salmışıq.

– Göydən?

– Hə. Atan quş vuranda görmüsən?.. Bax, səni də quş kimi vurub göydən salmışıq.

– Mən sizə neyləmişdim?

– Heç nə. Biz sənin uçmağına baxdıq, baxdıq… xoşumuza gəldin, istədik səni gətirib evimizdə saxlayaq. Sən axı göydə üşüyərdin, sənə soyuq olardı… Soyuducunu aç görüm…

– Yalan danışma, quşlar göydə üşümür. Soyuq olanda da isti ölkəyə uçurlar… Mən yenə göyə qayıda bilərəm?

– Qayıdarsan, inşallah, yüz yaşa çatandan sonra sağlıqla qayıdarsan…

– Yüz yaşıma kimi uça bilməyəcəm? Mən indi uçmaq istəyirəm!

– İndi buralar soyuqdu, mənim balam, uçsan, gərək isti yerlərə uçasan. İsti yerin adamları ac olur, çatan kimi səni ovlayıb bişirib yeyəcəklər.

– Mən adamlardan uzaq yerə uçaram.

– İndi adamlardan uzaq bir yer qalmayıb, hər yerə güllə çatır, canım-gözüm…  Aşsüzəni mənə ver…

– Ana, sən göydə olanda mən də göydəydim?

– Hə, ikimiz də göydəydik.

– Bəs sən məni göydəki toyuna niyə çağırmadın?

– Ana balasıyla göydə görüşə bilməz, qadan alım, görüşmək istəsələr, gərək yerə düşsünlər. Bax, mən səni görmək istədim, ona görə də göydən yendim…

– Yalan danışma, mənə görə yenməmisən, səni göydən döyə-döyə düşürdüblər!

– Hə, qabaqca döyə-döyə düşürtdülər, sonra səni gördüm, daha göyə qayıtmaq istəmədim. Göydə mənim balam kim olardı?..

– Yalan danışma, sən göydən düşəndə mən yerdə deyildim. Məni siz göydən salmısız – atamla sən. Elə bilirsən bilmirəm?

– Sən göydən özün gəlmisən, mənim  balam, atanla mən sənə qəfəs düzəltmişik. Gör səni nə gözəl bəzəmişik! Kimin belə gözəl balası var!..

– Mən qəfəsdə qalmaq istəmirəm, sizin balanız olmaq istəmirəm!

– Atanın da yanında deyərsən, səndən küsər. Biz səni hamıdan çox istəyirik, heç kim səni bizdən artıq istəyə bilməz. Hamı balasını özündən çox istəyir.

– Nənəmlə babam da səni çox istəyir?

– Bəs nə, mən də onların balasıyam axı.

– Yalan deyirsən, istəsəydilər, səni göydən düşürtməzdilər. Siz də məni çox istəmirsiz, məni tutub qəfəsə salmısız.

– Bəs mən səni necə görəydim, üzünə necə baxaydım, mənim balam?.. Ordan bir soğan da ver.

– Yenə ağlayacaqsan?.. Məni görmək istəyirdin, göyə baxaydın, daha niyə vurub yerə salırdınız? Mən atamın quş atmağını görmüşəm. Yazıq quşlar yerə elə pis dəyirdilər, burunlarından qan açılırdı…

– Yox, gözümün işığı, biz səni yerə düşməyə qoymadıq. Sənə torpaqdan isti, yumşaq beşik düzəltdik, elə göydəcə tutduq səni…

– Yalan deyirsən! Bilirəm, o məni vurub göydən salıb, sən də götürüb atmısan öz torbana. Atam bizi ova aparanda da belə eləyirdin.

– Bibər də ver, mənim balam…

– Heç olmasa məni tək tutub gətirəydin, yoxsa atamla hər gün üstümdə dava salırsız.

– Pis işi təkbaşına görmək olmur, qadan alım, yaxşı işə baxma. Bax, mənim ərim məni sevəndə təkcə sevirdi. Elə ki sənin atanla qarşılaşdı, bu ona, o buna qoşuldu, ikisi də məni sevməkdən əl çəkdi…

– Ana, sənin ərin sənin ərin olsaydı, mən yenə sənin balan olardım?

– Yox, mənim balam, onda mən sənə yerdən göyə baxardım.

– Atamın da balası olmazdım?

– Atan da səni tutmaq üçün isti ölkələrə gedərdi… Aralı dur, yanarsan…

– Ana, sənin ərinin də balası var?

– Var, mənim balam, onun da balası var.

– Arvadı da?

– Arvadı da var.

– Gözəldi?

– Yox, qadan alım, eybəcərin biridi, üzünə baxanda adamın ürəyi bulanır.

– Pis adamdı, ona görə?

– Bilmirəm.

– Bəs o niyə eybəcər arvad alıb?

– Eybəcər qız istəyən oğlanı döymürlər.

– Sənin ərin ondan iyrənir?

– Sən mənim torbamda olanda mən atandan iyrənirdim. Boylu qadınlarda belə şey olur. Gözümün qabağına gətirirəm arvadı ondan necə iyrənirmiş…

– Qapı döyülür.

– Atandı, get aç.

– Birdən sənin ərin oldu?

– O bura gəlməz, heç vaxt gəlməz.

– Birdən gəldi?

– Gəlsə də, atanın yanına gələr. Mən onu çoxdandı gözləmirəm.

– Onda mən qapını açmıram.

– Atan qapını qıracaq! Tanımırsan onu?

– Qırar da qırsın. Mən açmayacam!

– Onda mənə bir soğan ver.

– Yenə ağlamaq istəyirsən?.. Soğan qurtardı.

– Bibər ver…

– Bibər də qurtardı.

– Onda get kitabı gətir…